AZ

“Çovdar” mədənində bərpa işləri

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“AzerGold” QSC yerli və beynəlxalq qanunvericiliyə, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq Daşkəsən rayonunun Çovdar kəndinin yaxınlığında yerləşən emal kompleksində rekultivasiya işlərinə başlanılıb.

Qurumdan verilən məlumata əsasən, “Çovdar” inteqrəolunmuş regional emal sahəsində yerləşən, hazırda istismara yararsız 88 hektarı əhatə edən boş süxur anbarının 15 hektarlıq hissəsində artıq münbit torpaq qatı bərpa edilib, yamacbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə bioloji rekultivasiya tədbirləri çərçivəsində əraziyə 300 kiloqram yonca toxumu səpilib. Görülən işlər torpaq strukturunun yaxşılaşdırılmasına və ekosistemin mərhələli şəkildə bərpasına xidmət edir.

Rekultivasiya tədbirləri üzrə layihə planının növbəti mərhələləri çərçivəsində mədənin digər sahələrində hasilat nəticəsində münbitlik xüsusiyyətləri dəyişmiş torpaqların bərpası işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bu mərhələdə rekultivasiya tədbirləri mədən şirkətlərinin ekoloji məsuliyyətinin ayrılmaz hissəsi olmaqla qanunvericilik və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.

Yeri gəlmişkən, “AzerGold” QSC ölkədə rekultivasiya işlərini həyata keçirən ilk dağ-mədən şirkətidir. Artıq şirkət istismarı başa çatmış “Ağyoxuş-1” qızıl mədənində rekultivasiya işlərini başa çatdırıb.

Qeyd edək ki, rekultivasiya faydalı qazıntıların çıxarılması, tikinti və ya çirklənmə nəticəsində pozulmuş torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühiti yaxşılaşdırmaq üçün həyata keçirilən kompleks tədbirlər sistemidir. Bu proses pozulmuş relyefi düzəldir və torpağı yenidən kənd təsərrüfatı, meşəsalma və ya rekreasiya məqsədləri üçün yararlı hala gətirir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
12
xalqqazeti.az

10Mənbələr