AZ

Professor Fəqan Əliyevin yeni kitabı

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu günlərdə Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, Birləşmiş Oksford Akademiyasının fəxri professoru, texnika elmləri doktoru Fəqan Əliyevin "Tanrıma sığınıram" adlı kitabı çapdan çıxıb.

Kitabın əsas qayəsi budur: insan övladı qürurlu, daxilən sadə, görünüşcə möhtəşəm olmalı, heç kəsin haqqına girməməli, lovğalıqdan və təkəbbürdən uzaq durmalı, həyatın məzmununu əməksevərlik, xeyirxahlıq, yaradıcılıq, mərhəmət təşkil etməldir.

Təbiət nə yaradıbsa, eybsizdir. Dünya nizamının pozulması insan fəaliyyətinin nəticəsidir. Atmosfer havasına, torpağa, sulara (dənizlərə, okeanlara, çaylara) atılan tullantılar, çirklənmə, zəhərlənmə bəşəriyyətin başının bəlasıdır. Dünyanı idarə edənlər və qurumlar istənilən səviyyədə idarə gücünə malik deyil. Təəssüf ki, ən mühüm və vacib məsələlərin həllində acizlik nümayiş olunur.

Oxuculara təqdim olunan bu kitabda müəllifin bir-birindən maraqlı və müxtəlif mövzulu yazıları - "Azərbaycanın şanlı bayram günü", "Şəhidlərimiz unudulmamalıdır", "Mənim Qarabağ Narahatlığım", "Ağrılı və acılı zəmanəmiz", "Mənim elim, obam, məhəlləm və universitetim", "Görə bildiklərim və görə bilmədiklərim", "Xoşbəxtliyin yolu düzgünlük və dürüstlükdür. Bədbəxtçilik isə yalançılıq və əyrilikdir", "Zamanı dəyişən sürətdir. Zamanın yiyəsi Uca Tanrıdır", "Kiçik xalqın böyük alimi olmaqdansa, böyük xalqın kiçik alimi olasan", "Qarabağın inkişaf proqramı", "Gələcək ümidlərimiz", "Vətənin qədrini bilək", "Yerdə mərhəmət olsa, göydən mərhəmət kəsilməz", "Nizami Gəncəvi xalqımızın gerbidir", "Dəyişən insanlar və dəyişməyən əxlaq", "Biganəlik", "Dünyanı elm xilas edəcək", "Özümüzü dərk edək", "Xocalı bəşəriyyətə utanc verən bir tragediyadır", "Heç kimdən uman, küsən yerimiz yox", "Mədəniyyətimiz tərbiyəmizdir", "Yaxşı olmaq üçün güclü olmaq lazımdır" kimi hekayə və məqalələri yer alır.

"Şəhidlərımız unudulmamalıdır" adlı məqalədə müəllif qeyd edir ki, qəhrəman şəhidlərimiz yaddaşlardan heç vaxt silinməməli və daim ehtiramla yad edilməlidirlər. Onlar xalqımızın şanlı, qanlı və qürurlu tarixidirlər.

Müəllif məqalələrdən birində qeyd edir ki, elmin, informasiya texnologiyalarının inkişafı 3-cü minilliyin başlanğıcında yeni bir mənzərə yaradıb. Bəşəriyyətin inkişaf tarixi dünyanı idarə edən padşahlar, əmirlər, krallar, sultanlar və prezidentlərlə yanaşı, yaradıcılar, yazılar, şairlər, mütərəqqi fikirli şəxsiyyətlər, iş adamları, müasir texnologiya qurucuları, insan xəstəliklərini müalicə edə həkimlər görüb.

Kitabdakı "Ulu babamız Nizami Gəncəviyə məktubum" adlı yazı xüsusilə diqqət çəkir. Müəllif yazır ki, böyük Nizaminin şərəfinə nə qədər heykəllər ucaldılsa da, təəssüf ki, bütün bunlar onun zəngin yaradıcılığını öyrənmək, dərk etmək, cəhalət yarasını sağaltmaq üçün kifayət deyil: "Nizami irsini tədqiqatlar aparmaqla öyrənməliyik. Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş sənət əsərləri vardır. Təəssüf olsun ki, Nizaminin davamçıları olmuş Füzuli, Nəsimi, Xaqani, Nəsrəddin Tusi kimi söz nəhəglərimiz belə xalqımız tərəfindən kütləviliklə öyrənilmir. Ulu babamız, bizlərdən inciməyə böyük haqqın var. Ancaq bilirəm, babalar balalarından incimir, küsmür. Sevgili Babamız, Allah dərgahındasan. Duaların Allahımız tərəfindən eşidilir".

Müəllifin kitabla eyni adı daşıyan "Tanrıma sığınıram" başlıqlı məqaləsində qeyd olunur ki, Qarabağımızın azadlığı, Azərbaycan hərbçilərinin Xankəndidə keçirilən paradı, Xankəndidə Azərbaycan bayrağının dalğalanması, böyük qələbəmiz xalqımızın qəhrəman oğullarının hesabınadır. Birinci və İkinci Qarabağ müharibəsində itirdiklərimizi, tökülən qanları, qollarını, ayaqlarını itirmiş övladlarımızı, övladlarını itirmiş gənc qadınlarımızı xatırlayaraq deyirəm: "Qoy o günlər bir də gəlməsin. Xalqımız əmin-amanlıq içərisində yaşasın, millətimiz inkişaf etsin, elmin tərəqqisi, ümumxalq inkişafı olsun, mədəniyyətimiz, musiqimiz, rəssamlıq, heykəltaraşlıq sahəsində yeni inkişaf mərhələsi yaşayaq".

Qeyd edək ki, Fəqan Əliyev Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Finlandiya, Türkiyə, İran, Rusiya, Pakistan və bir sıra MDB ölkələrində keçirilən forumlarda konfranslar verib. Azərbaycan və xarici alimləri cəlb etmək üçün Fəqan Əliyev 15 beynəlxalq Bakı konqresi təşkil edib. Fəqan Əliyev Azərbaycan, ABŞ, Finlandiya, Böyük Britaniya və Rusiyada nəşr edilən məqalələrin, çoxsaylı ixtiraların, dərslik və monoqrafiyanın müəllifi, "Enerji, ekologiya, iqtisadiyyat" və "Kainat" elmi-populyar jurnallarının təsisçisi və baş redaktorudur. "Ekoenergetika və biologiya" jurnalının elmi redaksiya heyətinin üzvü Fəqan Əliyev akademik Yu tərəfindən təltif edilib. O, həmçinin Y.Məmmədəliyev və V.Boguslavski medallarına layiq görülüb.

"Hər bir insan öz taleyini yaşayır" deyir Fəqan Əliyev: "Təhsil alır, işləməyə başlayır, ona qismət olan həyatını yaşayır, yaradır və ömrünün bir dövründə yaratdıqlarına baxır, özünü aydın görür. Mənim həyatımın xoşbəxtliyinin kökündə gördüyüm işlər, yazdığım elmi əsərlər durur. Kiminsə taleyində xoş bir rolum olubsa, bu, mənim sevincimdir".

S.QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
20
525.az

10Mənbələr