AZ

Çernobıl əlili: Uşaq bağçasında boş qalan yelləncəkləri görəndə təsirlənmişdim

Bakı, 25 aprel, AZƏRTAC

1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verəndə 23 yaşım var idi. İndiki Azərbaycan Memarlıq və İnşaat Universitetində axşam şöbəsində təhsil alırdım. Həmin ilin avqustunda hərbi komissarlıq tərəfindən Çernobıla göndərildim. Noyabrın sonlarına qədər Çernobıl Atom Elektrik Stansiyasının partlamış dördüncü enerji blokunun üzərində sarkofaq qurulmasında iştirak etmişəm.

Bunu AZƏRTAC-a açıqlamasında Çernobıl əlili Rövşən Vəliyev deyib.

Müsahibimiz qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə bağlı xatirələrini bölüşüb: “Boş qalmış şəhər əsl xarabalığı xatırladırdı. Bütün günü maskada gəzirdik, nəfəs almaq çox çətin idi. Uşaq bağçasında boş qalan yelləncəkləri görəndə təsirlənmişdim. Ən maraqlısı o idi ki, bizim ölkədən hadisə yerinə göndərilənlərin hamısı 23-25 yaşlı gənclər idi, başqa respublikalardan göndərilənlər isə 45-50 yaş, hətta ondan böyüklər idi. Ümumilikdə üç ay Çernobılda oldum. Oradan qayıdandan sonra özümdə müəyyən dəyişikliklər hiss edir, kəskin ağrılardan əziyyət çəkirdim. Başağrısı, yorğunluq olur, özümü qəribə hiss edirdim. Gənc olmağıma baxmayaraq, Çernobıldan qayıdandan sonra ayaqüstə dayana bilmirdim. Səhhətimdə yaranan problemlərə baxmayaraq, 1990-cı illərin əvvəllərində torpaqlarımızın üzərini qara buludlar alanda döyüşlərə qoşuldum. Birinci Qarabağ müharibəsi zamanı özünümüdafiə dəstələrinin tərkibində doğma yurdum Laçının müdafiəsində iştirak etdim. Təəssüf ki, o zaman döyüşlər istədiyimiz kimi yekunlaşmadı. Lakin mənim mübarizəmi 2020-ci ildə Vətən müharibəsində iştirak edən oğlum - gömrük xidməti zabiti Orxan Vəlibəyli uğurla tamamladı. Savaşa könüllü qoşulan Orxan Füzuli, Xocavənd, Qubadlı, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etdi. Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə yaralanan Orxan hospitala yerləşdirilib. Lakin o, müalicəni yarımçıq qoyaraq Laçın istiqamətində döyüşlərə qoşulub və sonacan savaş meydanından çıxmayıb. Hazırda üçüncü qrup əlildir. “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Dövlətimizin qayğısını Çernobıl əlili kimi hər zaman hiss etmişik. Bu yaxınlarda mənə bir Çerbobıl əlili kimi mənzil verildi. Sanatoriya-kurort putyovkası ilə, hər ay pulsuz dərmanlarla təmin olunuruq. Bütün bunlara görə Ali Baş Komandan Prezident İlham Əliyevə minnətdarıq”.

Müxbir - Göyçək Mahmudlu

Seçilən
86
1
azertag.az

2Mənbələr