AZ

Əqli mülkiyyət və zaman: yeni infrastruktur, innovasiya, yaradıcılıq və süni intellekt

26 Aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür

2000-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) 26 aprel tarixini Beynəlxalq Əqli Mülkiyyət Günü elan etmişdir. Bu münasibətlə hər il müxtəlif formatlı tədbirlər, o cümlədən konfranslar, sərgilər, yaradıcı şəxslərlə görüşlər təşkil olunur.

2001-ci ildən başlayaraq ölkəmizdə də hər il 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü ilə əlaqədar geniş tədbirlər keçirilir. Tədbirlərin məqsədi əqli mülkiyyətin mədəni irsin zənginləşməsində, innovasiya və yaradıcılığın təşviqində, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı rolunu diqqətə çatdırmaq, yaradıcı insanların fəaliyyətini dəstəkləmək və stimullaşdırmaqdır.

Məlumat üçün qeyd edək ki, ÜƏMT hər il 26 Aprel Beynəlxalq Əqli Mülkiyyət Gününün bir deviz altında keçirilməsini tövsiyə edir. 2026-cı ilin devizi belədir: “Əqli Mülkiyyət və İdman: start, diqqət, innovasiya!”.

Mövzunun aktuallığını nəzərə alaraq, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər, ixtira və patent fəallığı, habelə əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması, süni intellekt və müəlliflik hüququ ilə bağlı Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovla müsahibəni təqdim edirik.

– Kamran müəllim, icazənizlə söhbətimizə əqli mülkiyyət ofislərinin İKT vəziyyəti, rəqəmsal transformasiya, əqli mülkiyyətin idarə edilməsi, bu sahədə infrastruktur, eləcə də proseslərin avtomatlaşdırılma dərəcəsi, kiberdavamlılıq və rəqəmsal xidmətlərin səviyyəsindən başlayaq. Əqli mülkiyyətin idarəçiliyi sahəsində ölkəmizin təcrübəsi həmişə nümunə kimi göstərilir. Bu barədə nə deyə bilərsiniz?

– Bəli, əqli mülkiyyətin idarəçiliyi sahəsində ölkəmizin təcrübəsinin nümunə göstərilməsi qürurvericidir. Qeyd etməliyəm ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn vəzifələrin qlobal sosial-iqtisadi sahələrdə uğurla həyata keçirilməsində milli əqli mülkiyyət sisteminin çəkisi əhəmiyyətli dərəcədə artmışdır. “2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası” adlı proqram sənədində də xüsusi olaraq vurğulanır ki, yeni sosial-iqtisadi inkişaf modelinin əsasını yaradıcı sahibkar, səmərəli investisiyalar, həmçinin innovasiyaları və rəqabətli bazarları dəstəkləyən əqli mülkiyyətin inkişafı təşkil edir. Əqli mülkiyyət ofislərinin rəqəmsal yetkinlik səviyyəsi isə onların səmərəliliyinin, dayanıqlılığının və müasir çağırışlara cavab vermək qabiliyyətinin mühüm göstəricisidir. Buna görə də öncə əqli mülkiyyət ofisləri tərəfindən keyfiyyətli rəqəmsal xidmətlərin göstərilməsinin təmin edilməsində institusional islahatların əhəmiyyətinə toxunmaq istərdim. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilmiş institusional islahatlar çərçivəsində əqli mülkiyyətin daim yenilənən mahiyyətinə və onun yeni formada dərk edilməsinə uyğun olaraq unikal idarəetmə qurumu – Əqli Mülkiyyət Agentliyi yaradılmışdır. Agentlik əqli mülkiyyətin bütün sahələrinin daha çevik, kompakt və məqsədyönlü şəkildə idarə olunması, habelə şəffaflığın, səmərəliliyin və hesabatlılığın təmin edilməsi məqsədilə təsis edilmişdir.

İslahatlar nəticəsində əqli mülkiyyətin müxtəlif istiqamətlərinin vahid “çətir” altında birləşdirilməsi onların bir-birinə qarşılıqlı müsbət təsir göstərməsinə şərait yaratmışdır. Bu yanaşmanın əqli mülkiyyət qurumunun rəqəmsal xidmətlər göstərməsi sahəsində potensialının inkişafında da rolu böyükdür.

Ölkəmizdə əqli mülkiyyət yalnız hüquqlar məcmusu deyil, ilk növbədə, müvafiq hüquqlarla təmin edilmiş əqli mülkiyyət obyektləri kimi nəzərdən keçirilir. Buna görə də müasir əqli mülkiyyət ofisi həm də əqli mülkiyyət obyektlərinin iqtisadi təsirini, onların sosial-mədəni nəticələrini müəyyənləşdirən institut kimi formalaşmalıdır. Müvafiq olaraq, tətbiq edilən informasiya-kommunikasiya texnologiyaları modelləri və strukturu da bu yanaşma nəzərə alınmaqla qurulmalıdır və biz bu istiqamətdə çalışırıq.

2014-cü ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya təsdiq edilmişdir. Dövlət başçısının 2025-ci ildə imzaladığı digər fərmanlar ilə Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul olunmuşdur. Bu sənədlərdə inkişafın əsas elementi kimi əqli mülkiyyət prioritet istiqamət olaraq müəyyən edilir.

Xüsusi vurğulamalıyam ki, əqli mülkiyyət siyasəti formalaşdırılarkən əsas istiqamətləndirici meyarlardan biri kimi transaksion xərclər nəzərə alınır. Onların minimuma endirilməsi isə həm İT infrastrukturuna operativ nəzarət etməyə, həm də maliyyə resurslarını səmərəli şəkildə yeni rəqəmsal həllərin hazırlanmasına yönəltməyə imkan verir.

Əqli Mülkiyyət Agentliyinin strukturu və fəaliyyəti dünyanın 204 əqli mülkiyyət idarəsi arasından seçilmiş 15 nümunəvi qurum sırasına daxil edilmişdir. ÜƏMT-nin “Vizioner - gələcəyə baxan innovativ liderlərin Hesabatı”nda əqli mülkiyyət və informasiya texnologiyaları məsələləri ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyinin mövqeyi dərc edilib. Hesabatda Cənubi Qafqaz və MDB regionlarından yalnız Azərbaycan təmsil olunmuşdur.

– Bəs, konkret olaraq, İT infrastrukturunun təkmilləşdirilməsi, eləcə də əqli mülkiyyət ekosisteminin iştirakçıları üçün rahatlığın və əlçatanlığın təmin olunması məqsədilə hansı işlər görülür?

– Söhbətimizə başlayanda qeyd etdim ki, Azərbaycanın milli əqli mülkiyyət sistemi artıq beynəlxalq arenada özünə layiqli yer tutub. Əqli Mülkiyyət Agentliyi ilbəil müasirləşir və peşəkar qurum olaraq əqli mülkiyyət ofisləri arasında böyük nüfuz qazanmışdır. Bir neçə ildir ki, həm sənaye mülkiyyəti obyektlərinin (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) patentləşdirilməsi və qeydiyyatı ilə bağlı iddia sənədlərinin, həm də Əqli mülkiyyət mübahisələri üzrə Apellyasiya Şurasına müraciətlərin qəbulu 24/7 rejimində fəaliyyət göstərən və Elektron Hökumət İnformasiya sisteminə inteqrasiya olunmuş “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirilir. Açıqlıq, operativlik və şəffaflıq təmin olunmuş, PƏNAH sistemi vasitəsilə uğurla tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi əqli mülkiyyət sahəsində göstərilən dövlət xidmətlərinin səmərəsini və səviyyəsini əhəmiyyətli dərəcədə artırmışdır. İddiaçılara daha rahat, əlçatan və operativ formada müraciət etmək imkanı yaradılıb. Elektron Hökumət Portalı və dövlət ödənişləri sisteminə tam inteqrasiya olunmuş PƏNAH ixtiralardan və əmtəə nişanlarından tutmuş coğrafi göstəricilərə qədər bütün əsas istiqamətləri əhatə edir. Müasir dövr üçün xüsusilə vacib məqam sistemin mobil platformalarda da əlçatanlığı, həmçinin iddia sənədlərinin 3D formatda təqdim olunması kimi innovativ funksiyanı dəstəkləməsidir.

Həyata keçirilən rəqəmsallaşma yalnız sənaye obyektləri ilə məhdudlaşmır, bu proses həm də müəllif hüquqlarının qorunmasını əhatə edir.

Agentlikdə qeydiyyata alınmış 6494 müəllifə məxsus 17 335 əsər (2800-dən çox əsər elektron qaydada qeydiyyatdan keçirilib) barədə məlumatların verilməsini təmin edən, Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş elektron xidmət fəaliyyət göstərir. İstənilən şəxs bu xidmətdən istifadə etməklə Agentlikdə qeydiyyata alınmış əsərlər barədə məlumatları real vaxt rejimində elektron qaydada əldə edə bilər.

52300-dən çox patentləşdirilmiş və qeydiyyata alınmış sənaye mülkiyyəti obyektləri haqqında məlumatlara çıxışı təmin edən “Sənaye mülkiyyəti obyektlərinin reyestri” (“Açıq reyestrlər”) yaradılıb. Hər kəsin “Açıq reyestrlər”ə maneəsiz və ödəniş etmədən daxil olaraq patentlər və qeydiyyatdan keçirilmiş əmtəə nişanları barədə məlumatlarla tanış olmasına şərait yaradılmışdır. Əqli mülkiyyət məsələləri üzrə müraciətlərə operativ və obyektiv baxılması, cavabların hazırlanması, ərizəçilərin məlumatlandırılması və məsləhət xidmətlərinin göstərilməsi məqsədilə ötən il Agentliyin rəsmi internet resurslarında müraciətlərin onlayn qəbulunu həyata keçirməyə imkan verən elektron xidmət istifadəyə verilmişdir. İndiyə qədər bu xidmət vasitəsilə ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və müəlliflik hüquqları ilə bağlı təxminən 1000-dən çox müraciət daxil olmuşdur. Hər bir müraciət Agentliyin mütəxəssisləri tərəfindən operativ şəkildə araşdırılır və cavablandırılır.

Agentlik Avrasiya Patent Təşkilatı (APT) ilə birlikdə PƏNAH rəqəmsal informasiya sisteminin ÜƏMT-nin IPAS sistemi ilə inteqrasiyasına dair xüsusi layihə həyata keçirmişdir. APT ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan digər layihə isə Avrasiya patentlərinin alınması üçün iddia sənədlərinin təqdim edilməsinin avtomatlaşdırılması ilə bağlıdır.

– Cənab Sədr, bu islahatların real nəticələri nədən ibarətdir?

– Statistik rəqəmlərlə oxucalarınızı yormaq istəməzdim, lakin bir neçə mühüm nəticəni qeyd etmək yerinə düşər: ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciyə dair iddia sənədlərinin ekspertizasının müddəti orta hesabla 30-50 faiz azaldılıb.

Beynəlxalq reytinqlərdə əqli mülkiyyət sahəsində ölkəmiz üzrə göstəricilər ilbəil yaxşılaşır. 139 ölkənin iqtisadiyyatını əhatə edən və innovasiya fəaliyyətinin potensialı, səmərəliliyi və çərçivə şərtlərinə dair təxminən 80 indikator-göstərici əsasında tərtib olunmuş “Qlobal İnnovasiya İndeksi - 2025”də “mənşəyinə görə patent müraciətləri” indikator-göstəricisi üzrə Azərbaycan 57-ci yeri tutaraq Moldovanı (64-cü yer), Tacikistanı (77-ci yer) və Ermənistanı (79-cu yer) qabaqlamışdır. “Mənşəyinə görə faydalı modellər” və ya “kiçik patentlər” indikator-göstəricisi üzrə isə 38-ci pillədəyik.

Sənaye mülkiyyəti sahəsində göstərilən dövlət xidmətlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Patentlərin alınması ilə bağlı iddia sənədlərinin sayı da ilbəil artır. 2025-ci ildə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair Agentliyə 481 iddia sənədi, o cümlədən ixtiraya aid 282, faydalı modelə aid 77, sənaye nümunəsinə aid 65 və Avrasiya patentinin alınması üçün 57 iddia sənədi daxil olmuşdur. 2025-ci ildə 214 patent verilib. Beləliklə, 2025-ci ildə ixtira fəallığı 2024-cü illə müqayisədə 37,8 faiz, patent fəallığı isə 15,7 faiz artmışdır.

İxtira fəallığı 2026-cı ilin birinci rübündə də yüksək olmuşdur: rüb ərzində yalnız ixtiralara dair Agentliyə 109 iddia sənədi daxil olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Ümumilikdə isə ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədlərinin sayı 149-dur (PCT və Avrasiya patentlərinin alınması ilə bağlı iddia sənədləri daxil olmaqla).

2026-cı ilin birinci rübündə patent fəallığı isə daha yüksək olmuşdur: 53 patent verilib (2025-ci ilin müvafiq dövründə verilən patentlərin sayı 38-dir).

Əqli Mülkiyyət Agentliyinin təklifləri əsasında “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra fundamental dəyişiklik edilmişdir. Bu il martın 31-dən qüvvəyə minmiş dəyişikliklərin tətbiqi nəticəsində ixtira və patent fəallığının daha da artacağı proqnozlaşdırılır. Patent alınması ilə bağlı iddia sənədlərinin ekspertiza müddəti də əhəmiyyətli dərəcədə azalacaq.

Keçən il Əmtəə nişanlarının Dövlət reyestrində 3100 nişan qeydiyyata alınmışdır ki, bu da 2024-cü illə müqayisədə 256 ədəd çoxdur. Bu ilin birinci rübündə isə 539 əmtəə nişanı qeydiyyata alınıb (2025-ci ilin müvafiq dövründə 464 nişan qeydiyyatdan keçirilib). Əmtəə nişanlarının qeydiyyatına dair cari ilin birinci rübündə PƏNAH elektron sistemi vasitəsilə Agentliyə 1012 iddia sənədi (2025-ci ilin müvafiq dövründə 894 iddia sənədi) daxil olub.

Ötən il 512 müəllif-hüquq sahibinə məxsus 900 əsər və əlaqəli hüquqların obyekti olan ifa qeydiyyatdan keçirilib. 2026-cı ilin birincü rübündə isə 115 müəllifə (hüquq sahibinə) məxsus 210 əsər (2025-ci ilin müvafiq dövründə 167 əsər) qeydiyyata alınıb. Bir sözlə, aparılmış institusional dəyişikliklər və İKT tətbiqi nəticəsində ixtira, patent və müəllif fəallığı artmışdır.

– Yeri gəlmişkən, ölkəmizin əqli mülkiyyət sahəsində beynəlxalq təşkilatlarda mövqeyi necədir?

– Ölkəmizin əqli mülkiyyət sahəsində də beynəlxalq nüfuzu həmişə güclü olub. ÜƏMT üzv dövlətlərinin assambleyalarının 66-cı iclasında Bern İttifaqı İcraiyyə Komitəsinin daimi üzvü seçilmiş 40 ölkə sırasında yer almışdır. Azərbaycan, həmçinin 2027-ci ildə keçiriləcək Baş Assambleyanın növbəti sessiyasının bağlanışınadək olan dövr üçün ÜƏMT-nin ən vacib rəhbər orqanlarından olan Koordinasiya Komitəsinə 194 ölkə arasından daimi üzv seçilmiş 83 dövlətdən biridir. Həmin dövrədək Azərbaycan Proqram və Büdcə Komitəsində təmsil olunacaq 53 dövlət sırasında da yer almışdır. ÜƏMT-nin assambleyalarının vəzifəli şəxslərinin seçkilərində isə Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin başçısı 118 üzv dövlətin təmsil olunduğu ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyasının sədri seçilib, bundan öncə isə Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern İttifaqı Assambleyasının sədri olmuşdur.

Beləliklə, Azərbaycan hazırda BMT-nin ən böyük qurumlarından biri olan ÜƏMT-nin 3 böyük komitəsində təmsil olunur və onun ən vacib assambleyasından birinə rəhbərlik edir.

– Mümkünsə, bir məsələyə də münasibət bildirməyinizi xahiş edirəm: ixtira, faydalı model və sənaye nümunələri üzrə iddia sənədlərinin elektron qaydada qəbulu özünü doğruldurmu? Başqa sözlə desək, tətbiq olunan süni intellekt əsaslı həllər və vahid rəqəmsal platforma iş prosesinin səmərəliliyinə və “əqli fəaliyyətin nəticəsi” kimi “qorunan əqli mülkiyyət obyekti” anlayışlarının qarşılıqlı əlaqəsinin daha dərindən anlaşılmasına necə təsir göstərir?

– Patentlərin alınması və əmtəə nişanlarının qeydiyyatı ilə bağlı müraciətlərin qəbulunun 24/7 rejimində fəaliyyət göstərən PƏNAH rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirildiyi barədə bir az əvvəl danışdım. Əlavə olaraq onu da oxucularınızın diqqətinə çatdırım ki, MDB məkanında ilk dəfə olaraq ixtira, faydalı model və sənaye nümunələri üzrə iddia sənədlərinin 3D formatda qəbulu uğurla davam etdirilir. Həmçinin ölkəmizdə yaşayan və fəaliyyət göstərən bütün ərizəçilərə PƏNAH sistemi vasitəsilə Avrasiya Patent İdarəsinə (APİ) Avrasiya patenti almaq üçün iddia sənədlərini göndərməyə imkan verən funksionallıq istifadəyə verilmişdir. APİ ilə əməkdaşlıq çərçivəsində patentləşdirmənin əsas proseslərinin avtomatlaşdırılması və intellektual dəstək üçün Agentliyin daxili informasiya sistemləri ilə inteqrasiya nəzərə alınmaqla süni intellekt əsaslı həllərin hazırlanmasına başlanılmışdır.

Əqli Mülkiyyət Agentliyinin rəsmi internet saytına inteqrasiya olunmuş xüsusi müyəssərlik (əlçatanlıq) menyusu müxtəlif ehtiyacları olan, əsasən görmə məhdudiyyətli şəxslər və xüsusi tələbatı olan istifadəçilər üçün informasiya resurslarına daha rahat və əlçatan çıxışı təmin edir.

Dövlət xidmətlərinin ərizəçilərə daha rahat və operativ təqdim olunması məqsədilə Agentlik öz kadr potensialı çərçivəsində məsləhət imkanları təqdim edən “süni intellekt əsaslı bot”un yaradılması ilə bağlı layihə işləyib hazırlamışdır. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan bot əqli mülkiyyət sahəsində sualları cavablandıran məsləhətçi rolunda çıxış edəcək.

– Kamran müəllim, bu gün cəmiyyəti, xüsusən yaradıcı şəxsləri narahat edən məsələyə də münasibətinizi bilmək maraqlı olardı: süni intellektin yaratdığı məhsulların müəllifliyi məsələsi dünyada geniş müzakirə olunur. Sİ vasitəsilə hazırlanan kitablar, çəkilən rəsmlər, bəstələnən musiqilərin müəllifi kimdir: proqram istifadəçisi, yoxsa kim? Bu istiqamətdə Azərbaycanın mövqeyi necədir?

– Süni intellektin əsas üstünlüyü odur ki, onun strukturu və qəbul etdiyi qərarlar insan prinsiplərini təqlid və imitasiya edən modellərə əsaslanır. Başqa sözlə, Sİ-nin dəyəri onun antropoloji səciyyəsində, subyektə məxsus təqribi zəka imkanlarına söykənməsində və düşünmə, müzakirə aparma, problemi həll etmə kimi insanın idrak funksiyalarını imitasiya edə bilməsindədir. Hazırda bu imkanlar zəif olsa da, gələcəkdə artması düşünülür, lakin məhz bu amillər müasir Sİ-nin ən həssas, ən çox müzakirə olunan cəhətləridir və bu səbəbdən ümumibəşəri yanaşmanı antropomərkəzçi mövqedə saxlamağa sövq edir. Bu mövqenin mahiyyəti belə ifadə olunur: yaradan (müəllif və ya ixtiraçı) kimi yalnız insan tanınır.

Qeyd etməliyəm ki, son 30-40 ildə süni intellektin imkanları haqqında ictimai-elmi fikir Sİ sistemlərinin özlərinin inkişafının və təkamülünün ardınca evolyusiya yolunu keçib. Şəxsi təcrübəmə əsaslanaraq demək istəyirəm ki, hələ ötən əsrin 70-ci illərinin sonu – 80-ci illərin əvvəllərində Ali və Orta İxtisas Təhsili Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinin direktoru olduğum dövrdə riyaziyyatçılar üçün qeyri-səlis sistemlər, qeyri-səlis məntiq və neyron şəbəkələri üzrə mühazirələr oxuyurdum.

O vaxt bu sahələrdə hər bir elmi irəliləyiş ruh yüksəkliyi bəxş edirdi, ilham verirdi, fəlsəfi-hüquqi mübahisələr doğurmurdu. “Sİ və ümumilikdə informasiya texnologiyaları insanı əvəz edəcəkmi?” sualı yalnız fantastika janrına aid edilirdi. Hazırda isə indiki diskurslarda fikrimcə, biri-biri ilə sıx düyünlənmiş iki problem mövcuddur: birincisi – süni intellekt insanın yaratdığına bənzər əqli fəaliyyət nəticələri (ƏFN) yarada bilərmi və yaradıcılıq prosesində insan subyektinin düşüncəsini, təfəkkürünü əvəz edə, hətta onu yaratmış insandan üstün ola bilərmi?

Cavab belədir: “Xeyr”.

Biz hesab edirik ki, Sİ qavrama (o cümlədən emosional qavrama) və şüurla bağlı suallara yaxın gələcəkdə cavab verə bilməyəcək. Çünki məntiqi nəticə çıxarılması qaydaları və onlara uyğun məntiqlər hələlik buna imkan vermir. İkinci problem – generativ Sİ tərəfindən təqdim olunan ərizələrin birbaşa Sİ adından qeydiyyata alınması mümkündürmü?

Prinsipial cəhətdən “bəli” mümkün ola bilər. Amma burada dərhal başqa bir sual yaranır: hüquq sahibi “kim” və ya “nə” olacaq və niyə “elektron şəxslər” “hüquqi şəxslər” analogiyası ilə hüquq sahibi qismində tanınmasın? Hüquqi və fiziki şəxslərin hüquqlarındakı oxşarlıqlara və fərqlərə baxdıqda görürük ki, hüquqi şəxslər müəllif (ixtiraçı) ola bilməz və fiziki şəxslər kimi şəxsi qeyri-əmlak hüquqlarına malik deyil. Fərq yalnız bundadır.

Beləliklə, Sİ hazırda əqli fəaliyyət nəticəsini (ƏFN) tələb olunan səviyyədə təqdim etsə də, bu nəticə yalnız süni intellektin adına bağlanıla bilməz. Səbəbi isə süni intellektin əqli mülkiyyətin subyekti olmamasıdır. Üstəlik, əgər hipotetik olaraq, nə vaxtsa mümkün olsa da, ÜƏMT-nin bütün dövlətlərində yanaşma eyni olmalıdır, çünki ayrıca bir dövlətdə qorunma tətbiq edilirsə, müvafiq çoxtərəfli beynəlxalq müqavilələrə uyğun olaraq digər dövlətlərdə də tətbiq olunmalıdır.

– Kamran müəllim, fərqi çox gözəl izah etdiniz. Əgər fərq varsa, yəqin ki, oxşarlıq da var. Oxşarlıq nədən ibarətdir?

– Oxşarlıq ondan ibarətdir ki, hüquqi şəxslər hüquq sahibi ola və müstəsna hüquqları əldə edə bilərlər. Fiziki şəxslər üçün bu hüquqların əsasları kifayət qədərdir – yaratma, miras, müqavilə, hüquqi şəxslərdə isə yalnız xidməti əsərlər, hüquqi varislik və müqavilədir. Açığını deyim ki, bu sahədə ÜƏMT-nin görəcəyi işlər çoxdur, çünki xüsusi hüququn, ilk növbədə, əqli mülkiyyət hüququnun təkmilləşdirilməsi kollektiv çalışma tələb edir. Düşünürəm ki, birinci problemə dair bəzi haqlı arqumentlər süni şəkildə ikinci problemə aid arqumentlərə çevrilir.

Dəfələrlə vurğulamışıq və nəşrlərimizdə qeyd etmişik ki, yeni əqli mülkiyyət obyektlərinin, onların istifadəsinin yeni üsullarının və tətbiq sahələrinin yaranmasının canlı şahidləriyik. Buraya həyat haqqında elmlərdə yüksək texnologiyaların tətbiqi və süni intellekt daxildir. Məsələn, bioloji elmlərdə yaradılan nəhəng həcmli verilənlər (datalar) ənənəvi əqli mülkiyyət obyektləri çərçivəsinə sığmır. Eləcə də süni intellekt tərəfindən insanın iştirakı ilə və ya iştirakı olmadan yaradılan kommersiya məqsədli musiqi və digər əsərlər, yaxud ixtira sahəsində hələ “bəstəkar”, “müəllif”, “ixtiraçı” anlayışlarının necə başa düşüləcəyi bilinmir.

Təsadüfi deyil ki, böyük verilənlərin dataların qorunması üçün getdikcə daha çox kommersiya sirri institutuna müraciət etmək məcburiyyəti yaranır. Bu ziddiyyət beynəlxalq xüsusi hüququn bir çox məsələlərinə toxunur. Data bazalarının (ənənəvi mənada) sahiblik məsələləri və Sİ-ə aid hüquq sahibliyi ilə bağlı suallar yaranır. Biz mütəxəssislərin rəyinə qatılırıq ki, “ənənəvi əqli mülkiyyət hüquqları kateqoriyalarını aşan, klassik əqli mülkiyyət hüquqları siniflərinə sığışmayan obyektlərə münasibətdə mülkiyyət hüquqlarının müəyyən dərəcədə yenidən dərk edilməsi, anlayışı qaçılmaz görünür”.

Burada bir neçə suala da cavab tapılmalıdır: süni intellektin iştirakı ilə yaranan ƏFN-in hüquqi mühafizəsinin ənənəvi work-for-hire doktrinasına uyğun olaraq, tətbiqi mümkündürmü?

İnsanın iştirakı olmadan yaradılmış obyektlərin hüquqi mühafizəsinə gəldikdə, onların əqli mülkiyyət obyekti kimi tanınması və ən başlıcası, hüquq subyekti kimi qəbul edilməsi (o cümlədən subyektsizliyin mümkünlüyü) barədə kəskin müzakirələr getsə də, gec və ya tez qərar veriləcək. Bütün bunlara baxmayaraq, “Time” jurnalının seçiminə əsasən, dünyanın 100 ən nüfuzlu insanları sırasına daxil edilən Sİ üzrə tanınmış mütəxəssis Dario Amodei (“Machines of Loving Grace” esse) demişkən, artıq 2026-cı ildə süni intellekt bütün əsas sahələrdə Nobel mükafatı laureatlarından “daha ağıllı” olacaq və məlumatları insandan 10-100 dəfə sürətlə emal edəcək. OpenAI rəhbəri Altmanın fikrincə isə, süni intellekt “ağlının yüksəlişi” bir neçə min gün (təxminən 2027-ci il) sonra reallaşacaq, çünki neyron şəbəkələrin gücü eksponent şəkildə artır və AIMultiple-in məlumatına görə, ən böyük əqli mülkiyyət modellərinin hesablama gücü hər 7 ayda ikiqat artır.

Skeptik olmaq istəmirəm, lakin qeyd etməliyəm ki, hazırda ən böyük neyron şəbəkəsində 2 trilyon əlaqə var, insan beynində isə bu 50 dəfə çox – təxminən 100 trilyondur. Bu, o deməkdir ki, Sİ-in “ağlının yüksəlişi” yalnız 2040–2050-ci illərdə mümkün görünür. Beləliklə, süni intellektin sürət və yaddaş tutumu baxımından insanları üstələməyə hələ çox var. Digər tərəfdən baxanda, avtomobil insandan sürətlidir, amma biz avtomobillə yarışmırıq, sadəcə rahat nəqliyyat vasitəsi kimi ondan istifadə edirik.

Bununla belə, yığılıb qalan problemlər mütləq həllini tapmalıdır və biz bu məsələdə ÜƏMT-nin dəstəyinə ümid edirik. Problemlərdən qaçmamalıyıq, çünki Merfi qanununa əsasən, hər bir həll yeni problemlər yaradır.

– Yeni rəqəmsal modellər barədə nə deyə bilərsiniz?

– Agentlikdə yeni rəqəmsal modellərin formalaşdırılması ilə əlaqədar deyə bilərəm ki, süni intellekt texnologiyalarına əsaslanan bir sıra xidmətlərdən istifadəyə imkan verən vahid platformaya çıxış təmin edilmişdir. Bu platforma WIPO Translate xidməti və PROMT sistemi vasitəsilə maşın tərcüməsi kimi funksional imkanları birləşdirir.

Platforma dərc məqsədləri üçün üçölçülü rəqəmsal modellərin (3D modellərin) çevrilməsi ilə yanaşı, sənaye nümunələrinin təsvirləri üzrə axtarış aparmaq imkanı da təqdim edir. Eyni zamanda, sistem sənaye mülkiyyəti hüququ obyektlərinin ümumi reyestrinə çıxışı və patent sənədlərinin Beynəlxalq Patent Təsnifatına uyğun şəkildə təsnifləşdirilməsini həyata keçirir. Bununla yanaşı, milli patentlər haqqında məlumatlar Avrasiya əczaçılıq reyestrinə daxil olunur, həmçinin patent sənədlərinin mətninə əsaslanan axtarış funksiyası vasitəsilə istifadəçilər məlumatları daha dəqiq və operativ şəkildə əldə edə bilirlər. Platformadan istifadə səmərəliliyi artırmağa, informasiya emalını sürətləndirməyə və yerinə yetirilən tapşırıqların keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək.

Müasir şəraitdə əqli mülkiyyət innovasiyaların hərəkətverici qüvvəsi olmaqla, süni intellektin imkanları ilə vəhdətdə və eyni zamanda, “biliklərin dövriyyəsi”nin həm xammalı, həm də məhsulu kimi fəlsəfi, hüquqi və iqtisadi yanaşmaların inteqrasiyasını tələb edir. Bu, əqli fəaliyyətin nəticələrinin mahiyyətinin dərk edilməsinə xidmət göstərir.

Əqli fəaliyyətin nəticələrinin həcmi və məzmununun müqayisəli təhlili, “informasiya” və “bilik” kateqoriyaları arasındakı oxşarlıq və fərqlərin, o cümlədən informasiyanın subyektivləşdirilməsi, biliyin obyektivləşdirilməsi, onların qarşılıqlı çevrilə bilməsinin araşdırılması “əqli fəaliyyətin nəticəsi” və “qorunan əqli mülkiyyət obyekti” anlayışlarını daha dərindən əlaqələndirməyə imkan verir. Bu məqsədlə “əqli mülkiyyət obyekti olmaq” və “əqli fəaliyyətin nəticəsi olmaq” müddəaları üçün “Əgər ƏMO-dursa, deməli, ƏFN-dir” implikasiyası formasında həqiqət cədvəlləri klassik məntiq və deduksiya (“modus ponens”), eləcə də təxmini mühakimələr və qeyri-səlis məntiq üçün onların ümumiləşdirilmiş formaları çərçivəsində təqdim edilmişdir. Beləliklə, qeyri-səlis məntiqə əsaslanan nəticələr daha əlverişlidir.

Əqli mülkiyyətin ikili təbiəti, yəni mühafizə məsələləri baxımından maddi obyekt kimi və mühafizənin qeyri-maddi əqli fəaliyyətin nəticələrinə şamil olunması baxımından dualizmi nəzərə alınmaqla, qeyri-səlis məntiq çərçivəsində yanaşma Zadə nəzəriyyəsi əsasında müvafiq həqiqət cədvəlləri vasitəsilə qorunan, qoruna bilən və qorunmayan obyektləri düzgün şəkildə ayırmağa imkan verir. Bu formallaşdırma və həyata keçirilmiş rəqəmsallaşma təhlilə süni intellektin də cəlb olunmasına şərait yaradır.

ÜƏMT və Harvard Universitetinin birgə tədqiqatına əsaslanan innovasiya ekosisteminin innovasiya potensialı modeli elmi, texnoloji, sahibkarlıq və istehsal amillərinin qarşılıqlı təsirini əhatə edir. Bu amillərin qarşılıqlı təsirinin akkumulyasiya effekti modeli qeyri-səlis yönümlü qraf şəklində təqdim edilmişdir. 4 “təpə”li qrafda qarşılıqlı təsirin intensivliyinin şərti şkalasından istifadə olunmuşdur (“0” – təsir yoxdur, “1” – zəif təsir, “2” – orta təsir, “3” – güclü təsir). Bu şkala istiqamətləndirilmiş və “çəkiyə” malik tillər vasitəsilə qeyd olunan amillərin diferensial qarşılıqlı təsirini əks etdirir. Burada “təsir” linqvistik dəyişəni rəqəmlərlə deyil, qeyri-səlis qiymətlərlə ifadə olunur.

Matrisdə hər bir xana sətirdə yerləşən amilin sütunda yerləşən amilə təsir dərəcəsini əks etdirməlidir. Bu zaman təsirin istiqaməti mütləq nəzərə alınmalıdır, çünki amillərin qarşılıqlı təsiri, bir qayda olaraq, ikitərəfli, lakin asimmetrik xarakter daşıyır. Bununla əlaqədar olaraq, ayrı-ayrı təsirlər şərti intensivlik şkalasından istifadə edilməklə qiymətləndirilməlidir.

Müvafiq etalon qarşılıqlı əlaqə matrisi ilə birlikdə ilkin qraf innovasiya potensialından tam istifadənin normativ, “arzuolunan” qrafı kimi təqdim edilir. Bununla yanaşı, qarşılıqlı təsirin real vəziyyətini və real təsir gücünü əks etdirən, müvafiq qarşılıqlı təsir matrisi ilə müşayiət olunan real qeyri-səlis yönümlü qraf da daxil edilmişdir. Həmin qrafların fərqi tam istifadə olunmayan innovasiya potensialını göstərir.

– Təqdim olunan matris elm, texnologiya, sahibkarlıq və istehsalın qarşılıqlı təsirinin gücünü, istiqamətini əks etdirən innovasiya ekosisteminin etalon, normativ (ideal) modeli kimi nəzərdən keçirilə bilərmi?

– Bəli, keçirilə bilər. Təqdim olunan matrisdə normativ arzuolunan qraf üçün müvafiq metrikalar da nəzərə alınmışdır. Bu metrikalara lider amili müəyyən etməyə imkan verən təpə dərəcəsinə əsaslanan mərkəzilik, lider amildən digər “təpə”lərə qədər ən qısa yolların matrisi, amillərlə birbaşa və ya vasitəçilərlə fəal qarşılıqlı əlaqədə olan amili müəyyən edən yaxınlıq mərkəziliyi, “təpə”lər arasındakı ən qısa yollarda nə dərəcədə tez-tez yerləşdiyini göstərən vasitəçilik mərkəziliyi, eləcə də sıxlıq, diametr və radius kimi əlavə göstəricilər daxildir.

Metrikaların ümumiləşdirilmiş hesablaması göstərir ki, arzuolunan qrafın yekun normativ modelində mərkəzi mövqeyi “texnologiyalar” “təpə”si tutur və əlaqələrin maksimal gücü, ən yüksək tam mərkəzilik, digər təpələrə minimal orta məsafə və ən yüksək yaxınlıq üzrə mərkəziliklə xarakterizə olunur. Bu, belə nəticəyə gəlməyə əsas verir ki, məhz texnologiyalar innovasiya ekosisteminin sistemformalaşdırıcı və koordinasiyaedici mərkəzi kimi çıxış edir və onun innovasiya potensialının müəyyən edilməsində ən böyük əhəmiyyətə malikdir.

Xüsusilə vurğulamaq istərdim ki, həm diversifikasiya məhdudiyyətlərinin, həm də istifadə olunmamış potensialın sistem xarakteri onu göstərir ki, uğurlu strategiyalar regional inkişaf səviyyəsinə və institusional şərtlərə uyğunlaşdırılmalıdır.

– Kamran müəllim, maraqlı müsahibəyə görə təşəkkürümüzü bildirir, 26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə Sizi, rəhbərlik etdiyiniz kollektivi, eləcə də müəllifləri, ixtiraçıları, ümumilikdə, yaradıcılığa həvəsi olan və bu işə dəstək verən hər kəsi ürəkdən təbrik edirik.

– Sağ olun! Sizə də uğurlar arzulayıram.

Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ

Seçilən
17
2
xalqqazeti.az

3Mənbələr