AZ

Şok xəbərdarlıq edildi - Hörmüz boğazı dünya üçün riskə çevrilir

ABŞ-ın müharibə naziri Pit Heqsetin İran, Avropa və beynəlxalq təhlükəsizliklə bağlı səsləndirdiyi son fikirlər həm siyasi ritorikanın sərtləşdiyini, həm də geosiyasi balansın yenidən formalaşdığını göstərir. Xüsusilə, İranla bağlı nüvə çağırışları, Hörmüz boğazı ətrafında vəziyyət və Avropanın təhlükəsizlikdə rolu barədə səsləndirilən fikirlər beynəlxalq gündəmi yenidən hərəkətə gətirib.

ABŞ-İran xəttində gərginlik daha da dərinləşir yoxsa səngiməyə doğru gedir? Tehran qarşısında səsləndirilən sərt xəbərdarlıqlar real hərbi və ya iqtisadi təzyiq strategiyasının tərkib hissəsidir? Avropanın bu prosesdə daha aktiv rol oynaması çağırışları yeni təhlükəsizlik arxitekturasının formalaşmasına gətirib çıxara bilərmi?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a bildirdi ki, İran ətrafında cərəyan edən hadisələr və hər an atəşkəsin pozularaq müharibənin başlanma riskləri təkcə region ölkələrini deyil, bütünlükdə planeti narahat vəziyyətdə saxlamaqdadır: "Görünən odur ki ABŞ və İran masa ətrafında yenidən oturmaq üçün öz ambisiyalarından geri çəkilmək fikrində deyil. Qarşılıqlı ittihamlar hədələr və sərt ritorika fonunda isə diplomatik təşəbbüsləri irəli aparmağı çətinləşdirir. İran Hörmüz boğazından silah kimi istifadə edir. Tramp da həmin silahı Tehran rejiminə qarşı yönləndirib. Bunun da nəticəsində dünya iqtisadiyyatı və qlobal enerji təhlükəsizliyi ciddi problemlərlə üzləşir. Müharibə ehtimalının qalması və boğazlara tətbiq edilən məhdudiyyətlərin uzadılması digər oyunçuların da müdaxiləsini sərtləşdirməkdədir. Ölkələrin neft ehtiyatları sürətlə azalır. Paralel olaraq da bazarda neftin qiyməti hər keçən gün bahalaşır. ABŞ başlatdığı müharibəni isə nə hərbi, nə də iqtisadi basqılar yolu ilə həll edə bilmir və hadisələrin gedişi isə daxildə də Trampa qarşı etirazları artırır. İrana hücumu həvəsləndirən və bunu müdafiə edən əsas fiqurlardan birinin müharibə naziri Pit Heqsetin olması məlumdur. Pentaqon rəhbəri yaxşı anlayır ki, İranda uğursuzluq onun sonu deməkdir. Təsadüfi deyil ki, hərbi əməliyyatlara qarşı çıxan generallar ard-arda istefaya göndərildi. İki gün əvvəl öz postu ilə vidalaşan ABŞ Hərbi Dəniz nazirinin gedişi Tramp komandasında dərin fikir ayrılıqlarının mövcudluğundan xəbər verir".

Politoloq onu da qeyd etdi ki, Tehranda da müharibəyə baxışlarda ziddiyyətli mövqelər var: "SEPAH kompromisi hələ ki məğlubiyyət kimi qəbul edir. Mülayim xətt tərəfdarları isə hərbi mühafizəkar qanada müqavimət göstərmək iqtidarında deyil. Bu cür qeyri müəyyənlik və tərəddüdlər danışıqları dalana dirəyən faktorlardandır. Qərb məcburdur ki, öz maraqlarını qorumaq üçün aktiv hərəkətə keçsin. Çünki Hörmüz boğazının bağlanması və İran körfəzindəki ABŞ blokadası enerji təminatındakı kəsintiləri böhran nöqtəsinə daşıyıb. Doğrudur Qərb hərbi əməliyyatlarda iştirakdan qaçır, lakin diplomatik müstəvidə yaxud texniki dəstəyin verilməsində iştirakı istisna olunmur. Qərbdəki hazırlıqlar da artıq bu yöndə başladılıb".

Cavanşir Abbaslı
Musavat.com

 

Seçilən
64
50
musavat.com

10Mənbələr