AZ

ABŞ-nin İrana qarşı hərbi əməliyyata xərclədiyi məbləğ açıqlanıb

ABŞ İrana qarşı hərbi əməliyyata 61,3 milyard dollardan çox vəsait sərf edib.

Olaylar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, 28 fevraldan bəri əməliyyat üçün ABŞ büdcəsindən ayrılan vəsait 61 milyard dolları keçib. Hazırda ölkə xəzinəsindən hər saniyə 11,5 min dollardan artıq məbləğ xərclənir.

Göstəricilər real vaxt rejimində yenilənir və hesablamalara şəxsi heyətin təminatı, bölgəyə göndərilən hərbi gəmilər, eləcə də digər əlaqəli xərclər daxil edilir.

Hesablama üsulu Pentaqon tərəfindən ABŞ Konqresi-nə təqdim olunan hesabatlara əsaslanır. Həmin sənədlərdə qeyd olunur ki, əməliyyatın ilk altı günündə 11,3 milyard dollar xərclənib, sonrakı mərhələdə isə gündəlik xərclər təxminən 1 milyard dollar səviyyəsinə yüksəlib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
2
olaylar.az

3Mənbələr