AZ

Azərbaycan dövləti xaricdə yaşayan vətəndaşlarına da daim diqqət və qayğı ilə yanaşır

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq 21 aprel 2026-cı il tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən 2 (iki) qadın və 3 (üç) uşaq olmaqla, ümumilikdə 5 (beş) nəfər Azərbaycan Respublikası vətəndaşının Türkiyə Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilib.

“Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanında olub, bu gün də yanındadır və gələcəkdə də bu prinsipə sadiq qalacaq. Bu, dövlətimizin və hökumətimizin həyata keçirdiyi vahid və ardıcıl siyasətin əsas istiqamətlərindən biridir. Bu məqam Prezident İlham Əliyev tərəfindən dəfələrlə müxtəlif çıxış və görüşlərdə xüsusi olaraq vurğulanıb”.
 

Bu fikirləri QHT.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
 

Nadir Azəri qeyd edib ki, Azərbaycan dövləti vətəndaşların sosial rifah halının yüksəldilməsi, onların problemlərinin həlli, eləcə də təhsil almaq, layiqli həyat sürmək kimi fundamental hüquqlarının təmin olunması istiqamətində davamlı və məqsədyönlü addımlar atır: “Bu siyasət yalnız ölkə daxilində yaşayan vətəndaşları deyil, eyni zamanda xaricdə yaşayan Azərbaycan vətəndaşlarını da əhatə edir. Azərbaycan dövləti xaricdə yaşayan vətəndaşlarına da daim diqqət və qayğı ilə yanaşır, onların üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün konkret addımlar atır. Xüsusilə qeyd olunmalıdır ki, Yaxın Şərq regionunda, o cümlədən Suriyada müxtəlif səbəblərdən çətin vəziyyətə düşmüş Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Təsadüfi deyil ki, son dövrlərdə bu istiqamətdə növbəti uğurlu addım atılıb və aprelin 21-də Suriyadan beş Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə Türkiyə üzərindən ölkəmizə gətirilib. Bu fakt bir daha göstərir ki, Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini harada olmasından asılı olmayaraq təmin etməyə qadirdir və bu məsələdə qətiyyətli mövqe nümayiş etdirir”.
 

N.Azərinin sözlərinə görə, ümumilikdə, bu yanaşma Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və milli maraqlara əsaslanan dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Öz vətəndaşına sahib çıxmaq, onun problemlərinin həllində yanında olmaq, hətta dünyanın ən mürəkkəb və təhlükəli bölgələrində belə ona dəstək vermək baxımından Azərbaycan dövləti beynəlxalq miqyasda nümunə kimi çıxış edir”.

Fatimə Nəbiyeva

Seçilən
88
qht.az

1Mənbələr