AZ

Səfir: ARDNF-nin CAIP platformasına qoşulması Azərbaycanın Çin və Asiya bazarları ilə iqtisadi inteqrasiyasının təzahürüdür

Pekin, 24 aprel, AZƏRTAC

Tarixi qədim İpək Yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni müstəviyə keçib. Ötən müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı münasibətlər, sıx əməkdaşlıq formalaşıb. Əminliklə demək olar ki, hazırda Azərbaycan-Çin əlaqələri çox uğurlu inkişaf dövrünü yaşayır. Xüsusilə son illər iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi əməkdaşlıq üçün yeni imkanlar yaradıb.

Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov AZƏRTAC-ın Azərbaycan-Çin münasibətləri, o cümlədən müxtəlif sahələr üzrə əməkdaşlığa dair suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Aprelin 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nümayəndə heyətinin Pekinə səfəri zamanı Azərbaycan, Çin və İndoneziya suveren fondları tərəfindən birgə investisiya platforması təsis olunub. Ölkələrimiz arasında əməkdaşlığın bu yeni istiqamətini necə dəyərləndirirsiniz?

- Məlum olduğu kimi, 2024-cü il iyulun 3-də Prezident İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilmiş görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. On ay keçdikdən sonra 2025-ci il aprelin 23-də Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı dövlət başçılarımız tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərimizdə tarixi hadisədir. Bu strateji yaxınlaşma fonunda Azərbaycan-Çin münasibətləri artıq yalnız siyasi dialoq ilə məhdudlaşmır, qarşılıqlı faydalı tərəfdaşlıq ticarət, investisiya, nəqliyyat, logistika və texnologiya sahələrində çoxşaxəli model kimi formalaşır və geniş üfüqlər açır.

Səfər çərçivəsində, həmçinin dövlət başçılarının hüzurunda Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Çin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən Anlaşma Memorandumu Azərbaycan-Çin tərəfdaşlığının möhkəmləndirilməsinə əlavə töhfə verməklə yanaşı, qurumlar arasında bilik və təcrübə mübadiləsi, ortaq dəyərlərə əsaslanan dayanıqlı sərmayə modellərinin qurulması və qarşılıqlı faydalı investisiya təşəbbüslərinin təşviqi üçün strateji çərçivə formalaşdırıb. Həmin sənədin imzalanması ilə əsası qoyulan əməkdaşlığın qısa müddət ərzində konkret investisiya platformasına çevrilməsi tərəflər arasında yüksək etimadın və effektiv institusional əməkdaşlığın göstəricisidir. Bu xüsusda, 2026-cı il aprelin 13-ü Azərbaycanın həm Çin, həm də Asiya regionu dövlətləri ilə əlaqələrində əhəmiyyətli bir hadisə baş verdi. Belə ki, ARDNF Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu ilə birgə Çin-ASEAN İnvestisiya Proqramına (CAIP) üzv oldu və 3 suveren fond arasında ortaq idarəetmə modelinə söykənən yeni tərəfdaşlığın bünövrəsi qoyuldu. İlkin mərhələdə 520 milyon dollar həcmində formalaşan CAIP platformasının gələcəkdə bir milyard dollara qədər genişləndirilməsi planlaşdırılır. Proqram Çin-ASEAN iqtisadi məkanında sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya kimi yüksək artım potensialına malik sektorlar üzrə investisiya imkanlarını hədəfləyir və qlobal təchizat zəncirlərində baş verən transformasiya fonunda yeni imkanların dəyərləndirilməsinə xidmət edir. Bu platforma yalnız kapital qoyuluşunu deyil, eyni zamanda tərəfdaş fondlar arasında bilik, təcrübə və institusional imkanların paylaşılmasını təşviq edən strateji əməkdaşlıq mexanizmi kimi çıxış edir. CAIP platformasında iştirak ARDNF-nin Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanlarını genişləndirir və yeni investisiya imkanlarının dəyərləndirilməsinə xidmət edir. Proqram çərçivəsində ayrılan vəsaitlər nüfuzlu özəl kapital idarəçiləri tərəfindən idarə olunan fond strukturlarına yatırılacaq.

Nəzərə alınmalıdır ki, ARDNF artıq uzun müddətdir Çin kapital bazarlarında fəal iştirak edir və Çin Xalq Bankı, Çin İnvestisiya Korporasiyası, "Bank of China", CICC, "CITIC Securities", "Agricultural Bank of China" və "Orient Securities" kimi nüfuzlu maliyyə institutları ilə əməkdaşlıq əlaqələri var. Sonuncu Anlaşma Memorandumunun imzalanması ilə ARDNF-nin Çin bazarındakı mövqeyi daha da möhkəmlənməklə yanaşı, qlobal təchizat zəncirlərindəki transformasiya prosesləri fonunda investorlar üçün ən perspektivli istiqamətlərdən birinə çevrilən ASEAN regionu bazarlarına daxil olmağa əlavə imkanlar yaradır. Xüsusilə, Çin vasitəsilə ASEAN regionuna investisiya perspektivlərinin genişləndirilməsi ARDNF-nin Asiya bazarlarındakı fəaliyyətinin daha çevik və diversifikasiya olunmuş xarakter qazanmasına zəmin yaradır. Mövcud dinamika davam etdiyi təqdirdə, yaxın gələcəkdə Azərbaycan-Çin iqtisadi tərəfdaşlığı daha geniş sahələri əhatə edəcək. Ümumilikdə, ARDNF-nin CAIP platformasına qoşulması Azərbaycanın Çin və Asiya bazarları ilə artan iqtisadi inteqrasiyasının mühüm təzahürüdür. Bu əməkdaşlığa Azərbaycan-Çin münasibətlərində son dövrlərdə müşahidə edilən sürətli inkişaf tendensiyası və ölkəmizin qlobal investisiya xəritəsindəki rolunu daha da gücləndirməsi fonunda baxılmalıdır.

- Azərbaycan ilə Çin arasındakı münasibətlərin cari vəziyyətini necə dəyərləndirirsiniz? İqtisadi, ticarət və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə hansı layihələr icra olunur?

- Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyi sayəsində bir növ Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Bu xüsusda, Azərbaycan ilə Çin arasındakı əlaqələrin tarixi qədim İpək yolu dövrlərinə gedib çıxır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin mart ayında Çin Xalq Respublikasına rəsmi səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi dialoq Prezident İlham Əliyev tərəfindən də uğurla inkişaf etdirilib və ikitərəfli əlaqələrimiz hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev ilə Sədr Cinpin arasında təşəkkül tapmış qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə müşahidə olunan hazırkı yüksək inkişaf dinamikasının əsasını təşkil edir. Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır və ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələri günü-gündən daha da genişlənir. Dövlət başçılarımız iqtisadi əməkdaşlığın şaxələndirilməsi və onun keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsinə dair tapşırıq veriblər. Hazırda iqtisadiyyatın müxtəlif sahələri - energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və qarşılıqlı fəaliyyətin digər istiqamətləri üzrə əməkdaşlıq genişlənir. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,8 milyard dollar təşkil edərək, ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz artıb.

Çin-Azərbaycan əməkdaşlığının prioritet istiqamətlərdən biri də strateji əhəmiyyətə malik sahələrdə birgə müəssisələrin yaradılmasıdır. Bu tərəfdaşlıq innovativ inkişaf və iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Bu xüsusda əsas perspektivli istiqamətlər kimi yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat, süni intellekt, “ağıllı şəhər”lərin inkişafı sahəsində əməkdaşlıq, Azərbaycanda Günəş və külək elektrik stansiyalarının tikintisi, müasir istehsal sənayesi üçün ixtisaslaşmış sənaye parklarının yaradılması, yüksək keyfiyyətli Azərbaycan kənd təsərrüfatı məhsullarının Çin bazarına ixracı üçün müasir aqrotexnologiya layihələrinə birgə investisiyaların qoyulması nəzərdən keçirilir.

Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “Kəmər və Yol təşəbbüsü” ilə bağlı anlaşma memorandumu imzalanıb. 2019-cu ildə isə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol beynəlxalq əməkdaşlıq forumu”nda Cənubi Qafqazdan iştirak edən yeganə dövlət başçısı məhz Prezident İlham Əliyev olub. Azərbaycan “Kəmər və Yol” təşəbbüsünə öz dəstəyini təkcə söz ilə deyil, həm də əməli ilə sübut edib. Uzun illər ərzində Azərbaycan hökuməti strateji nəqliyyat infrastrukturunun yaradılmasına böyük sərmayə qoyub. Deyə bilərəm ki, Azərbaycan Çindən sonra həm ölkə daxilində, həm də xaricdə bu qlobal təşəbbüsün həyata keçirilməsinə ən çox vəsait yatıran ikinci ölkədir.

Həqiqətən, ölkəmiz istər Şərqdən Qərbə, istərsə də Şimaldan Cənuba yüklərin daşınmasında vacib beynəlxalq haba çevrilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvüdür. Müasir hava limanları, magistral yollar, Bakı-Tbilisi-Qars kimi yeni dəmir yolu xətti, Ələtdə tikilən və ildə 25 milyon tona qədər yük çevirmə imkanı olan Bakı Beynəlxalq Ticarət Limanı Azərbaycanın daxili nəqliyyat infrastrukturunun tam hazır səviyyədə olduğundan xəbər verir. Dünyada yaranmış yeni geosiyasi reallıqlar fonunda getdikcə daha çox yükdaşımalar Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzərindən həyata keçirilir. Azərbaycandan keçən nəqliyyat arteriyaları və müasir infrastruktur yüklərin Çindən Avropaya və əksinə daşınması üçün ən qısa və ən təhlükəsiz tranzit marşrutlarını təşkil edir.

Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz biri-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Çin tranzit operatorlarının və logistika şirkətlərinin Orta Dəhlizə marağı artmaqdadır. 2025-ci ildə Orta Dəhliz vasitəsilə Çindən Azərbaycana 392 çox blok-qatar, o cümlədən 137 tranzit qatar göndərilib. Bu göstərici əvvəlki illə müqayisədə 32 faiz artım deməkdir. Görülən birgə tədbirlər sayəsində Çindən yola salınan konteynerlərin Azərbaycan üzərindən Gürcüstan limanlarına çatdırılma müddəti 12 günə enib. Artan yükdaşımalarına keyfiyyətli xidmətin göstərilməsi və marşrutların şaxələndirilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş Zəngəzur dəhlizi təşəbbüsü Çindən Avropaya yüklərinn daşınması üçün ən qısa və rahat alternativ marşrut olacaq və gələcəkdə “Kəmər və Yol” təşəbbüsünə Azərbaycanın növbəti töhfəsi olacaq.

- Son illərdə Azərbaycan-Çin münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir. Dünya ticarətində çəkisini davamlı artıran Çin ilə strateji tranzit və enerji qovşağına çevrilən Azərbaycan arasında əməkdaşlığın perspektiv sahələri barədə nə deyə bilərsiniz?

- Azərbaycan Çini təkcə dost ölkə kimi deyil, həm də bilik, təcrübə və texnoloji tərəqqi mənbəyi kimi görür. Azərbaycanda rəqəmsallaşmaya keçid prosesində Çin məhsullarından da istifadə olunur. Çinli tərəfdaşlarla birgə fəaliyyət ölkəmizin texnoloji inkişafına töhfə verir. Azərbaycan Çini yaşıl keçid, alternativ və bərpa olunan enerji sahələrində əsas tərəfdaşlarından biri hesab edir.

Ölkəmizdə həyata keçirilən layihələrdə Çin texnologiyaları artıq geniş tətbiq olunur və bu sahədə EPC layihələrinin həyata keçirilməsində Çin şirkətlərinin peşəkarlığını qeyd etmək vacibdir. Hazırda iki ölkə arasında İKT və rəqəmsal inkişaf sahəsi üzrə əməkdaşlığın inkişafı, Çin şirkətləri tərəfindən Azərbaycanda elm tutumlu istehsalat müəssisələrinin qurulması, Çinin aparıcı universitetləri, texnoparkları, inkubasiya və akselerasiya mərkəzləri ilə əməkdaşlıq, müştərək mübadilə və təlim proqramlarının təşkili üzrə müzakirələr aparılır. Eyni zamanda, Çinin süni intellekt (AI) sahəsində əldə etdiyi təcrübəni ölkəmizdə tətbiq etmək üçün birgə süni intellekt laboratoriyasının yaradılması barədə ilkin razılıq əldə olunub.

Enerji sahəsi ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın digər mühüm komponentidir. Çinin alternativ enerji sahəsində qabaqcıl təcrübəsi və texnologiyası Azərbaycan üçün maraqlıdır. Çin şirkətləri Azərbaycanda yaşıl enerji sahəsində investisiya layihələri həyata keçirirlər. Eyni zamanda, bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının şəbəkəyə inteqrasiyası və yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilir. Bütün bu məsələlər təkcə ikitərəfli deyil, həm də yaşıl enerji və davamlı inkişaf sahəsində regional əməkdaşlıq üçün əla imkan yarada bilər.

Qeyd olunanlar ilə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əməkdaşlıq üçün yeni perspektiv yaranıb. Azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Avtomobil və dəmir yolları, tunellər tikilir, ən qısa müddətdə 3 beynəlxalq hava limanı istifadəyə verilib. Keçmiş məcburi köçkünlərin öz doğma yerlərinə ləyaqətlə qayıtması üçün quruculuq və tikinti işləri davam etdirilir. Xüsusilə işğaldan azad edilmiş ərzilərdə “yaşıl enerji zonaları” və “ağıllı kənd və şəhər” konsepsiyalarının həyata keçirildiyini nəzərə alaraq, Çinin həm alternativ enerji, həm də “ağıllı şəhər”lərin planlaşdırılması sahələrində qabaqcıl təcrübə və texnologiyaları ölkəmiz üçün maraqlıdır. Həmçinin Azərbaycanda kənd təsərrüfatı texnikası və avadanlıqlarının, o cümlədən traktorların istehsalının lokallaşdırılması üzrə “Improtex” və “Changzhou Dongfeng Agricultural Machinery” şirkətləri arasında imzalanmış müqaviləyə uyğun olaraq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında (Cəbrayıl rayonu) istehsal sahəsi qurulur. Azərbaycan tərəfi Çinin dövlət və özəl şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif layihələrdə investor və ya podratçı qismində iştirakında maraqlıdır.

Azərbaycan ilə Çin arasında humanitar sahədə əməkdaşlıq münasibətlərimizin daha da dərinləşdirilməsi, xalqlarımız arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edir. Bu xüsusda, Heydər Əliyev Fondunun humanitar sahədə əməkdaşlığımızın genişləndirilməsinə yönəlmiş fəaliyyətini xüsusi qeyd etmək istərdim. Heydər Əliyev Fondu çinli tərəfdaşları və xüsusilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə müxtəlif layihələr uğurla həyata keçirilir.

Ortaq dəyərlər, mədəniyyət və incəsənət vasitəsilə xalqlarımız bir-birini duya bilir. Qarşılıqlı olaraq Azərbaycan mədəniyyətinin Çində, Çin mədəniyyətinin isə Azərbaycanda təbliğinə yönəlmiş çoxsaylı tədbirlər xalqların bir-birinə daha da yaxınlaşması üçün zəmin yaradır. Sevindirici haldır ki, hər iki ölkədə biri-birinin dilini öyrənməyə maraq artır. Ölkələrimizin aparıcı ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələri yaranıb, elmi mübadilə qurulub, bir sıra layihələrin praktiki icrası həyata keçirilir. Çinli tələbələr Pekin Xarici Dillər Universitetində Azərbaycan dilini öyrənirlər, Azərbaycanın ali məktəblərində isə Konfutsi institutları öz işlərini uğurla davam etdirirlər. Azərbaycan və Çin təhsil proqramları, o cümlədən təqaüd proqramları və tələbə mübadiləsi istiqamətində əməkdaşlıq edirlər. Azərbaycan-Çin Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində yüzlərlə azərbaycanlı tələbə Çin, çinli tələbələr isə Azərbaycan universitetlərində dövlət hesabına təhsil alırlar.

Eyni zamanda, Azərbaycan Prezidentinin Azərbaycan-Çin Birgə Universitetinin təsis edilməsi barədə təşəbbüsünün ən tez zamanda reallaşdırılması istiqamətində müvafiq əlaqələndirmə işləri davam etdirilir. Gələcəkdə bu təhsil ocağı bir növ Çin mədəniyyət mərkəzinə çevrilə, Çin dili və mədəniyyətinin təşviqinə xidmət edə bilər. Eyni zamanda, həmin təhsil ocağının məzunları gələcəkdə Azərbaycanın orta məktəblərində Çin dilini tədris edə bilərlər.

2026-cı ildə Azərbaycan ilə Çin arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün çoxlu planlar və hədəflər mövcuddur. Azərbaycan həm Avropa, həm Yaxın Şərq, həm də Mərkəzi Asiya bazarlarına çıxışı təmin edən unikal coğrafiyaya malikdir. Çin üçün bu, regional logistik inteqrasiyanı gücləndirmək, beynəlxalq təchizat zəncirini möhkəmləndirmək baxımından əhəmiyyətli imkandır. Yeni Avrasiya Quru-Dəniz Nəqliyyat Korridorunun və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının birgə sürətləndirilməsi, qarşılıqlı əlaqələndirmənin dərinləşdirilməsi beynəlxalq təchizat zəncirinin sabitliyi üçün xüsusi önəm kəsb edir. Sözügedən iki nəqliyyat koridorunun sıx əlaqələndirilməsi ilə Cənub-Şərqi Asiya bağlantılarının Avropaya qədər uzanmasının təmin edilməsi mümkün olar. Bu isə öz növbəsində həm Azərbaycanın, həm də Çinin beynəlxalq daşımalarda rolunu daha da gücləndirər. İki ölkə arasında ticarət və investisiya imkanlarının genişləndirilməsi qarşılıqlı iqtisadi faydaları artırmağa imkan verər.

Davamlı inkişafın təmin olunması məqsədilə yaşıl texnologiyalar sahəsində əməkdaşlıq iki ölkənin ekoloji məqsədlərinə çatmasına töhfə verər. Həmçinin texnologiya və innovasiya sahəsində əməkdaşlıq etmək, o cümlədən yüksək texnologiya və startapların inkişafını dəstəkləmək məqsədilə birgə müəssisələrin və sənaye sahələrinin təsis edilməsi vacibdir.

Azərbaycan ekstremizm və terrorizmdən uzun müddət əziyyət çəkmiş ölkədir və bununla mübarizə sahəsində zəngin təcrübəyə malikdir. Eyni zamanda ölkəmiz tarixən tolerantlıq və həmrəylik dəyərlərinin təkamül etdiyi cəmiyyətə malikdir. Azərbaycanın tolerantlığın, multikulturalizm və dinlərarası dialoqun qurulması istiqamətində beynəlxalq fəaliyyətləri Çinin bəşəriyyətin ortaq taleyi olan cəmiyyətinin yaradılması konsepsiyası ilə uzlaşır. Terrorizm və transmilli cinayətlər kimi ümumi təhlükəsizlik problemləri ilə mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkənin maraqlarına uyğundur.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Seçilən
27
3
azertag.az

4Mənbələr