ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynada sülh sazişi ilə bağlı əvvəlki nikbin yanaşmasının artıq dəyişdiyini etiraf edib.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, hazırkı mərhələdə Rusiya lideri Vladimir Putinin hər hansı güzəştə getməyə hazır olduğuna dair heç bir əlamət yoxdur.
“Sadəcə görmürəm ki, Putin fikrini dəyişib. Mən bir neçə ay ərzində optimist idim və bu istiqamətdə çalışdım, amma sonda bunun klassik Rusiya taktikası – prosesi uzatmaq - olduğunu gördüm”, – deyə Stubb bildirib.
NATO-nun Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı sualı cavablandıran Finlandiya Prezidenti hazırda Ukrayna üçün ən etibarlı təminatın öz ordusu olduğunu vurğulayıb.
“Fikrimcə, Ukraynanın hazırda malik olduğu ən güclü təhlükəsizlik zəmanəti 800 min yaxşı silahlanmış hərbçidir və müasir müharibə aparmaq bacarığıdır. Bu, NATO üzvü olan heç bir ölkə ilə müqayisə edilə bilməyəcək səviyyədədir”, – deyə o qeyd edib.
Stubb həmçinin vəziyyətin dəyişdiyini bildirərək Avropanın reallığı qəbul etməli olduğunu deyib: “Avropalılar anlamalıdır ki, biz Ukraynaya Ukraynanın bizə ehtiyacından daha çox ehtiyac duyuruq”.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ və Rusiya ilə üçtərəfli danışıqlara hazır olduqlarını bildirib. Onun sözlərinə görə, belə bir görüşün Azərbaycanda keçirilməsi mümkündür, lakin bunun üçün Rusiyanın diplomatiyaya hazır olması şərtdir.
Eyni zamanda ABŞ Prezidenti Donald Tramp Vladimir Zelenski və Vladimir Putinlə apardığı söhbətlərdən danışaraq, onların arasındakı nifrətin müharibənin bitməsinə mane olduğunu qeyd edib. Bununla belə, Tramp Ukraynada sülhün əldə olunacağına inandığını da vurğulayıb.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.