Bakı, 24 aprel, AZƏRTAC
Mikro və kiçik sahibkarlıq sektoruna investorların cəlb edilməsi və yeni biznes modellərinin formalaşdırılması üçün effektiv təşviq mexanizmlərinin yaradılması mühüm əhəmiyyət daşıyır. Bu sahədə əsas şərtlərdən biri şəffaf və etibarlı biznes mühitinin təmin olunmasıdır.
Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov məlumat verib.
Onun sözlərinə görə, şəffaf mühit dedikdə, sahibkarlarla investorlar arasında etimadın formalaşdırılması nəzərdə tutulur.
“Belə bir mühitdə investorlar riskləri daha düzgün qiymətləndirə bilir və sərmayə qoymağa daha çox maraq göstərirlər. Bununla yanaşı, iqtisadi səmərəliliyin artırılması da vacib amillərdəndir. Xüsusilə innovativ və insan yönümlü ideyaların dəstəklənməsi bu sahədə yeni imkanlar açır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, mikro və kiçik sahibkarlığın inkişafı üçün kompleks yanaşma daha effektiv nəticə verir. Şəffaflıq, sürətli xidmətlər və rəqəmsallaşma investorların qərarvermə prosesinə birbaşa təsir edir. Məsələn, son dövrlərdə şəhər nəqliyyatında alternativ həllər – skuter, velosiped və digər mikromobillik vasitələri ilə bağlı layihələr diqqət çəkir. Bu kimi ideyalar həm ekoloji baxımdan faydalıdır, həm də kiçik sahibkarlar üçün yeni biznes modellərinin yaranmasına şərait yaradır. İnsanların gündəlik həyatını asanlaşdıran xidmətlərə yönələn startaplar investorlar üçün daha cəlbedici hesab olunur”, - deyə Aslan Əsədov vurğulayıb.
Ekspert əlavə edib ki, sahibkarlıq mühitində təşviqin artırılması üçün maarifləndirmə və biznes təhsili də gücləndirilməlidir: “İnsanların öz ideyalarını biznesə çevirməsi üçün inkubasiya mərkəzləri, mentorluq proqramları və startap ekosisteminin inkişafı vacibdir. Bu, həm yeni iş yerlərinin yaranmasına, həm də iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər. Nəticə etibarilə, şəffaflıq, iqtisadi dəstək mexanizmləri və innovativ yanaşmaların birgə tətbiqi mikro və kiçik sahibkarlıq sektoruna investor marağını artıran əsas amillərdir. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, düzgün qurulmuş təşviq sistemi dayanıqlı iqtisadi inkişafın əsasını təşkil edir”.