AZ

Bakıda ilk dəfə: Dənizkənarı Milli Parkda Caz və Şərab festivalı başlayıb

Bakı, 24 aprel, AZƏRTAC

Dənizkənarı Milli Parkda Bakıda ilk dəfə keçirilən Caz və Şərab festivalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, festivalın ilk günü caz pianoçu, Əməkdar artist Şahin Növrəsli çıxış edib. Növbəti günlərdə isə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri, Xalq artisti Cavan Zeynallı, “Cəngi” etnocaz qrupu, "Qaya" Dövlət Ansamblı və digər ifaçılar iştirak edəcəklər.

Festivalın ilk günü həm yerli, həm də xarici vətəndaşlar üçün maraqlı olub.

Türkiyədən Azərbaycana gələn qonaq Melisa Sandal AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycana ilk dəfə səfər edir və belə bir tədbirlə qarşılaşmaq onun üçün çox xoşdur. O, festivalı bəyəndiyini qeyd edib və axşam keçiriləcək konserti səbirsizliklə gözlədiyini vurğulayıb.

Vətəndaşlardan biri Əbdül Xalid festivalın təşkilatçılarına təşəkkür edərək, tədbiri fərqli və möhtəşəm adlandırıb. “Caz musiqisini dinləmək insana xüsusi zövq verir. Şəhərin qonaqlarını da bu cür tədbirlərdə görmək istəyərəm. Festival iştirakçıları həm musiqidən həzz alacaq, həm də müxtəlif təamların dadına baxacaqlar”, - deyə o əlavə edib.

Aytac Vidadiqızı isə festivalın ilk gününün çox maraqlı keçdiyini qeyd edib. O, insanların tədbirə böyük maraq göstərdiyini vurğulayıb, müxtəlif pendir növlərinin təqdim edildiyini və qiymətlərin münasib olduğunu bildirib. Həmçinin əlavə edib ki, bu cür tədbirlər insanların əhvali-ruhiyyəsini yaxşılaşdırır.

Festivalın əsas məqsədi caz musiqisini, zərif qastronomik təcrübələri və seçilmiş şərab istehsalçılarını bir məkanda birləşdirərək ziyarətçilərə fərqli və unudulmaz mühit təqdim etməkdir. On gün müddətində ziyarətçiləri tanınmış caz ifaçılarının canlı konsertləri, improvizasiyalar, gənc musiqi kollektivlərinin çıxışları və zövqlü musiqi proqramları gözləyir.

Bununla yanaşı, yerli məhsullar və istehsalçıların tanıdılması, dəstəklənməsi məqsədilə müxtəlif qastronomik layihələr və yerli şərab istehsalçılarının məhsulları təqdim edilib, dequstasiyalar və master-klaslar qonaqların ixtiyarına verilib.

Dövlət Kukla Teatrı yaxınlığında, ənənəvi yarmarka ərazisində geniş ziyarətçi auditoriyası üçün nəzərdə tutulan festival hər gün saat 13:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Mayın 3-dək davam edəcək festival ərazisinə giriş sərbəstdir. Festival iştirakçıları hər gün saat 19:00-21:00-dək yerli caz ifaçılarının canlı konsert proqramlarını dinləmək imkanı əldə edəcəklər.

Konsert üçün ayrılmış xüsusi zonalar üçün biletlərin satışı şəhərin kassalarında və onlayn platformalarda təşkil olunub.

Müxbir - Fidan Əlizadə
Fotoqraf - Azər İbrahimov
Videooperator - Ələkbər Bəxşiyev
Seçilən
58
20
azertag.az

10Mənbələr