AZ

İmişlinin Qulubəyli kəndində tibbi xidmətin olmaması sakinlərin həyatını çətinləşdirirVİDEO

1500 nəfərə yaxın əhalinin yaşadığı kənddə tibbi xidmət demək olar ki, mövcud deyil. Yeni tikilmiş tibb məntəqəsi də fəaliyyətsizdir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət İmişlinin Qulubəyli kəndindən gedir.

Sakinlər bildirirlər ki, əvvəllər kənddə bir neçə həkim fəaliyyət göstərib, hətta təcili tibbi yardım maşını da olub. Lakin sonradan bu xidmətlər tamamilə aradan qalxıb. Hazırda isə bir iynə vuracaq tibb işçisi belə tapılmır.

Kənd sakinləri bildirirlər ki, rayon mərkəzinə olan təxminən 20 kilometrlik məsafə xüsusilə gecə saatlarında ciddi problem yaradır. Xəstələrə yardım göstərilməsi üçün sakinlər ya rayon mərkəzinə getməli olur, ya da əlavə xərclərlə üzləşirlər.

Məsələ ilə bağlı TƏBİB-dən "Xəzər Xəbər"ə bildirildi ki, Qulubəylidəki kənd həkim məntəqəsində tibb işçisi olmadığından, ötən il oktyabrın 17-dən etibarən onun fəaliyyəti dayandırılıb. Ölkədə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda icrası nəzərdə tutulan pilot layihə çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, fəaliyyətlərinin elektronlaşdırılması və bir sıra digər yeniliklərin tətbiqi planlaşdırılır. Pilot layihə yekunlaşdıqdan sonra əldə olunmuş nəticələr nəzərə alınmaqla, İmişlinin Qulubəyli kəndi də daxil olmaqla ölkənin bütün regionlarında mərhələli şəkildə keyfiyyətli və əlçatan ilkin səhiyyə xidmətinin təşkili təmin ediləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
23
xezerxeber.az

1Mənbələr