AZ

Moskvadan Avropa ölkəsinə: o təyyarələr hədəfimizdir

Yunanıstanın Fransanın nüvə təhlükəsizlik sisteminə ("nüvə çətiri") daxil olmaq planı Rusiyanın kəskin reaksiyası ilə regionda gərginliyi yeni mərhələyə daşıyıb. Moskvanın "Fransanın nüvə bombardmançı təyyarələrinə ev sahibliyi edən bütün Avropa ölkələri bizim birbaşa hədəfimizdir" bəyanatı Afinada ciddi narahatlıq doğurub.

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron iki ölkə arasındakı qarşılıqlı müdafiə sazişini yeniləmək məqsədilə Afinaya rəsmi səfər edib. Danışıqların əsas mövzusu mövcud müqavilənin müddətinin daha 5 il uzadılması və sənədə yeni strateji bəndlərin əlavə edilməsidir.

Görüşlərdə müzakirə olunacaq ən kritik bənd Yunanıstanın Fransanın nüvə çətiri altına girməsidir. Bu addım regiondakı təhlükəsizlik balansını dəyişə biləcək bir gəlişmə kimi beynəlxalq birlik tərəfindən diqqətlə izlənilir.

Rusiyadan "açıq hədəf" təhdidi, Makrondan "Biz buradayıq" mesajı

Səfər ərəfəsində Kremlin verdiyi bəyanatda Fransanın nüvə imkanlarına şərait yaradan ölkələrin hərbi hədəfə çevriləcəyi vurğulanıb. Rusiya tərəfinin bu xəbərdarlığı Yunanıstan ictimaiyyətində geniş əks-səda doğurub.

Yunanıstanın aparıcı media qurumları baş verənləri "Makronla ittifaqın bədəli", "Xaosa gedən yol", "Yunanıstan artıq Rusiya raketlərinin hədəfində" kimi başlıqlarla təqdim edib. Yerli mətbuat Afinanın bu addımını Ankara ilə mümkün gərginlik və Yaxın Şərqdə (Türkiyə-İsrail) baş verə biləcək münaqişə ehtimallarına qarşı əlavə təhlükəsizlik zəmanəti almaq cəhdi kimi qiymətləndirib.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə birgə keçirilən forumda çıxış edən Makron Avropanın öz müdafiəsi üçün daha çox məsuliyyət daşımalı olduğunu bildirib. O, Yunanıstanın suverenliyinə qarşı hər hansı təhdid yaranacağı təqdirdə Fransanın hərbi dəstək verəcəyini vurğulayaraq deyib:

"Əgər suverenliyinizə meydan oxunarsa, lazım olanı edin, biz sizin yanınızda olacağıq."

Baş nazir Mitsotakis isə 2021-ci ildə imzalanmış hərbi əməkdaşlıq müqaviləsinin yenilənəcəyini təsdiqləyərək, müasir çağırışlar fonunda müdafiə xərclərinin artırılmasının vacibliyini qeyd edib.

Seçilən
64
2
olke.az

3Mənbələr