
Afrika qitəsi nəhəng kənd təsərrüfatı torpaqları və zəngin mədən yataqları ilə dünya iqtisadiyyatının diqqət mərkəzində olsa da, "Mavi Qitə" adlandırılan dəniz ehtiyatları üzərindəki xarici təzyiqlər getdikcə dərinləşir.
AFN.az xəbər verir ki, qitənin geniş dəniz rezervləri qaçaq və qeyri-qanuni balıqçılıq fəaliyyətləri səbəbindən hər il milyardlarla dollar iqtisadi itkiyə məruz qalır. Təxminən 30 min kilometrlik sahil xəttinə malik olan Afrika, zəngin balıq ehtiyatlarına baxmayaraq, qeyri-qanuni balıqçılıq nəticəsində hər il 7-11 milyard dollar gəlirdən məhrum olur.
Qərbi Afrika sahilləri okean axıntılarının təsiri ilə dünyanın ən məhsuldar zonalarından biri hesab olunur. Mavritaniyadan Namibiyaya qədər uzanan xətt qlobal balıq tədarükündə mühüm yer tutsa da, məhsulların böyük hissəsi yerli istehlak əvəzinə beynəlxalq bazarlar üçün balıq unu və yağı istehsalına yönəldilir. Bu vəziyyət gündəlik zülal ehtiyacını balıqdan qarşılayan təxminən 200 milyon insanın qida təminatına ciddi risk yaradır.
Afrika sularında qeyri-qanuni fəaliyyət göstərən donanmaların başında Çin, Avropa və digər Asiya ölkələrinə məxsus uzaq dəniz donanmaları dayanır. Beynəlxalq monitorinq hesabatlarına görə, yüzlərlə gəmidən ibarət Çin donanması lisenziya qaydalarını pozaraq ən geniş fəaliyyət coğrafiyasına malikdir. Avropa Birliyi ölkələri, xüsusilə İspaniya və Fransa isə rəsmi razılaşmalar çərçivəsində fəaliyyət göstərsələr də, bu müqavilələrin şəffaflığı mütəmadi olaraq tənqid olunur.
Cənubi Koreya, Tayvan və Yaponiya kimi ölkələrin donanmalarının da regionda nəzarət zəifliyindən istifadə edərək qeyri-rəsmi üsullara əl atdıqları beynəlxalq hesabatlarda öz əksini tapıb.