ain.az bildirir, Azertag portalına istinadən.
Qax, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Qax rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarış keçirilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Şəki-Zaqatala Regional nümayəndəliyi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında 10 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax rayonu üzrə gənclər və idman sektorundan məlumat verilib.
Yekun nəticələrə əsasən, Qax şəhər 2 nömrəli orta məktəb-liseyin komandası intellektual oyunun qalibi adını qazanıb. Qum kənd tam orta ümumtəhsil məktəbinin komandası yarışı ikinci pillədə başa vurub. Qax şəhər 4 nömrəli və Marsan kənd tam orta ümumtəhsil məktəblərinin komandaları isə üçüncü yeri tutublar.
İntellektual oyunun qalibləri kubok və diplomlarla mükafatlandırılıblar.
Müxbir – Mustafa Dadaşov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.