AZ

ABŞ və rus orduları Ermənistanda üz-üzə - Qafqaza TƏHLÜKƏ

Sabiq xarici işlər naziri Tofiq Zülfiqarov Avropa İttifaqının Ermənistanda yeni missiya yerləşdirmək qərarını şərh edib.

“Qəribə qonşularımız var. Yürütdükləri siyasət ona gətirib çıxarıb ki, onların ərazisində iki Aİ missiyası var. Sərhədlərinin bir hissəsini Rusiya FTX-nin (FSB) sərhədçiləri qoruyur. Gümrüdə Rusiya bazası və Zvartnotsda Rusiya Aerokosmik Qüvvələrinin bazası yerləşdirilib.

Birgə erməni-rus qoşun qruplaşması fəaliyyət göstərir. Ermənistanın hava məkanı birgə erməni-rus Hava Hücumundan Müdafiə (HHM) sistemi tərəfindən qorunur və Moskva ətrafındakı mərkəzdən idarə olunur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır". T. Zülfüqarov bildirib ki, ABŞ-nin İrəvandakı səfirliyinin ərazisində 1500-dən çox ABŞ hərbçisi var. Üstəlik, TRIPP layihəsinin icrası zamanı nəqliyyat dəhlizinin fəaliyyətinin təhlükəsizliyini təmin etmək üçün xarici qüvvələr yerləşdiriləcək.Sual yaranır: Azərbaycanın etdiyi kimi, sülhsevər siyasət yürütmək və sərhədlər boyu mehriban qonşuluq münasibətləri qurmaq daha yaxşı deyilmi? Niyə Ermənistanda, xüsusən də azərbaycanlı sakinlərin qovulmasından sonra zəbt edilmiş rayonlarda ölkənin sürətli depopulyasiyası (əhalinin azalması) davam edir? Niyə "öz ölkəsini müdafiə etmək" üçün bu qədər xarici qüvvəni dəvət etmək lazımdır?

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a dedi ki, Cənubi Qafqaz regionunda baş verən siyasi proseslər son illərdə yeni mərhələyə qədəm qoyub:

“Xüsusilə, Ermənistan Respublikasının xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər diqqəti cəlb edir. Ölkə bir tərəfdən Avropa İttifaqı və ABŞ ilə münasibətləri genişləndirməyə çalışır, digər tərəfdən isə uzun illər formalaşmış Rusiya ilə siyasi, iqtisadi və hərbi bağlılığını tam şəkildə aradan qaldıra bilmir. Bu vəziyyət Ermənistanın xarici siyasətində balans axtarışının davam etdiyini göstərir. Mövcud siyasi reallıqlar onu deməyə əsas verir ki, Ermənistanın Qərbə inteqrasiya cəhdləri daha çox iqtisadi və institusional inkişaf məqsədləri daşıyır. Bu proses çərçivəsində ölkə daxili resursların yenidən qurulmasına, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və beynəlxalq maliyyə axınlarının cəlb edilməsinə çalışır. Lakin bu istiqamətdə atılan addımların hələlik tam və geri dönməz xarakter daşıdığı söylənilə bilməz. Çünki Ermənistanın təhlükəsizlik arxitekturasında Rusiyanın rolu hələ də mühüm olaraq qalır. Siyasi elita daxilində də bu məsələyə yanaşma birmənalı deyil. Bir qrup Qərblə daha sıx inteqrasiyanı prioritet hesab etdiyi halda, digər qrup Rusiyanın regiondakı təsir imkanlarının hələ uzun müddət davam edəcəyini düşünür. Bu baxımdan, Nikol Paşinyan hökumətinin apardığı siyasət müəyyən transformasiya cəhdləri kimi qiymətləndirilə bilər, lakin bu transformasiyanın nəticələri hələ də qeyri-müəyyən olaraq qalır".

Ekspert dedi ki, regionda davam edən geosiyasi rəqabət fonunda revanşist meyllərin yenidən aktuallaşması ehtimalı da istisna edilmir:

"Bu isə öz növbəsində Azərbaycan üçün təhlükəsizlik məsələlərinin daim prioritet olaraq qalmasını şərtləndirir. Azərbaycan bu şəraitdə həm hərbi potensialını gücləndirməli, həm də diplomatik müstəvidə çevik və praqmatik siyasət yürütməlidir. Sülh müqaviləsinin perspektivlərinə gəldikdə isə, bu proses yalnız hərbi aspektlərlə məhdudlaşmamalıdır. Dayanıqlı sülhün təmin olunması üçün qarşılıqlı etimadın formalaşdırılması, beynəlxalq hüquq normalarına riayət edilməsi və şəffaf mexanizmlərin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Əks halda, əldə olunacaq razılaşmaların uzunmüddətli sabitlik yaratmaq imkanları məhdud qala bilər. Məhz buna görə Ermənistanın bu cür davranışları və müxtəlif hərbi missiyalara öz ərazisində yer verilməsinə sərt münasibət göstərmək lazımdır. Ermənistan niyə ərazilərini boşaldır? Çünki bilir ki, öz ərazi resursu ilə özünü qoruya bilməz. Çalışır hərbi imkanlarını şaxələndirsin. Belə bir vəziyyətdə Ermənistanın bu fəaliyyətinin də qarşısı gərək alınsın. Ermənilər hücum silahlarına və xarici sistemlərə malik olmalı deyildir”.

Cavanşir ABBASLI,
Musavat.com

Seçilən
78
musavat.com

1Mənbələr