AZ

Gömrükdə milyonluq uyğunsuzluqlar - audit nələri üzə çıxardı?

Dövlət qurumlarında maliyyə intizamı ilə bağlı narahatlıqlar davam edir. Hesablama Palatasının son hesabatı göstərir ki, Dövlət Gömrük Komitəsinin fəaliyyətində bir sıra ciddi nöqsanlar mövcuddur...

Audit yoxlamaları 2023–2025-ci illəri əhatə edib və bu dövr ərzində Komitənin maliyyə dövriyyəsi kifayət qədər böyük olub. Belə ki, daxilolmalar yüz milyonlarla manatla ölçülsə də, xərclərin strukturu və idarə olunması ilə bağlı suallar ortaya çıxıb.

Araşdırma zamanı məlum olub ki, bəzi vəsaitlər təyinatı üzrə yönləndirilməyib. Dövlət büdcəsinə köçürülməli olan vəsaitlərin müəyyən hissəsinin başqa hesabda saxlanılması maliyyə intizamının pozulması kimi qiymətləndirilir. Eyni zamanda, inzibati cərimələrin uçotu və gömrük ödənişlərinin hesablanması sahəsində də boşluqlar aşkarlanıb.

Diqqət çəkən məqamlardan biri də sosial öhdəliklərin tam yerinə yetirilməməsidir. Belə ki, müəyyən məbləğdə işsizlikdən sığorta haqlarının tutulmaması və büdcəyə ödənilməməsi faktı qeydə alınıb. Audit həmçinin göstərib ki, bəzi hallarda gömrük prosedurları tam yekunlaşdırılmayıb. Bu isə dövlət büdcəsinə daxilolmaların azalmasına səbəb ola biləcək ciddi risklər yaradır.

Ən çox sual doğuran istiqamətlərdən biri isə tikinti layihələri ilə bağlıdır. Yeni inzibati binanın inşası zamanı ayrılan milyonlarla vəsaitin maliyyə sənədlərində tam əks etdirilməməsi və bəzi müqavilələrdə qiymətlərin şişirdilməsi ehtimalı ciddi araşdırma mövzusu kimi önə çıxır.

Bununla yanaşı, mühasibat uçotu sistemində də problemlər üzə çıxıb. Məlumatların proqram təminatına tam daxil edilməməsi, aktivlərin vaxtında inventarizasiyasının aparılmaması və bəzi hesablar üzrə vəsait hərəkətinin sənədlərdə əks olunmaması idarəetmədə sistemli çatışmazlıqlardan xəbər verir. Hesabatlarda gələcək dövrlərə aid xərclərin düzgün uçota alınmaması və bəzi maliyyə göstəricilərinin təhrif olunması da qeyd olunan nöqsanlar sırasındadır.

Audit nəticəsində müəyyən vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, digər hissəsi isə uçota bərpa edilib. Lakin bu faktlar problemin yalnız bir hissəsinin üzə çıxdığını deməyə əsas verir. Bütün bu suallar fonunda əsas məsələ açıq qalır: məsul şəxslər bu nöqsanlara görə hansı addımları atacaq və ictimaiyyətə hansı izahat veriləcək? (bizimesr.com)

Poliqon.info

Seçilən
96
poliqon.info

1Mənbələr