Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofik riskləri daha düzgün qiymətləndirmək və bədbəxt hadisələr zamanı vətəndaşlara daha adekvat sığorta ödənişlərini təmin etməkdir.
Yeniliyin ən mühüm elementi sığorta məbləğinin artıq vahid standartla deyil, dövlət qurumları ilə inteqrasiya olunmuş elektron platformalar vasitəsilə əmlakın parametrlərinə, yaşayış sahəsinin kvadratmetrinə və yerləşdiyi əraziyə uyğun formalaşdırılmasıdır.
“İcbari sığortanın əhatə dairəsi on faizdən aşağıdır”
Sığorta eksperti İlkin Nəcəfovun sözlərinə görə, hazırda bu sahədə vəziyyət ürəkaçan deyil. Daşınmaz əmlakın icbari sığortası üzrə bazarın əhatə dairəsi on faizdən də aşağıdır: “Yəni, Bakıdakı hər yüz evdən heç onu belə icbari qaydada sığortalanmayıb. Bunun isə tək bir səbəbi var, cərimə mexanizmi işləmir. Mövcud qanunvericiliyə əsasən, bu sığorta kifayət qədər geniş riskləri - yanğın, partlayış, ildırım vurması, daxili su basması və ya qonşudan su sızması, habelə üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində əmlaka dəyən zərəri əhatə edir. Sığorta predmeti sadəcə quru divarlar deyil, bura əmlakın əsas konstruksiyaları, qapı-pəncərəsi, tavanı, döşəməsi və daxili təmiri də daxildir. Göründüyü kimi, mövcud təminat zərfi kifayət qədər genişdir və əlavə nəsə daxil etməyə ehtiyac yoxdur. Əsas hədəfimiz sadəcə bu mükəmməl təminat paketini bazara düzgün tətbiq etmək və əhalinin sistemə kütləvi cəlb olunmasını təmin etməkdən ibarət olmalıdır”.
İ.Nəcəfov bildirdi ki, yeni konsepsiyanın uğuru, ilk növbədə, işlək cərimə mexanizminin tətbiqindən asılıdır: “Şəxsi fikrimcə, avtomobillərin icbari sığortasında olduğu kimi, daşınmaz əmlak sığortasında da real cərimələr tətbiq edilməsə, istənilən cəlbedici təklif əhali tərəfindən rəğbətlə qarşılanmayacaq. Müqayisə üçün avtomobillərin icbari sığortasına nəzər salaq. Vətəndaş sığortası olmadıqda hər iyirmi gündən bir əlli manat cərimə olunur deyə, hamı bu sığortanı əldə etməyə çalışır. Bu vəziyyəti dəyişmək üçün hökumət, Mərkəzi Bank və İcbari Sığorta Bürosu tərəfindən müxtəlif variantlar nəzərdən keçirilir. Sığorta haqqının kommunal ödənişlərə, xüsusən də işıq puluna inteqrasiya edilməsi, məbləğin bələdiyyə orqanları tərəfindən yığılması və ya icra hakimiyyətləri tərəfindən icbari sığortası olmayanlar üçün xüsusi cərimə protokollarının tətbiqi kimi müxtəlif təkliflər müzakirə olunur”.