Almaniyanın "Porsche" şirkəti "Bugatti" brendinin sahibi olan "Bugatti Rimac" şirkətindəki 45%-lik payını və "Rimac Group"dakı 20,6%-lik iştirakını satdığını açıqlayıb.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, alıcı ABŞ-ın investisiya şirkəti "HOF Capital"ın rəhbərlik etdiyi konsorsiumdur. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.
"Bugatti Rimac" 2021-ci ildə "Porsche" ilə Xorvatiyanın elektrik hiperkarları və elektrik komponentləri istehsalçısı olan "Rimac Group" arasında birgə müəssisə kimi yaradılmışdı.
Şirkətin bəyanatına görə, "Porsche"nin bu biznesdən çıxması yeni baş icraçı direktor Mixayel Leyters tərəfindən həyata keçirilən yenidənqurma prosesi ilə bağlıdır. Bildirilir ki, bu addım şirkətə “əsas fəaliyyət istiqamətinə fokuslanmağa” imkan verəcək.
Bundan əvvəl məlum olmuşdu ki, lüks elektrik avtomobillərinə, o cümlədən "Taycan" modelinə tələbatın zəifləməsi fonunda "Porsche" bu sahə üzrə inkişaf planlarına yenidən baxır və benzin və hibrid avtomobillərin istehsalına investisiyaları artırmağı planlaşdırır.