Hüquq müdafiəçiləri real rəqəmin rəsmi təsdiqlənmiş hallardan daha yüksək ola biləcəyini bildirirlər…
Poliqon xəbər verir ki, Əbdürrəhman Boromand İnsan Haqları Fondu İranda cari ilin ilk dörd ayında azı 612 nəfərin edam edildiyini açıqlayıb. Bu isə 117 gün ərzində rejimin hər gün orta hesabla ən azı beş nəfəri edam etməsi deməkdir.
Fondun məlumatına görə, son üç həftədə əsasən siyasi ittihamlarla bağlı 15 edam faktı qeydə alınıb. Bildirilir ki, İranda qlobal internetə çıxışın davamlı şəkildə məhdudlaşdırılması və İslam Respublikasının məhkəmə sistemində şəffaflığın olmaması edamların sənədləşdirilməsini çətinləşdirir.
Hüquq müdafiəçiləri real edam sayının təsdiqlənmiş və qeydiyyata alınmış hallardan xeyli çox ola biləcəyini istisna etmirlər. Onların fikrincə, informasiya məhdudiyyəti və qapalı məhkəmə prosesləri ölkədə ölüm hökmlərinin miqyasını tam müəyyənləşdirməyə imkan vermir.
Son təxminən bir ay ərzində isə azı 21 etirazçı və siyasi məhbusun edam edildiyi bildirilir. Onların əhəmiyyətli hissəsinin 2026-cı ilin yanvar etirazları zamanı saxlanıldığı qeyd olunur.
Poliqon.info