Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 24 aprel, AZƏRTAC
Xəzər regionu ilə Cənubi Asiya arasında enerji əməkdaşlığının genişləndirilməsi çərçivəsində dəniz əsaslı neft daşımalarının alternativ modeli – Tək Nöqtəli Bağlama Sistemi (Single Point Mooring – SPM) və tanker daşımaları konsepsiyası, ekspertlər tərəfindən müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə “II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu”nda çıxışı zamanı “Mərkəzi Asiya Marketinqi” şirkətinin təsisçisi və icraçı direktoru Kolin Nesbet bildirilib.
Onun fikrincə, sözügedən model Qazaxıstan və Azərbaycan sahillərində yerləşdiriləcək tək nöqtəli bağlama qurğuları vasitəsilə neftin birbaşa dəniz üzərindən daşınmasını nəzərdə tutur.
“Belə yanaşma ənənəvi liman infrastrukturuna düşən yükü azaltmaqla yanaşı, ixrac marşrutlarının şaxələndirilməsinə əlavə imkanlar yarada bilər. Təklif olunan sistem çərçivəsində xüsusi təyinatlı tankerlərin fasiləsiz hərəkəti təmin olunaraq neft axınlarının daha çevik idarə edilməsi mümkün olacaq. Bu isə istehsalçılara irihəcmli, uzunmüddətli öhdəliklər götürmədən ixrac imkanlarını genişləndirmək baxımından əlavə üstünlüklər vəd edir”, - deyə icraçı direktor vurğulayıb.
Kolin Nesbet logistika infrastrukturu məsələlərinə də toxunub. O bildirib ki, Xəzər–Mərkəzi Asiya dəhlizində mövcud tutum imkanları, bəzi hallarda həddindən artıq yüklənmə və marşrutların dəyişdirilməsi zərurəti yeni alternativ həllərin aktuallığını artırır.
“Modelin əsas üstünlüklərindən biri də neftin Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsidir. Bu marşrut, xüsusilə Bosfor boğazı kimi sıx və strateji keçidlərdən asılılığın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, mütəxəssislər layihənin həyata keçirilməsi üçün bir sıra texniki və iqtisadi məsələlərin həllini vacib hesab edirlər. Belə ki, uzun məsafəli dəniz daşımaları, xüsusi tanker donanmasının formalaşdırılması, həmçinin yükləmə-boşaltma əməliyyatlarının çoxpilləli təşkili əlavə xərclərlə müşayiət oluna bilər. Layihənin reallaşdırılması üçün iştirakçı ölkələr arasında hüquqi, gömrük və kommersiya mexanizmlərinin uyğunlaşdırılması mühüm şərtlərdən biridir”, - deyə Kolin Nesbet vurğulayıb.
Kolin Nesbet qeyd edib ki, bu model ənənəvi ixrac marşrutlarına alternativ olmaqla yanaşı, daha çox ehtiyat və çevik logistika həlli kimi qiymətləndirilir: “Bu isə qlobal enerji bazarlarında dəyişkən şərait fonunda iştirakçı ölkələr üçün əlavə imkanlar yarada bilər”.
Müxbir-Vüqar Qurbanoğlu
Müxbir-Vüsalə Səfərova
Tərcüməçi - Əyyub Ələsgərov
Fotoqraf-İlqar Cəfərov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.