Almaniyanın məşhur şokolad istehsalçısı "Ritter Sport", ötən ilin zəif maliyyə göstəricilərindən sonra 110 illik fəaliyyəti dövründə ilk dəfə iş yerlərini ixtisar etmək qərarına gəlib.
Ölkə.Az xəbər verir ki, bu barədə "dpa" agentliyi məlumat yayıb. İxtisarların şirkətin Ştutqart yaxınlığındakı baş qərargahını əhatə edəcəyi bildirilir. Məlumata görə, inzibati bölmələrdəki vəzifələrin təxminən 10 faizinin (təqribən 70 iş yeri) ləğv edilməsi planlaşdırılır.
Şirkət rəhbərliyi bu addımı xammalın, xüsusilə kakaonun qiymətinin kəskin artması, həmçinin enerji və qablaşdırma materiallarının bahalaşması ilə əlaqələndirib. Digər tərəfdən, dünya bazarında istehlakçı tələbatının azalması da şirkətin maliyyə vəziyyətinə mənfi təsir göstərib.
Qeyd edək ki, 2025-ci ildə "Ritter Sport"un dövriyyəsi 17,7 faiz artaraq 712 milyon avroya çatsa da, şirkət ili zərərlə başa vurub. Gəlirlərin artması satış həcminin yüksəlməsi hesabına deyil, məhsul qiymətlərinin məcburi artırılması nəticəsində baş verib.
Hazırda dünya üzrə 1900 işçisi olan şirkətin təxminən 1000 əməkdaşı Almaniyanın Valdenbux şəhərindəki mərkəzi ofisində fəaliyyət göstərir.