"Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra Mərkəzi Seçki Komissiyasının təzədən formalaşması Yeni dövrdə mühüm hüquqi-siyasi hadisədir. 90-cı illərdə torpaqlarımızın işğala məruz qaldığı və hakimiyyət institutlarının böhran vəziyyətinə düşdüyü ağır zamanlarda seçki institutlarının fəaliyyətinin təşkili milli dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrilmişdi".
Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, Ulu öndərin ali məqsədi millətimizin iradəsinin azad, ədalətli və şəffaf şəkildə nümayişini təmin edən mexanizmi bütün tərəflərin qəbul etməsi idi: "Lakin 2000-ci illərin əvvəllərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, xüsusilə, emissar Jerar Ştudmanın seçki komissiyası üzvlərinin üçdə ikisinin səsinin bir siyasi qüvvədən asılı olmamasını nəzərdə tutan, zahirən paritet, lakin mahiyyətcə seçki sistemini və beləliklə, dövlət-hakimiyyət orqanlarının formlaşmasını mümkünsüz edən məkrli plan irəli sürüldü. Belə bir strukturda qərar qəbul etmək və konsensus tapmaq qeyri-mümkün idi.
Azərbaycan öz seçki institutunu xarici siyasi mərkəzlərin gizli planlarından, inqilabi ssenarilərindən qorumaq üçün daha güclü və işlək model tapmağı bacardı. 2003-cü ildən sonra qəbul edilən qərarlar və hüquqi tədbirlər, aparılan islahatlar seçki sistemini daha dayanıqlı, idarəolunan və milli maraqları qətiyyətlə müdafiə edən bir səviyyəyə çatdırdı.
Əvəzində ATƏT-in Demokratiya institutunun, faktiki Minsk Qrupunun və Venesiya Komissiyasının göstərdiyi yolla gedən Ukrayna və Gürcüstan kimi ölkələr nəinki ağır dövlətçilik böhranları ilə üzə-üzə qaldılar, üstəlik, daha böyük müharibələrə və qlobal toqquşmalara meydan oldular.
Azərbaycan milli mənafelərinə uyğun yol seçərək təhlükəli modellərin tətbiqindən imtina etdi və institusional böhranların qarşısını aldı. Brüsseldən və Strasburqdan hakimiyyət formalaşdırmaq əslində torpaqlarımızın işğal altında saxlamaq demək idi".
Onun sözlərinə görə, zaman göstərdi ki, Vətən müharibəsində Qələbəmizə aparan güclü lider İlham Əliyevin xalqın iradəsi ilə prezident seçkilərindəki qələbələri ən düzgün, ədalətli yol oldu və seçkilərdəki qalibiyyət millətimizə Qarabağ Zəfərini bəxş etdi. "Ölkəmizə Strasburq demokratiyasını təklif edənlər və millətimizin səsini tanımayanlar faktiki torpaqlarımızın işğalçıları ilə birlikdə məğlub oldular.
Əlbəttə, seçkilər genişmiqyaslı və rəqabətli bir prosesdir. Ümumxalq kampaniyalarında milyonlarla seçici, minlərlə namizəd və onlarla partiya iştirak edir. Yekunda siyasi məğlub tərəfin əks rəyləri və etirazları başadüşüləndir, lakin hüquqi və qanuni yoldan çıxmağa əsla əsas vermir".
Deputat əlavə edib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra Azərbaycanın bütün coğrafiyasında hakimiyyət instutularının formalaşması və azad torpaqlarda seçkilərin keçirilməsi seçki institutlarımızın da qələbəsidir:
"Prezident İlham Əliyevin suverenliyimizin paytaxtı Xankəndində 2024-cü ilin fevralın 6-da səs verməklə uzun illər ərazimizdə ikinci separatçı rejim, iki parlament və digər paralel hakimiyyət institutlarına son qoyulduğunu dünyaya nümayiş etdirdi.
Yekunda, beynəlxalq təhlükəsizlik sisteminin çökdüyü bir şəraitdə, Azərbaycan dövləti seçki institutlarına və millətimizin mənafelərinə xdimət edən komissiya üzvlərinə yenidən etimad göstməklə siyasi prinsiplərində ardıcıl olduğunu sübut edir. Ona görə də Milli Məclisin müstəqil deputatları irəli sürülən namizədlərə müsbət səs verəcəkdir".
Mürtəza