AZ

Dürüstlük, obyektivlik və səmimiyyət nümunəsi

ain.az, 525.az saytına istinadən bildirir.

Aprel ayında onun həm doğum günü, həm də anım günüdür. 2026-cı il aprelin 6-da 80 yaşı tamam oldu, aprelin 26-sı isə anım günüdür. Söhbət Əməkdar mədəniyyət işçisi, 1974-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsi (indiki QSC) ilə əməkdaşlıq edən, əsas fəaliyyəti Radionun “Xəbərlər” redaksiyası ilə bağlı olan, bir müddət Radionun “İnformasiya proqramları” Yaradıcılıq Birliyinin müavini işləyən, 1993-cü ildən isə Radionun “Xəbərlər” baş redaksiyasının baş redaktoru təyin edilən Əliyev Heydər Zeynal oğlundan gedir. Neçə-neçə gəncə düz yol göstərən, neçə-neçə jurnalistə qələm tutmağı öyrədən, yaradıcılıq yollarında yaşıl işıq yandıran, müraciət edənə əlindən gələni əsirgəməyən, gözü tox, qəlbi tox, bir kimsədən umacağı olmayan Heydər Zeynal oğlundan. Amma  düşünürəm ki, 2015-ci il aprelin 26-da bizi cismani tərk etməsindən 11 il ötən Heydər Zeynal oğlu onu tanıyanların qəlbində silinməz izlər buraxıbsa, demək ki, hər gün anılır, ehtiramla yad edilir. Və bu, onun yalnız peşəkarlığı ilə bağlı deyil, həm də insanlara olan münasibəti, səmimiyyəti və həyat fəlsəfəsi ilə bağlıdır. O, ünsiyyətdə olduğu hər kəsə diqqət göstərməyi, dinləməyi və dəyər verməyi bacaran nadir insanlardan idi. Məhz buna görə də onun haqqında xatirələr təkcə bir jurnalistin fəaliyyəti ilə məhdudlaşmır, həm də bir insanın mənəvi zənginliyini əks etdirir.  Bu izlər zaman keçdikcə solmur, əksinə, daha da dərinləşir və onu tanıyanların yaddaşında işıqlı bir xatirə kimi yaşayır.

Şəxsən mən, Heydər müəllimi ilk dəfə nə vaxt tanımışam, dəqiq yadımda deyil. Amma o yadımdadır ki, 90-cı illərin əvvəlləri idi. Orta məktəbdə oxuyurdum. Bir gün atamla o vaxtkı “Bakı soveti”, indiki “İçərişəhər” metro stansiyasına minməli olduq. Stansiyanın gözləmə yerində atam bir nəfərlə çox mehriban görüşdü və onlar bir neçə stansiyanı çox ciddi, amma çox səmimi söhbət etdilər. Mən, ilk baxışdan çox ciddi görünən, amma bu ciddiliyin arxasında incə bir həssaslıq və səmimi bir insanlıq gizlənən bu şəxsin kim olduğunu atamdan soruşduqda, o: “Heydər müəllimdir, radionun “Xəbərlər” redaksiyasında çalışır”, - dedi. Yeri gəlmişkən qeyd edim ki, atam, ömrünün 50 ilini Azərbaycan Televiziya və Radio verilişləri Komitəsinə (indiki QSC) bağlayan əməkdar jurnalist Tofiq Məmmədov bu ocağda sıravi redaktordan, İnformasiya Studiyasının direktorunun müavininə qədər müxtəlif məsul vəzifələrdə çalışıb. Elə ilk fəaliyyəti də Radiodan başlamışdı. Amma kollektiv onu ən çox Komitənin Partiya Təşkilat Komitəsinin rəhbəri (partkomu) vəzifəsindən tanıyırdı. O vaxtlar partiyanın qılıncının sağının da, solunun da kəsdiyi bir dövrdə, kollektivin dərin sevgi və hörmətini də əsasən həmin vəzifədə olarkən qazanmışdı...

Anam isə o dövrdə Abşeron rayon Komsomol Komitəsinin, Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi, 80-ci illərdə isə Nazirlər Kabinetində Televiziya, Mətbuat və Səhiyyə sahələrinə nəzarət edən şöbənin kuratoru olmuş Şövkət Abdullayeva o dövrün ictimai-siyasi həyatında fəal xanımlardan olduğundan, vaxtaşırı Radio və Televiziya jurnalistləri ondan müsahibələr alardılar. O dövrdə istər komsomol, istərsə də digər təşkilatlar tərəfindən keçirdiyi tədbirlər, spartakiadalar, görüşlər yeganə kanal olan Azərbaycan Televiziyası vasitəsi ilə işıqlandırılardı. Beləliklə, o vaxtlar kollektiv onları, onlar da kollektivi çox yaxşı tanıyırdılar...

...Tale elə gətirdi ki, 17 yaşım olarkən, atam məni ilk əmək fəaliyyətinə başlamaqdan ötrü ailəmiz üçün doğma ocaq olan Azərbaycan Radiosuna, ən kiçik vəzifəyə - səsyazma sexində səs operatoru vəzifəsinə işə düzəltdi. Elə Heydər müəllimlə şəxsi tanışlığım da bu dövrdən başladı. Belə ki, səs operatoru işlədiyim müddətdə montaj otaqlarına səhər növbəsində təhkim olunurduqsa, həm də “Xəbərlər” baş redaksiyasının çıxışlarını təmizləməli olurduq. Yox, əgər axşam növbəsinə təhkim olunurduqsa, onda “Xəbərlər” baş redaksiyasının xətti ilə yayımlanan və yazılışı axşam saatlarında başlayan “Səhər” musiqi-informasiya proqramının hazırlanmasında iştirak edir, rejissor İbrahim Səfəroğluna köməklik göstərirdik. Çox keçmədən İbrahim Səfəroğlu Radionun “Fond fonotekası”na müdir təyin edildi. Ondan sonra təyin olunan rejissor yeni ailə qurmuşdu. Bəzən qayğılar ucbatından verilişə gecikəndə, ya da heç gəlməyəndə, əməkdaşların xahişi ilə verilişi axşam növbəsinə təhkim olunan operator işləməli olurdu. Bir müddət sonra isə həmin rejissor da başqa işə keçdi. Beləliklə, verilişi iki nəfər hazırlayırdı: aparıcı, bir də operator və verilişin bütün texniki-bədii məsuliyyəti operatorun üzərinə düşürdü.

Hər gün səhər saat 7.00-da efirə yayımlanan verilişdə ötən günün bütün xronikası (həm ictimai-siyasi, həm mədəni, həm sosial-iqtisadi və s.) əks olunmalıydı. O vaxtlar isə Radioda indiki kimi müasir aparatura, kompüter sistemi yox idi, lent sistemi idi. Odur ki, axşam saatlarında başlayan verilişin yazılışı bəzən gecə 1-ə, 2-ə qədər davam edirdi (verilişi bitirib, evə gedəndə isə bəzən yorğunçuluqdan dilimiz topuq çalar, yeriməyə belə taqətimiz olmazdı...).

Bir gün Radionun o vaxtkı baş rejissoru İslam Dadaşov (ruhu şad olsun) Heydər müəllimlə birgə “Səhər” hazırlanan studiyaya gəldilər. Onlar işimi kənardan seyr etdikdən sonra İslam müəllim mənə: “Anar, bu gündən səni rejissor qrupuna keçirdirik. Redaksiyanın əməkdaşlarının, xüsusən baş redaktor Heydər müəllimin xahişi və təkidi ilə “Səhər”i hazırlamaq sənə həvalə olunur”, - dedi. Beləliklə, “Səhər” musiqi-informasiya proqramının rejissorluq məsuliyyəti o gündən rəsmən üzərimə qoyuldu və bu işi düz 15 il sevə-sevə həyata keçirdim.

O vaxtlar Radionun əsas verilişlərindən sayılan və gündəlik efirə gedən “Səhər” musiqi-informasiya proqramı yalnız xəbərlərin çatdırılması ilə kifayətlənmir, həm də cəmiyyətin aktual problemlərinə işıq tutur, dinləyicilərlə canlı ünsiyyət quraraq onların fikirlərini efirə gətirirdi. Məhz bu xüsusiyyəti ilə “Səhər” ənənəvi sovet radio formatından uzaqlaşaraq daha açıq, dinamik və demokratik informasiya mühiti yarada bilmişdi. Proqramda səsləndirilən analitik çıxışlar, operativ reportajlar və müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı radioya yeni bir üslub qazandırdı. Bu, jurnalistikanın yalnız məlumat ötürmək deyil, həm də ictimai rəy formalaşdırmaq missiyasını ön plana çıxardı. “Səhər” proqramı müstəqillik dövrünün ruhunu əks etdirərək azad sözün, obyektivliyin və peşəkarlığın simvoluna çevrildi və sonrakı radio layihələri üçün bir məktəb rolunu oynadı. Heydər müəllim o vaxtlar “Xəbərlər” baş redaksiyasının baş redaktoru idi...

Hər gün dinləyicilərlə görüşə gələn "Səhər”i hazırlayan əməkdaşlar o dövrdə jurnalistikada öz sözü, öz üslubu, öz yolu ilə seçilən qələm sahibləri idi. "Səhər”in o vaxtkı daimi dinləyiciləri Heydər Zeynaloğlunun, Zərxanım Əhmədlinin, Reyhan Rüstəmlinin, şair Ələmdar Quluzadənin, Akif Cabbarlının, Qulu Kəngərlinin, İttifaq Mirzəbəylinin, Tofiq Elləzoğlunun, Asəf Məhərrəmovun, Kəmalə Mikayılzadənin, Mübariz Süleymanlının, Səyavuş Hüseynlinin, Rövşən Sabiroğlunun, Şəlalə Məhyəddinqızının, Zaur Rzayevin,  Şərəf Cəlillinin, Nəriman Salmanoğlunun, Rəşid Namazın və neçə-neçə peşəkar aparıcının səsini və sözünü yəqin ki, hələ də xatırlayırlar. Bu 15 il ərzində bu insanlarla xüsusi, heç bir kəlməylə izah və təsvir oluna bilməyən bir doğmalıq telləri yaranmışdı aramızda. Onlar mənim üçün sadəcə verilişimin aparıcıları deyildilər, onlar mənim üçün bacım, qardaşım, əzizim, doğmam idilər. Sözümüz bir, söhbətimiz bir, dərdimiz bir, sərimiz bir idi. Bu yerdə onu da etiraf edim ki, o illər, ailə qayğıları səbəbindən taleyimin ən ağır illəri olsa da, yaradıcılıq baxımdan ən gözəl, unudulmaz, yaddaqalan illərim oldu... Və indi, o illərdən bizi 30 illik bir zaman məsafəsi ayırsa da, mən düşünürəm ki, o vaxtlar o redaksiyadakı səmimiyyətin başında məhz Heydər müəllim dayanırdı. Onun xarakterindəki ciddilik zahiri bir çərçivə idi, əslində isə onun daxilində anlayış və insanlara qarşı böyük diqqət vardı. Onunla ünsiyyət qurduqca bu xüsusiyyətlər daha aydın hiss olunurdu.

Heydər müəllim ayda 3 dəfə "Səhər” proqramını özü aparırdı, qalan günlərdə isə redaksiyanın digər əməkdaşları. Baxmayaraq ki, baş redaktor olduğundan, onun aparıcı olduğu günlər daha məsuliyyətli, həyəcanlı olurdum, onunla işləmək ayrı zövq verirdi adama. Çünki o, çox səliqəli, işini bilən, peşəkar aparıcı idi. Bəzən ötən gün ərzində baş verən hansısa mühüm hadisəyə aparıcı elə verilişin yazılışı prosesində fikir bildirməli, analitik təhlil etməli olurdu. Sirr deyil  ki, hər aparıcının bacarığı, səriştəsi, söz bazası bu prosesin tez başa gəlməsinə imkan vermir. Amma Heydər müəllim bu sarıdan əsl peşəkar idi. O, istənilən məsələyə ani fikir bildirməyi bacarırdı, nəsə yazanda isə buna çox az vaxt sərf olunardı. Verilişin bədii tərəfi olan mahnı seçiminə isə heç vaxt qarışmazdı. Bu işi hər zaman rejissorun öhdəsinə buraxardı. Onun bu hərəkəti məni daha da ruhlandırsa da, məsuliyyətimi bir az da artırırdı. Lakin bütün bunların nəticəsində keyfiyyətli, zəngin, dinlənilən bir veriliş alınırdı.

Yaradıcı insanlar yaxşı bilir ki, texniki proseslərlə müşayiət olunan veriliş hazırlanması zamanı hər cür gərginlik, sinirlərin hər cür gərilməsi baş verir. Bəzən elə situasiya yaranır ki, əsəblərini heç cür cilovlaya bilmirsən. Qeyd edim ki, Heydər müəllimin, çoxlarının bilmədiyi gizlin insani keyfiyyətləri məhz belə anlarda köməyimizə çatırdı. O, belə anlarda soyuqqanlığını qoruyur, ətrafındakıları sakitləşdirir, hər kəsə inam aşılayırdı. Gərginliyin ən yüksək həddə çatdığı məqamlarda belə, təmkinlə vəziyyəti dəyərləndirir, problemi böyütmək əvəzinə, onu addım-addım həll etməyə çalışırdı. Onun səsinin tonu, danışıq tərzi belə kollektivə rahatlıq gətirir, hər kəsə “hər şey qaydasına düşəcək” hissini verirdi. Bəzən hətta yumor hissini işə salmaqla, üzlərə bir təbəssüm bəxş edərdi. Məhz bu xüsusiyyətləri ilə o, təkcə peşəkar rəhbər deyil, həm də çətin anlarda dayaq olan, insanları bir araya gətirə bilən əsl komanda üzvü kimi təsir bağışlayırdı. Onun səsi, tövsiyələri və redaksiyada yaratdığı yaradıcı mühit hələ də qulaqlarımızdadır. O, bütün əməkdaşlara hər bir xəbərin arxasında məsuliyyətin dayandığını aşılayır, sözün gücünə inanmağı öyrədirdi. Biz, canlı efirdə səslənən hər kəlmənin çəkisini ölçməyi məhz ondan öyrəndik.

Heydər müəllimi xatırlamaq həmişə həm qürur, həm də nisgil hissi yaradır qəlbimizdə. O, yalnız peşəkar jurnalist deyil, həm də sözün həqiqi mənasında müəllim, cavanlara, hətta yaşıdlarına belə yolgöstərən və böyük ürək sahibi idi. Onun hər kəlməsi - bir məktəb idi.

O, baş redaktor kimi gənc əməkdaşlara xüsusi diqqət ayırar, onların ilk addımlarında yanında olar, istiqamət verərdi. Onun üçün jurnalistika sadəcə peşə deyil, bir missiya idi. Bu missiyanı isə dürüstlük, obyektivlik və insanlara xidmət prinsipləri üzərində qurmuşdu. Və onun bu məktəbinin dərslərini alan insanlar, bu gün təkcə Azərbaycan Televiziyası və Radiosunda deyil, bir çox Televiziya-Radio kanallarında, ali təhsil müəssisələrində, qəzet və jurnallarda o ənənəni yaşatmaqdadırlar... Və nə yaxşı ki, vaxtilə mən də bu məktəbdən yararlana bildim...

O, hər kəsə sözə qarşı hər zaman məsuliyyətlə yanaşmağı, həqiqəti qorumağı və dinləyiciyə qarşı dürüst olmağı öyrədirdi. Yazılara, mətnlərə etdiyi qeydlər bəzən sərt görünə bilərdi, amma hər kəs bilirdi ki, bu sərtliyin arxasında böyük qayğı və peşəkarlıq dayanır. O, redaksiyada yalnız nizam-intizam yaratmadı, eyni zamanda səmimi və mehriban bir mühit formalaşdırdı. Onunla işləyən hər kəs onun sadəliyini və insanlara olan hörmətini yaxşı xatırlayır. Və mən inanmıram ki, ətrafında olanlardan kimsə ondan bir zərrə narazı qalsın. O, hər bir əməkdaşın fikrinə dəyər verir, gəncləri ruhlandırır və onların inkişafı üçün əlindən gələni əsirgəmirdi. Sevindirici haldır ki, ailəsində olan gənclərdən də yolunu davam etdirən tapıldı. Belə ki, ailənin böyük övladı Tural atasının yolunu uğurla davam etdirir, gənc olmasına baxmayaraq, respublikada tanınmış jurnalistlərdəndir, televiziya sahəsində böyük uğurlara imza atır. Bu yerdə qeyd edim ki, vaxtilə Turalın, ilk əmək fəaliyyətinə başlayanda Azərbaycan Televiziyası ilə hər gün saat 18.00-da rusca apardığı “Gün” xəbərlər buraxılışını Heydər müəllimin necə sevinc və riqqətlə izləməyi hələ də yadımdadır. Çünki hər gün o saatlarda biz, aparıcıyla materialları götürüb, studiyada verilişi hazırlamağa başlayırdıq. Ailənin ikinci övladı Anar ölkəmizi xaricdə ləyaqətlə təmsil edən tanınmış həkim, Aysel isə savadlı kinoşünasdır.

Bu gün Heydər Zeynaloğlu, fiziki olaraq aramızda olmasa da, onun izi, öyrətdikləri və yaratdığı dəyərlər Radionun “Xəbərlər” redaksiyasında yaşayır. Hər yazıda, hər xəbərdə onun prinsiplərinin izlərini görmək mümkündür. Bu gün o, aramızda olmasa da, onun ideyaları və öyrətdikləri bizimlədir. Hər efirə çıxanda, hər xəbəri hazırlayanda onun səsini sanki yenidən eşidirik – sakit, amma qətiyyətli.

Heydər müəllimin heyran olduğumuz xüsusiyyətlərindən biri də (bəlkə də ən başlıcası) onun möhkəmliyi idi. Həyat sınaqlarla doludur. Bu dünyada kimsə tapıla bilməz ki, həyatı bu sınaqlardan uzaq olsun. Kiminin payına az sınaq düşür, kiminin payına çox. Əsas şərt bu sınaqlara dözməkdir.

Heydər müəllim hələm-hələm söz danışmazdı, ürək sözünü, dərdini deməzdi. Amma mənimlə hər imkan düşdükdə dərdləşər, bəlkə də kollektivdə çoxlarına demədiyi ürək sözünü bölüşərdi. Az haqsızlıq da görmədi həyat yolunda. Bütün bunlara baxmayaraq, o, heç vaxt sınmadı, küskünlüyünü işinə və insanlara münasibətinə yansıtmadı. Əksinə, yaşadıqlarından bir həyat dərsi kimi istifadə edir, daha da möhkəmlənirdi. Haqsızlıqlar onu sərtləşdirmək əvəzinə, daha anlayışlı və səbirli etmişdi. Bəzən susqunluğunun arxasında gizlənən bu ağrını yalnız diqqətlə baxanlar hiss edə bilirdi. Bunu isə bir biz - yaxınları, bir də sədaqətli ömür-gün yoldaşı Zəhra xanım duya bilirdi. Zəhra xanım isə bu sükutun dilini hamıdan yaxşı anlayırdı. Onun baxışlarından, yarımçıq qalan cümlələrdən belə nələrin keçdiyini hiss edirdi. Sanki illərin birgə yolçuluğu onları sözsüz danışa bilən iki qəlbə çevirmişdi. O bilirdi ki, bəzi ağrılar sualla deyil, sadəcə varlıqla yüngülləşir. Zəhra xanım üçün bu, sadəcə həyat yoldaşı olmaq missiyası deyildi. Bu, bir ömrü paylaşmaq, onun yükünü də, sevincini də çiyin-çiyinə daşımaq idi. Heydər müəllim isə yenə də ən gərgin situasiyalarda öz təmkinini qoruyur, səsini qaldırmadan, şikayət etmədən yoluna və işinə davam edirdi. O, həmişə məğrur dayandı, sona qədər başını dik tutdu...

Mən, dürüstlük, obyektivlik, peşəkarlıq, sadəlik, təvazökarlıq və səmimiyyət nümunəsi olan unudulmaz Heydər müəllim haqqında çox söz deyə bilərəm. Amma hesab edirəm ki, bu kiçik yazımı onun xatirəsinə ünvanladığım kiçik şeir parçası ilə tamamlasam, daha düzgün olar:

Çoxlarına əziz, doğma kəs idi,

Dəli bir rüzgara dönən səs idi.

Adi bir kəlməsi, sözü bəs idi.

Dəyərli söz oldu Heydər müəllim.

Özün tərifləməz, özün öyməzdi,

Haqsızlıq önündə boyun əyməzdi.

Artıq danışmazdı, çox söz deməzdi,

Sözündə düz oldu Heydər müəllim.

Yaxşını yamandan seçə biləndə,

Sınaqlı yollardan keçə bilində.

Sevən könüllərə köçə biləndə,

Sönməyən köz oldu Heydər müəllim.

Bir yandan boşalıb-dolan dünyada,

Arzusu, ümidi solan dünyada.

Təpədən-dırnağa yalan dünyada,

Qəlbi təmiz oldu Heydər müəllim.

Həyatdan çox az şey götürdü, getdi,

Köksünü qəhərlə ötürdü, getdi.

Ömrünü şərəflə bitirdi, getdi,

Silinməz iz oldu Heydər müəllim.

Ruhu şad olsun!

Anar Məmmədov,

Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
525.az

1Mənbələr