“Neftçi”nin məşqçisi Vitali Vernidub Premyer Liqanın 29-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü meydan sahiblərinin 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Cəzalı durumda olan baş məşqçi Yuri Vernidubun yoxluğunda mətbuat konfransına qatılmış köməkçisi və oğlu Vitali Vernidub bunları söyləyib:
“Qarabağ”la fərqli səviyyələrdəyik. Bu səviyyəyə çatmaq asan məsələ deyil. Hər gün məqş etmək lazımdır. Başa dümək lazımdır ki, bu cür komandaya qarşı oynamaq üçün sadəcə motivasiya bəs deyil. 1:5 hesabıyla uduzduq. Hər birimiz bunu anlayırıq. Bu hesaba görə azarkeşlərdən üzr istəyirəm.
“Qarabağ”la oyuna yaxşı hazırlaşmışdıq. Sizcə, biz onları təhlil etməmişdik? Bu oyunu da araşdırıb, təhlil edib, nəticə çıxarmalıyıq. Növbəti oyun üçün bəzi şeyləri dəyişəcəyik. Heyətdə dəyişikliklər olacaq. Buna əminəm.
Əlbəttə, bu məğlubiyyətin psixoloji təsiri olacaq. Bunu danmaq olmaz. Amma peşəkar futbolçu belə məğlubiyyətlərdən sonra dirçəlməyi bacarmalıdır. Oyuna baxmalı, yaxşı məqamları saxlamalı, neqativləri aradan qaldırmalısan. Düzdür, yaxşı məqamlar çox deyildi, amma var idi”.
