"Siz necə insanlarsınız?!" - Ölən işçinin qardaşı özündən çıxdı
Ajans.az xəbər verir ki, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb. Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki əməkdaşı ərazidə su xəttində yaranmış problemi aradan qaldırmağa çalışarkən torpaq sürüşməsi baş verib. Nəticədə hər iki şəxs torpaq altında qalıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən bir nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Digər şəxs isə hadisə yerində həyatını itirib. Həlak olan şəxsin qardaşının sözlərinə görə, mərhum Qobustan Su İdarəsində çilingər-santexnik işləyib və əsas vəzifəsi su xətlərində yaranan nasazlıqları aradan qaldırmaq olub. “Bu insanın işi bu deyildi, santexnik idi, su xəttini təmir edirdi. Kanalizasiya ilə heç bir aidiyyəti yox idi. Müdiri zəng edib deyib ki, gəlməsən, səni işdən çıxaracağam. İndi iş yerindən bir nəfər də gəlib soruşmayıb ki, bu insan öldü, qaldı”, – deyə o əlavə edib.