ABŞ prezidenti Donald Tramp İran üzərindəki təzyiqi kəskin şəkildə artıraraq, Hərbi Dəniz Qüvvələrinə (HDQ) Hörmüz boğazında sərt tədbirlər görmək barədə göstəriş verib.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Məlumata görə, Vaşinqton faktiki olaraq dəniz blokadası tətbiq etməklə Tehranı danışıqlar masasına qayıtmağa məcbur etmək niyyətindədir.
Eyni zamanda, İsrail və Livanın atəşkəs rejimini daha üç həftə uzatmaq imkanlarını nəzərdən keçirdiyi bildirilir.
Prezident Donald Tramp Hörmüz boğazında mina quraşdırmaqla məşğul olan istənilən gəmiyə qarşı birbaşa atəş açmaq əmrini verib. Bu qərar İran limanlarına tətbiq olunan hərəkət məhdudiyyətlərini yan keçməyə çalışan iki neft supertankerinin ələ keçirilməsindən sonra qəbul edilib. Ağ Evin bu strategiyası İranın neft ixracını məhdudlaşdırmaqla Tehranın əsas valyuta gəlirlərini kəsməyə və onu güzəştə getməyə məcbur etməyə yönəlib.
Tramp mövzu ilə bağlı "Truth Social" hesabında paylaşım edərək belə deyib:
"Mənim kifayət qədər vaxtım var, lakin İranın vaxtı bitir!"
Tramp tərəfdarları blokadanın təxminən iki həftə ərzində İranda neft hasilatının dayanmasına səbəb olacağını düşünürlər. Lakin "JPMorgan" analitikləri bu nəticəyə nail olmaq üçün ABŞ-a təxminən bir ay vaxt lazım olacağını ehtimal edirlər.
Artıq əməliyyatın başlamasından sonra İranla əlaqəli bəzi gəmilər marşrutlarını dəyişərək boğazdan keçməkdən imtina ediblər. Bununla belə, izləmə şirkətlərinin məlumatına görə, bəzi tankerlər hələ də hərəkətini davam etdirir ki, bu da İrana təzyiqlərə bir qədər də müqavimət göstərməyə imkan verə bilər.
Xatırladaq ki, münaqişənin əvvəlindən bəri ABŞ ilkin olaraq Çinlə mümkün qarşıdurma üçün nəzərdə tutulan 1100-ə yaxın "Tomahawk" uzaqmənzilli qanadlı raketindən istifadə edib. Bu rəqəm ABŞ-ın illik raket satınalma həcmini artıq üstələyib.
Eyni zamanda, Donald Tramp administrasiyasının İrana qarşı müharibədə Vaşinqtonu dəstəkləməkdən imtina edən ölkələrə qarşı bir neçə mümkün sanksiya və tədbir ssenariləri üzərində işlədiyi qeyd olunur.
Musavat.com