"Artıq bələdiyyələrdən gözlənti yalnız mövcud olmaq deyil, peşəkar və şəffaf fəaliyyət göstərməkdir. Müasir mərhələdə bələdiyyələrin fəaliyyəti daha çox nəticəyönümlülük, hesabatlılıq və yerli ehtiyaclara çevik cavab vermək meyarları ilə qiymətləndirilir".
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən konfransda çıxışı zamanı Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov deyib.
O bildirib ki, bu prosesdə Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr qoyulub:
"Nazirlik tərəfindən mütəmadi olaraq yerli özünüidarəetmə sahəsində qanunçuluğun təmini məqsədilə bələdiyyə fəaliyyətində rast gəlinən qanun pozuntuları, o cümlədən onları yaradan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində təhlillər edilir, ümumiləşdirmələr aparılır və nəticələrinə uyğun olaraq bələdiyyələrlə metodoloji iş təşkil olunur, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi üçün müvafiq qanun layihələri hazırlanır. Burada əsas məqsəd bələdiyyələrin hüquqi cəhətdən düzgün fəaliyyət göstərməsinə yardım etmək, yerli idarəetmədə qanunçuluğu, şəffaflığı və peşəkarlığı möhkəmləndirməkdir. Ötən il bələdiyyələrin birləşməsi və bələdiyyə seçkilərinin keçirilməsi ilə yerli özünüidarəetmə sahəsində inkişafın yeni mərhələsinə start verilib. Bu islahatların davamı olaraq cari ildə də onların daha dayanıqlı, səmərəli və geniş imkanlara malik model əsasında formalaşdırılmasına yönələn tədbirlər görülməkdədir".
İdarə rəisi qeyd edib ki, Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə bələdiyyə büdcələrinin icrası barədə məlumatına əsasən, görülmüş ardıcıl tədbirlərin nəticəsində ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 3.3 milyon manata (5.2%) yaxın artaraq 65.6 milyon manatı keçib:
"Bakı bələdiyyələri üzrə gəlirlər əvvəlki illə müqayisədə 16.4% artaraq 23 milyon manatı ötüb. Bundan başqa, bələdiyyələrin fəaliyyətində rəqəmsal imkanların genişləndirilməsi istiqamətində də addımlar atılıb".
E.Həsənov vurğulayıb ki, bələdiyyələr ilk növbədə öz ərazilərinə məsuliyyət hissi ilə yanaşmalıdırlar: "Yerli özünüidarəetmə orqanı olaraq onlar əraziyə sadəcə idarə olunan resurs kimi deyil, formalaşdırılan və qorunan yaşayış məkanı kimi baxmalıdırlar. Bu yanaşma olduqca vacibdir. Çünki düzgün planlaşdırılmayan ərazi gələcəkdə həm hüquqi, həm sosial, həm də infrastruktur problemləri yaradır. Bu baxımdan, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bələdiyyələr tərəfindən abadlıq və yaşayış mühitinin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilməlidir. Buraya küçələrin, məhəllələrin, ictimai istifadə yerlərinin vəziyyəti, yaşıllaşdırma işləri, ümumi görünüşün yaxşılaşdırılması, yerli əhəmiyyətli infrastrukturun dəstəklənməsi kimi məsələlər daxildir. Bələdiyyələrin fəaliyyəti insanların gündəlik həyatında hiss olunmalıdır. Şəffaflıq gücləndirilməlidir. Xüsusilə qərarların qəbulu, maliyyə və əmlak məsələləri üzrə açıq və aydın idarəetmə təmin edilməlidir. Bu, həm hüquqi risklərin azalmasına, həm də vətəndaş etimadının artmasına xidmət edir".
Mürtəza