AZ

Hegset: Vaxt bizim tərəfimizdədir, istənilən şərtlə razılaşma axtarmırıq...

ABŞ müdafiə naziri İranla bağlı sərt bəyanatlar verib, blokadanın genişləndiyini və lazım gələrsə güc tətbiq ediləcəyini bildirib...

Poliqon xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Hegset İranla bağlı vəziyyətə dair açıqlamalarında Vaşinqtonun tələsik razılaşma əldə etməyə çalışmadığını və prosesdə vaxtın onların xeyrinə işlədiyini vurğulayıb.

Nazir qeyd edib ki, yaxın günlərdə ikinci aviadaşıyıcı qrup regiona daxil olacaq və bununla da tətbiq edilən blokada daha geniş miqyas alaraq qlobal xarakter daşıyacaq.

Hegset İran silahlı qüvvələrini sərt şəkildə tənqid edərək onların son fəaliyyətlərini “piratçılıq” kimi qiymətləndirib. Onun sözlərinə görə, son günlərdə ələ keçirilən gəmilər ABŞ və ya İsrailə məxsus olmayıb və təsadüfi seçilmiş mülki gəmilər olub. Nazir bildirib ki, İran qüvvələri kiçik sürətli qayıqlarla yaxınlaşaraq həmin gəmilərə avtomat silahlarla atəş açıb.

ABŞ müdafiə naziri əlavə edib ki, Amerika hərbi qüvvələrinin döyüş qaydaları aydındır və əgər İran Hörmüz boğazında mina yerləşdirərsə və ya ABŞ-yə məxsus ticarət gəmilərinə və qüvvələrinə təhlükə yaradarsa, dərhal məhvedici cavab veriləcək.

Hegset həmçinin Avropa ölkələrini tənqid edərək bildirib ki, ABŞ bu məsələdə Avropaya arxalanmır. Onun sözlərinə görə, Hörmüz boğazı Avropa üçün daha kritik əhəmiyyət daşıyır və Avropa dövlətləri daha az bəyanat verməli, daha çox praktiki addımlar atmalıdır.

Nazir vurğulayıb ki, uzun illər ərzində Avropa və Asiya ABŞ-nin təhlükəsizlik təminatlarından faydalanıb, lakin artıq “pulsuz qorunma dövrü” başa çatıb və ABŞ-yə güclü və etibarlı müttəfiqlər lazımdır.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr