Bakı, 24 aprel, AZƏRTAC
Qida təhlükəsizliyi sahəsinə aid məhsulların idxal və ixracına nəzarətin effektiv şəkildə təmin edilməsi məqsədilə Qazax rayonunda, Gürcüstan Respublikası ilə sərhəd buraxılış məntəqəsinə yaxın ərazidə fəaliyyətə başlayan “Qırmızı körpü” Qida Təhlükəsizliyi Nəzarəti Məntəqəsinin qurulmasında Latviya, Litva və Gürcüstanın təcrübəsindən istifadə olunub. Məntəqə funksionallığı ilə qida təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verməklə yanaşı, ən müasir infrastrukturun qurulması sayəsində ölkənin dinamik inkişafını və yenilikçi simasını daha dolğun şəkildə əks etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli agentliyin və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" və WUF13 çərçivəsində " Təhlükəsiz qidanın memarlığı" mövzusuna həsr olunmuş konfransda çıxış edərkən deyib.
Agentlik sədri ölkəmizdə heyvan kəsimi üçün yararlı, baytarlıq-sanitariya normalarına cavab verən kəsim məntəqələrinin mövcudluğunun əhalinin sağlam qida ilə təmin olunmasında mühüm amillərdən biri olduğunu bildirib.
Qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan obyektlərin tikintisi və yenidən qurulmasına dair layihələrə rəy verilməsi xidmətini də uğurla icra edir. Bu xidmət şəhərsalma fəaliyyətində mühüm və çoxşaxəli rol oynayır.