AZ

Deputat: Dövlət idarəçiliyində daha keyfiyyətli yeni mərhələyə keçid üçün imkanlar yaranır

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycanda dövlət qulluğu sistemi son illərdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Rəsmi statistikaya əsasən, ölkədə 27 mindən çox dövlət qulluqçusunun fəaliyyət göstərməsi idarəetmə aparatının optimal və çevik model əsasında formalaşdırıldığını göstərir. Bu yanaşma yalnız strukturun kompakt saxlanılması ilə məhdudlaşmır, eyni zamanda, dövlət orqanları arasında koordinasiyanın, səlahiyyət bölgüsünün və institusional məsuliyyətin daha səmərəli təşkilinə xidmət edir.

Müasir mərhələdə dövlət qulluğu artıq, sadəcə, inzibati funksiyaların icrası ilə xarakterizə olunmur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar fonunda bu institut idarəetmədə keyfiyyət, nəticəyönümlülük və vətəndaş məmnuniyyəti prinsiplərinə əsaslanan sistemə çevrilib. Xüsusilə orta təsnifat vəzifələrində çalışan kadrların karyera inkişafı imkanlarının genişləndirilməsi, onların etimadlı sosial “lift” vasitəsilə irəli çəkilməsi dövlət idarəçiliyində davamlılığı və peşəkarlığı təmin edən əsas mexanizmlərdən biri kimi çıxış edir.

Beynəlxalq təcrübə də göstərir ki, səmərəli dövlət qulluğu sistemi şəffaf seçim mexanizmləri, rəqabətqabiliyyətli sosial təminat və obyektiv performans qiymətləndirilməsi üzərində qurulur. Azərbaycanda da bu istiqamətdə atılan addımlar, o cümlədən əməkhaqlarının artırılması, etik davranış qaydalarının gücləndirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi idarəetmə sisteminin müasir standartlara uyğunlaşdırıldığını göstərir.

Eyni zamanda, rəqəmsallaşma və elektron hökumət xidmətlərinin inkişafı şəffaflığın artırılması, operativliyin təmin olunması və insan amilindən asılılığın azaldılması baxımından mühüm rol oynayır. Hüquq-mühafizə və təhlükəsizlik orqanlarında çalışan dövlət qulluqçularının fəaliyyəti isə dövlətin sabitliyinin və qanunun aliliyinin təmin edilməsində əsas dayaqlardan biri kimi çıxış edir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycanda dövlət qulluğu sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, bu sahədə aparılan islahatlar idarəetmənin daha çevik və səmərəli təşkili məqsədinə xidmət edir.

“Prosesin əsas istiqamətlərindən biri dövlət qulluğu aparatının optimallaşdırılması, daha az resursla daha operativ və keyfiyyətli xidmətin vətəndaşlara təqdim olunmasıdır. Bu məqsədlə vaxtaşırı olaraq Milli Məclisdə müvafiq qanunvericilik təşəbbüsləri irəli sürülür, qanunlar qəbul edilir və dövlət idarəçiliyində funksionallığın artırılması, ixtisaslaşmanın dərinləşdirilməsi təmin olunur”.

H.Babaoğlu hazırda dövlət qulluğunda həyata keçirilən islahatların əsas fəlsəfəsinin meritokratiya prinsipi olduğunu vurğulayıb. “Yəni, daha bacarıqlı, daha ixtisaslı və yüksək səmərəlilik nümayiş etdirə biləcək kadrların dövlət qulluğuna cəlb olunması prioritet istiqamətdir. Bu baxımdan, biz bu gün Azərbaycanda davamlı islahatların şahidi oluruq. Dövlət idarəçiliyində müəyyən mərhələlər keçildikcə daha keyfiyyətli yeni mərhələyə keçid üçün zəruri imkanlar yaranır və bu proses ardıcıl şəkildə həyata keçirilir. Son illərdə səhiyyə, sosial xidmətlər, məşğulluq və digər sahələrdə aparılan islahatlar artıq konkret nəticələrini göstərməkdədir. Bu gün biz dövlət qulluğunun daha da effektivləşdirilməsi istiqamətində yeni tədbirlərin həyata keçirildiyini müşahidə edirik. Bütün bu proseslərin yekun məqsədi isə vətəndaş məmnuniyyətinin təmin olunmasıdır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, dövlət siyasətinin mərkəzində məhz vətəndaş amili dayanır”, – deyən Hikmət Babaoğlu fikrini yekunlaşdırıb.

Onu da qeyd edək ki, dövlət qulluğunun gələcək inkişafı yalnız institusional dəyişikliklərlə deyil, eyni zamanda, peşəkar kadr korpusunun formalaşdırılması, idarəetmə mədəniyyətinin inkişafı və nəticəyönümlü yanaşmanın gücləndirilməsi ilə birbaşa bağlıdır. Mövcud reallıqlar göstərir ki, Azərbaycan dövlət qulluğu sistemi artıq formalaşma mərhələsini geridə qoyaraq daha çevik, şəffaf və səmərəli idarəetmə modelinə doğru inkişaf edir.

Müxbir - Səbinə Əlizadə

Seçilən
50
50
azertag.az

10Mənbələr