AZ

"Bir çox gənc psixoloji problemlərini gizlətməyə çalışır" - Fatimə Hacıbəyli

Son dövrlərdə gənclər arasında stress, depressiya və narahatlıq halları daha çox müşahidə olunur. Sosial təzyiq, təhsil yükü və qeyri-müəyyən gələcək əsas səbəblər kimi göstərilir.

Mövzu ilə bağlı "Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli QHT.az-a açıqlama verib.

F.Hacıbəylinin sözlərinə görə, gənclərin psixoloji vəziyyəti artıq ictimai narahatlıq doğurur: "Son dövrlərdə gənclər arasında stress, depressiya və narahatlıq pozuntusu hallarının artması bizi ciddi şəkildə narahat edən məsələlərdəndir. Qeyri-Hökumət Təşkilatının rəhbəri olaraq qeyd etmək istəyirəm ki, bu tendensiya artıq fərdi problem çərçivəsindən çıxaraq ictimai problem səviyyəsinə yüksəlib".

Fatimə Hacıbəyli bildirib ki, aparılan müşahidələr gənclərin artan təzyiqlərlə üzləşdiyini göstərir: "Müşahidələrimiz və həyata keçirdiyimiz layihələr göstərir ki, gənclər getdikcə daha çox sosial təzyiq, təhsil yükü və gələcəklə bağlı qeyri-müəyyənlik hissi ilə üz-üzə qalırlar. Xüsusilə sosial şəbəkələrin təsiri altında formalaşan qeyri-real gözləntilər, uğur anlayışının yanlış təqdim olunması gənclərdə özünə inamsızlıq və daxili gərginliyi artırı".

Müsahibimiz vurğulayıb ki, psixoloji dəstəyə çıxış və stereotiplər əsas problemlərdəndir: "Bununla yanaşı, psixoloji dəstək xidmətlərinə çıxışın məhdud olması və bu mövzuda cəmiyyətdə hələ də mövcud olan stereotiplər vəziyyəti daha da çətinləşdirir. Bir çox gənc psixoloji problemlərini gizlətməyə çalışır və vaxtında yardım almaqdan çəkinir".

Ekspert qeyd edib ki, problemin həlli üçün kompleks yanaşma vacibdir: "Hesab edirik ki, bu istiqamətdə kompleks yanaşmaya ehtiyac var. QHT-lər, dövlət qurumları və təhsil müəssisələri birgə fəaliyyət göstərərək psixoloji maarifləndirməni artırmalı, gənclər üçün əlçatan dəstək mexanizmləri yaratmalıdır. Məktəblərdə və universitetlərdə psixoloji xidmətlərin gücləndirilməsi, açıq müzakirə mühitinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır".

F.Hacıbəyli əlavə edib ki, gənclərin psixoloji sağlamlığı prioritetdir: "Biz, vətəndaş cəmiyyəti nümayəndələri olaraq, gənclərin psixoloji sağlamlığının qorunmasını prioritet hesab edirik və bu sahədə fəaliyyətlərimizi davam etdirəcəyik. Sağlam gənclik isə sağlam cəmiyyətin əsasını təşkil edir".

Zəhra Ağayeva

Seçilən
73
qht.az

1Mənbələr