AZ

Tehran diplomatiyası: Kreml üzərindən yeni manevr

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın xarici işlər naziri Abbas Əraqçinin Sankt-Peterburqa səfəri və Vladimir Putinlə görüşü dünya mediasının diqqət mərkəzindədir. Siyasi şərhçilər hesab edirlər ki, bu səfər regionda artan gərginlik fonunda ciddi geosiyasi məna daşıyır. Bu görüş sadəcə ikitərəfli diplomatik təmas deyil, daha geniş - ABŞ-İran qarşıdurmasının mümkün inkişaf trayektoriyasına təsir edə biləcək bir platforma kimi qiymətləndirilir.

İlk növbədə, Tehranın Moskva vasitəsilə diplomatik həll yolları axtarması onu göstərir ki, İran birbaşa Vaşinqtonla qarşıdurmanın daha da dərinləşməsində maraqlı deyil və alternativ kanallar üzərindən gərginliyi azaltmağa çalışır. Bu, həm də onu göstərir ki, Rusiya hələ də regionda əsas vasitəçi güclərdən biri kimi qalmaq iddiasındadır. Görüşdə Sergey Lavrovun iştirakı isə müzakirələrin daha sistemli və konkret gündəlik üzrə aparılacağından xəbər verir.

Digər tərəfdən, Moskva üçün bu görüş strateji fürsətdir. Rusiya həm Qərblə münasibətlərinin gərgin olduğu bir dövrdə, həm də Ukrayna müharibəsinin davam etdiyi şəraitdə Yaxın Şərqdə diplomatik rolunu gücləndirməyə çalışır. 

ABŞ-İran xəttində mümkün yumşalma prosesində vasitəçi kimi çıxış etmək Kremlin beynəlxalq nüfuzunu artırmaq və özünü qlobal güc kimi təqdim etmək baxımından vacibdir. Eyni zamanda, bu danışıqların nəticələri yalnız siyasi müstəvi ilə məhdudlaşmır. ABŞ-İran gərginliyi birbaşa enerji bazarlarına təsir göstərən əsas faktorlardan biridir. Əgər Moskva vasitəçiliyi ilə müəyyən yumşalma əldə olunarsa, bu, neft və qaz qiymətlərində sabitliyə gətirib çıxara bilər. Əks halda isə gərginliyin artması qlobal enerji bazarlarında yeni dalğalanmalar yarada bilər.  

Ümumilikdə, Sankt-Peterburq görüşü regionda yeni diplomatik konfiqurasiyanın formalaşmasının başlanğıcı kimi də qiymətləndirilə bilər. Bu prosesdə Rusiyanın rolu nə qədər effektiv olacaqsa, onun həm Yaxın Şərqdə, həm də qlobal siyasətdə mövqeyi bir o qədər güclənəcək. İran üçün isə əsas məqsəd gərginliyi idarəolunan səviyyədə saxlamaq və mümkün riskləri minimuma endirməkdir.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə mühüm görüş keçirmək üçün Sankt-Peterburq şəhərinə gəlib. Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. Danışıqların əsas mövzusunu ABŞ və İran arasındakı hərbi-siyasi münaqişənin dayandırılması üzrə aparılan danışıqların mövcud vəziyyəti təşkil edəcək.

Siyasət şöbəsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
qaynarinfo.az

1Mənbələr