AZ

Nəinki qadınlar, kişilər də başlarını örtməlidir – bunu bir biləndar deyir

26+ ildən bəri müğənnilik fəaliyyəti ilə məşğul olan Xuraman Şuşalı deyib ki, hicablı olduğu üçün bəzi telekanallar onu öz efirlərinə dəvət etmirlər.

Əslində Xuraman xanımın iş stajını 26+ il göstərməyim dəqiq olmaya bilər. Sadəcə, mən 26 il əvvəl “W trio” qrupuna daxil olan qızları bir məclisdə görmüşəm, ordan yadımda qalıb. O vaxt onlarən “A ləli yar” oxuyan vaxtlarıydı, məclisə işıldayan və o qədər də uzun olmayan qızılı libasda gəlmişdilər. Allah tərəfi, yaraşırdı.

Sonradan o biri müğənni qızlar yaşlandıqca geymlərində müəyyən korrektələr etsələr də, Xuraman radikal dəyişiklik etdi, Yaxın Şərq ölkələrində, konkret desək, Səudiyyə Ərəbistanı, İran kimi şəriət ölkələrində populyar olan geyim tərzinə keçdi. Bu, əlbəttə ki, onun müstəsna hüququ idi.
Ancaq indi məlum olur ki, o kombinlə səhnə-konsert-efir işləri rəvan getmir.

Bu barədə müğənni xanım özü belə deyib: “Kanallarla yanaşı, bir çox restoranlar da məni dəvət etmir. Deyirlər ki, Xuraman, başın açıq olsaydı, bütün toylar sənin idi. Düşünürəm ki, hicabın məclisə nə dəxli var?!... Hicaba görə böyük qazancdan məhrum olmuşam. Dövlət kanallarına rəsmi şəkildə müraciətlər etsəm də, yollarım bağlıdır. Din azadlığı olan ölkədə yaşayırıq. Belə olmalı deyil”.

Xuraman haqlıdır, din, etiqad azadlığı olan ölkələrdə belə olmalı deyil. Dinin hökmran olduğu ölkələrdə bu cür qadağalar yoxdur. Orada qadınların heç hicabla oxumasına da izn vermirlər. Məsələn, Əfqanıstanda oxuyan qadının başını hicabını açmadan kəsərlər. Kişilərin oxuması da yasaqdır, ən uzağı, ilahilər oxuya bilərlər, sebgi-məhəbbətdən oxusalar, qanları gedir. “Taliban” hakimiyyətə yenidən gələndə neçə müğənnini qapısının ağzında öldürdülər. Arada bir dumbulçalanı da möhkəm döymüşdülər.
Yenə xanım şükür eləsin ki, sekulyar ölkədə yaşayır, şəriət ölkəsində yaşasaydı, sənətinin daşını atmalı olardı. O boyda Ququş şöhrətinin zirvəsində olanda mollaların qorxusundan İrandan qaçaq düşmədimi? Qalsaydı, ya çadra geydirəcəkdilər, ya da tutub asacaqdılar ki, şahın hüzurunda ana dilində “Səkinə dayqızı” mahnısı oxumusan.

Amma telekanallar da düz eləmir, qapalı geyinəndə nə olar ki? Beşi lüt-madərzad çıxıb oxuyanda, qoy biri də studiyaya Vatikan rahibələri və ya Monserrat Kabalye kimi geyinib gəlsin.

İsti ölkələrdə yandırıcı günəş şüalarından qorunmaq üçün nəzərdə tutulan o cür geyimlər bizim iqlimə o qədər də uyğun deyil, elə ona görə də bir çox qadınlar sırf tıncıxdıqlarına görə onu sevmirlər. Bizimkilər dədə-babadan fəsilləri kələğayı (şal, yaylıq, ləçək, təsək və s.) ilə ötürüblər.

1-2 il əvvəl Qazaxıstanda dövlət rəhbərliyi bu cür libasları “ərəb geyimləri” adlandırdılar və bəyan etdilər ki, bu sadəcə, başqa xalqın milli geyimidir, dini libas deyil. Qardaşlar ona istinad edirdilər ki, qışda Qazaxıstanda havanın temperaturu -40 dərəcəyə çatanda Ərəbistanda 30 dərəcə isti olur, ona görə də ərəblər və qazaxlar eyni cür geyinə bilməzlər.

Yəni dindar olsan və Karaqandada kürk, tulup geyərək, ayağına dolaq sarıyırb patavaya soxsan, dinə zidd hərəkət etmiş olmazsan. Sibir qışını səndəl və çalma ilə yola vermək olmaz.

Hər bir geyim iqlimə uyğun, orqanizmə faydalı olmalıdır. Mənim ensiklopedik biliyə malik bir simsarım var, oxumadığı kitab qalmayıb, özünün də zəngin kitabxanası var, o deyir ki, istər kişi, istər qadın, açıq havada başı açıq gəzməməlidir. Biləndar qardaşın adı Əhdimandır və qətiyyən dindar deyil. Onun nəzəriyyəsinə görə, qadının və kişinin başının düz ortasına günəş şüası sürəkli düşərsə, beyində kimyəvi proseslər gedər və orqanizmdə maddələr mübadiləsi pozular, nəticədə onkoloji mərəzlər əmələ gələr.

Qardaş deyir ki, fikir verirsinizmi, bütün isti ölkələrdə kişilər başlarına nəsə bir şey qoyurlar – şlyapa, panama, börk, araqçın, fəs, kufiya, kapoten, qalpaq, çalma, silindr, pakol, beret, borçalino (bu borçalıların papağı deyil, italyanlarınkıdır), kipa, sombrero, karoçu və s. və i.a.

Uzun sözün kəsəsi, dünyada papaqsız millət yoxdur. Hamı başını qoruyur ki, gün təpələrini deşməsin, şaxtalı külək qulaqlarını dondurub yerə salmasın.

Bu baxımdan baş örtüsü iqlimin zəruri etdiyi aksessuardır. Hətta din onu yasaqlasa da, insan başını qorumağa məcburdur. 

Ona görə də başını qorumaq istəyənlərə dözümlü yanaşmaq lazımdır. Bu, tibbi baxımdan vacibdir. Yoxsa qadının öz saçını-başını naməhrəm gözlərdən qoruması mümkün deyil, yanıq kişinin gözləri rentgen kimi bir şeydir. 

Əslində baş örtüsü qadınlardan çıx kişilərə lazımdır. Çünki başlarının ortası vaxtsız-vədəsiz keçəlləşir, müdafiəsiz hala gəlir. Yəhudilər və özbəklər əbəs yerə həmin nahiyəyə şapalaq boyda kipa və araqçın qoymurlar.

**

Dünya köhnə dünyadır, qədim ənənələrə dair bilgiləri təzədir.

 

Seçilən
2
50
musavat.com

10Mənbələr