AZ

Parlaq həyatların pərdəarxası Əslində nə baş verir?

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Ekranda parlayan lüks həyatlar, bir gecədə varlanan gənclər və hər addımı qələbə kimi təqdim olunan "uğur hekayələri" əslində göründüyü qədər rəvan deyil. Çox vaxt sosial şəbəkələrin pərdəarxasında qalan reallıqlar insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən psixoloq Məryəm Tarverdiyeva bildirib ki, əgər uğur hekayələrindən və motivasiya kurslarından bəhs ediriksə, burada əsas məqam ondan ibarətdir ki, həyatımızın bütün sahələrində motivasiyamız daim yüksək olmur və heç bir uğur hekayəsi yalnız uğurlu addımlardan ibarət deyil. "Hər uğurun arxasında böhranların idarə olunması, risklərin qəbul edilməsi, təkrarlanan uğursuzluqlar və səhvlərdən çıxarılan dərslər dayanır. Uğur hekayələrinin görünən tərəfi ilə yanaşı, görünməyən tərəfdə böyük zəhmət, özünü inkişaf etdirmə və davamlı çalışma dayanır ki, bu da nəticədə uğura aparan əsas amillərdən biridir. Bu səbəbdən motivasiya mövzularına yanaşarkən diqqətli olmaq vacibdir. Uğur hekayəsi təqdim edilərkən yalnız nəticə deyil, həmin nəticəyə gedən yol da açıq şəkildə göstərilməlidir. İnsanlar bilməlidir ki, bu uğur hansı çətinliklərdən keçərək əldə olunub. Qarşılaşılan problemlər, verilən qərarlar, emosiyaların idarə olunması və çətin situasiyalardan çıxış yolları bu hekayələrin ayrılmaz hissəsidir. Bunun əsasında isə özünü tanımaq dayanır. Uğurlu insanlar güclü və zəif tərəflərini dərk edir və məhz bu bilik üzərində inkişaf edirlər. İnsan özünü nə qədər yaxşı tanıyarsa, bir o qədər uğur qazana və bu uğuru davamlı şəkildə qoruya bilər".Psixoloq bildirib ki, uğur hekayələri yalnız nəticədən ibarət deyil. "Uğur bir günə əldə edilmir, bəzən aylarla, bəzən illərlə davam edən uğursuzluqlardan sonra formalaşır. Lakin onu qorumaq daha uzunmüddətli prosesdir. Bu səbəbdən əldə olunan uğurun davamlılığını təmin etmək üçün yeni ideyalar, düzgün idarəetmə və nəzarət mexanizmləri vacibdir. İnsanlar yalnız uğura fokuslanmaq əvəzinə, ilk növbədə özlərini tanımağa və psixoloji dayanıqlılıqlarını artırmağa çalışmalıdırlar. Beynin təşvişdən uzaqlaşdırılması, sakitlik və daxili balansın təmin edilməsi bu prosesdə mühüm rol oynayır. Hazır olmaq passivlik deyil, əksinə, psixoloji və fiziki baxımdan öz üzərində işləməkdir. Sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik və emosiyaların idarə olunması bu hazırlığın əsas komponentləridir. Uğurlu insanlar böhranları çöküş kimi deyil, fürsət kimi qiymətləndirirlər. Onlar qarşılaşdıqları çətinliklərdə çıxış yolu axtarır və vəziyyətdən nəticə çıxarmağa çalışırlar. Uğura gedən yolun mahiyyəti nəticədən daha çox prosesdən zövq almaqda və bu yolu şüurlu şəkildə qurmaqda gizlidir. İnsan da bir anda formalaşmır, zamanla inkişaf edir, möhkəmlənir və həm psixoloji, həm də fizioloji baxımdan güclənir. Buna görə də əsas diqqət öz üzərində işləməyə yönəlməlidir. Psixoloji sağlamlıq baxımından təşviş və həddindən artıq düşüncə hallarını idarə etməyi öyrənmək vacibdir. Bu məqsədlə psixoloq dəstəyi almaq, gündəlik yazmaq, meditasiya ilə məşğul olmaq və sağlam sosial mühitdə olmaq faydalıdır".Onun sözlərinə görə, uğurlu və motivasiyalı olmaq üçün cəsarət əsas şərtlərdən biridir. "Çünki uğur və motivasiya daha çox cəsarətli insanlara məxsusdur. İnsan öz həyatının məsuliyyətini üzərinə götürməli, başqalarının fikirlərindən asılı qalmadan öz hədəflərinə doğru irəliləməlidir. Uğursuzluqların olması təbiidir; bəzən nəticə ilk cəhdlərdə əldə olunmur, lakin davamlı cəhdlər sonda uğura gətirib çıxara bilər. Əgər bir arzu insanı incidir və ya başqalarının gözləntilərinə əsaslanırsa, onun arxasınca getmək doğru deyil. Lakin insanı öz həqiqi mənliyinə aparan, həyat məqsədini hiss etdirən arzular uğrunda mübarizə aparmağa dəyər. Heç bir yol əslində çətin deyil; onu çətinləşdirən insanın düşüncə tərzidir. Əsas məsələ daha çox cəhd etmək və bu yolda özünə yol açmaqdır".Qısası, sosial mediadakı parlaq uğur hekayələrinə kor-koranə inanmaq əvəzinə, hər bir nailiyyətin arxasında böyük zəhmət və çətinliklərin olduğunu dərk etmək, əsas diqqəti psixoloji hazırlığa və özünü tanımağa yönəltmək lazımdır.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
89
demokrat.az

1Mənbələr