Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Ajans.az-a verilən məlumata görə, yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək. Sakinlərin rahatlığını və şəhərin vacib nöqtələri arasında fasiləsiz gediş-gəlişi təmin etmək məqsədilə üç marşrut xətti müəyyən edilib: 1 nömrəli avtobus: "Qarabağ Universitetinin Klinikası - Xankəndi Tikiş Fabriki"; 2 nömrəli avtobus: "Kərkicahan qəsəbəsi - Dəmiryol və Avtovağzal kompleksi"; 3 nömrəli avtobus: "Qarabağ Universitetinin Klinikası - 1-ci dairə". Yeni marşrutlar üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi təşkil edilib və müvafiq nişanlarla təchiz olunub. Sərnişindaşımalar "BakuBus" MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları vasitəsilə həyata keçiriləcək. İlkin mərhələdə 10 ədəd nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla xidmət göstərəcək. Ödəniş sistemi tamamilə nağdsız qaydada tənzimlənir: - Fiziki "BakıKart"; - QR-biletlər; - NFC texnologiyası (istənilən bank kartı, "Google Pay" və "Apple Pay"). Sakinlər "BakıKart"ın balansını şəhərdə yerləşdirilən ödəniş terminalları vasitəsilə artıra bilərlər. AYNA-nın Monitorinq mərkəzi avtobusların hərəkətinə real vaxt rejimində nəzarət edəcək. Qeyd edək ki, "BakuBus"ın müasir standartlara cavab verən bu təcrübəsi artıq Bakı və Gəncə şəhərlərində də uğurla tətbiq olunur.