Paytaxtın mərkəzi ərazilərindən birində yerləşən və Rice MTK-ya məxsus olduğu bildirilən yaşayış binasında aparılan tikinti işləri sakinlərin ciddi narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, artıq 10 ildən çoxdur istifadədə olan, 13 mərtəbəli və 8–9 blokdan ibarət binanın dam hissəsində əlavə olaraq 14 və 15-ci mərtəbələrin inşasına başlanılıb. Bildirilir ki, bu proses bina sakinlərinin razılığı olmadan və təhlükəsizlik qaydaları tam aydınlaşdırılmadan həyata keçirilir.
İddialara əsasən, aparılan tikinti işləri nəticəsində binanın qaraj hissəsində su sızmaları yaranıb, bəzi daşıyıcı sütunlarda isə çatların əmələ gəldiyi qeyd olunur. Sakinlər bu vəziyyətin binanın ümumi dayanıqlığına təsir edə biləcəyindən ehtiyat edir.
Məsələ ilə bağlı suallar daha çox tikintinin qanuniliyinə yönəlib. Belə ki, əlavə mərtəbələrin tikintisi üçün yenidən layihə təsdiqinin alınıb-alınmadığı, texniki ekspertizanın keçirilib-keçirilmədiyi və aidiyyəti qurumların razılığının olub-olmadığı hələ də açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycanda tikinti fəaliyyəti Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir və bu kimi layihələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq ekspertizadan keçirilməlidir.
Sakinlər həmçinin bildirirlər ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumların mövqeyi də hələlik məlum deyil.
Hazırda bina sakinləri tikinti işlərinin dayandırılmasını və məsələ ilə bağlı rəsmi araşdırma aparılmasını tələb edirlər. Onlar hesab edir ki, insanların həyat və təhlükəsizliyi hər hansı kommersiya maraqlarından üstün tutulmalıdır.