AZ

Daşkəsən rayonunda “AzerGold” QSC və RİİB-in birgə təşəbbüsü ilə genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib  

 “AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin (RİİB)  birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon ərazisində silsilə ağacəkmə aksiyaları həyata keçirilib. Aksiyalar “AzerGold” QSC və RİİB-in fəaliyyətinin 10 illiyi çərçivəsində, 22 aprel Beynəlxalq Yer Günü münasibətilə təşkil olunub.

“AzerGold” QSC-nin məlumatına görə, aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə verməkdir. Tədbirdə səhmdar cəmiyyətinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri, RİİB-in üzvləri və könüllülər fəal iştirak ediblər.

Aksiyanın ilk günündə “Çovdar” qızıl mədəninin ətrafında 1,5 hektar sahədə yerli iqlim şəraitinə uyğun 1400-dən çox vələs tingi əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib. İkinci gün isə Daşkəsən Şəhidlər Xiyabanının ətrafında 300 ədəd həmişəyaşıl şam ağacı torpağa basdırılıb. Bundan əlavə şəhərin müxtəlif ərazilərində 1000-dən artıq ağac tingi əkilərək yaşıllıq sahələri genişləndirilib.

Həyata keçirilən bu cür davamlı təşəbbüslər regionlarda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, biomüxtəlifliyin qorunmasına və yaşıllıq zonalarının genişləndirilməsinə xidmət edir. “AzerGold” QSC və RİİB tərəfindən gələcəkdə də ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrin davam etdirilməsi planlaşdırılır. Cari il ərzində “AzerGold” QSC-nin 10 illiyi çərçivəsində Daşkəsən və Göygöl rayonlarında ümumilikdə 10 000 ağacın əkilməsi nəzərdə tutulur.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
51
12
azerbaijan-news.az

10Mənbələr