AZ

"Anası rus, atası hüquqşünas idi" - Koronavirusdan ölməsəydi, bu gün 80 yaşı olacaqdı

Rusiyanın ən qalmaqallı siyasətçilərindən biri, Dövlət Dumasının deputatı və Rusiya Liberal Demokrat Partiyasının qurucusu olmuş Vladimir Jirinovski 80 il əvvəl, 25 aprel 1946-cı ildə Alma-Atada anadan olub. 4 il əvvəl ölməsəydi, bu gün 80 yaşını qeyd edəcəkdi.

Doğuşda ona atası Volfin soyadı (Eidelşteyn) verilib, lakin sonradan o, anasının soyadını götürüb. Bir dəfə milli kimliyi soruşulanda Volfoviç lakonik, eyni zamanda komik cavab verib: “Anam rusdur, atam - hüquqşünas”.

O, gəncliyində cürbəcür işlərdə çalışıb. Bir ara Türkiyədə işləyib və orada qısamüddəti həbsə məruz qalıb.

jir-1.jpg

Jirinovski aktiv siyasi karyerasına 1989-cu ildə SSRİ Ali Sovetinə seçkilərdə iştirak etməklə başlayıb, lakin sonradan namizədliyini geri götürüb. 1990-cı ildə Liberal Demokrat Partiyasını yaradıb, sədr seçilib və ölümünə qədər liderliyini qoruyub saxlayıb.

1991-ci ildə Jirinovski ilk dəfə Rusiya prezidentliyinə namizədliyini irəli sürüb və 7,81% səslə üçüncü yeri tutub. Sonra o, daha beş dəfə prezidentliyə namizəd olub və bu göstərici ilə Rusiyanın “Rekordlar kitabı”na düşüb. Bundan əlavə, Jirinovski 1993-cü ildən başlayaraq 30 il ərzində 8 dəfə Dövlət Dumasının deputatı seçilib.

Bu gün o Rusiyada patriot və usta proqnozçu kimi xatırlanır. Ancaq onun qatı nasizmə əsaslanan çıxışlarının partiyasının mahiyyətinə (liberal demokratiya) zərrə qədər aidiyyatı yox idi. Jirinovski rus xalqının dünyada və regionda dominant rolda olması ideyasının qatı, aqressiv tərəfdarı idi. O, başqa ölkələri işğal etməyin, xalqları əsarət altına almağın lazım olduğunu bildirirdi. "Rus əsgəri çəkmələrini Hind okeanında yuyacaq" fikri Jirinovskiyə məxsusdur.

Fəaliyyətinin ilk illərində, 1995-ci ildə o, televiziya verilişi zamanı Nijni Novqorod vilayətinin ovaxtkı qubernatoru, mötədilliyi və demokratlığı ilə ad çıxarmış Boris Nemtsovun üzünə portağal suyu çiləmiş, ona stəkan atmışdı.

Jirinovski bu cür hərəkətlərini əsaslandırmaq üçün bəhanə də tapırdı: "Əlbəttə ki, susub otura bilərəm, amma bu, ictimai siyasət olmazdı".

jir-2.JPG

Onun parlamentin iclaslarında qadınlarla söyüşməsi, saçlaşması da bu qəbildən “ictimai siyasət” idi.

Jirinovskinin dəqiq çıxan proqnozlarına gəlincə isə, sadəcə, bu qatı millətçi öz dövlətinin aqressiv planlara malik olduğunu, əsas niyyətlərini bilir, onları dilə gətirirdi. O bilirdi ki, Rusiya əvvəl-axır Ukraynaya hücum edəcək. 2021-ci ilin dekabrında o, bu barədə belə demişdi: "22 fevral səhər saat 4-də hər şeyi hiss edəcəksiniz. 2022-ci ilin sülh ili olmasını istərdim, amma həqiqəti sevirəm. Bu, Rusiyanın yenidən böyük bir ölkəyə çevrildiyi və hər kəsin susub ölkəmizə hörmət etməli olduğu bir sülh ili olacaq".

jir-3.jpg

Bu, proqnoz-filan deyildi, dəqiq informasiya idi. Ona demişdilər ki, belə bir şey olacaq.

Bəs Rusiya Ukraynaya hücum edərək “yenidən böyük bir ölkəyə çevrildi”mi? Çevrilmədi. Çevrilsəydi də, bu, Jirinovskinin dahi olduğu anlamına gəlməzdi, Rusiyanın yenidən dünyanın iki hegemonundan biri olmaq niyyətinin gerçəkləşdirilməsi demək olardı.

O, bu günləri görmədi. Postsovet məkanının, eləcə də Rusiyanın qonşularının qulağı onun vaxtaşırı səslənən saçma-sapan açıqlamalarından qurtuldu. Ancaq Jirinovskinin müqəddəs olmayan yeri boş qalmadı, indi o yeri Solovyov kimi “atası hüquqşünas” olanlar tutur.

Musavat.com

Seçilən
64
musavat.com

1Mənbələr