AZ

Süd Yolu qalaktikasının yeni sərhədi tapılıb

Alimlər qalaktikada ulduz yaranmasının kəskin zəiflədiyi gizli zonanı müəyyən ediblər...

Poliqon xəbər verir ki, astronomlar Süd Yolu qalaktikasında yeni ulduzların demək olar ki, formalaşmadığı gizli sərhədi aşkar ediblər. Məlumata görə, İnsubriya Universitetinin alimləri qalaktikanın mərkəzindən təxminən 35–40 min işıq ili uzaqlıqda yeni ulduzların yaranma prosesinin kəskin şəkildə zəiflədiyini müəyyən ediblər. Tədqiqatın nəticələri Astronomy and Astrophysics jurnalında dərc olunub.

Araşdırma zamanı alimlər 100 mindən çox ulduzun yaşını təhlil ediblər. Ənənəvi üsullardan fərqli olaraq, tədqiqatçılar ulduzların mövqeyinə deyil, yaş göstəricilərinə diqqət yetiriblər.

Nəticədə maraqlı qanunauyğunluq üzə çıxıb. Qalaktikanın mərkəzindən uzaqlaşdıqca ulduzlar əvvəlcə daha gənc görünür, lakin müəyyən məsafədən sonra yenidən “qocalmağa” başlayır. Bu asılılıq U şəkilli əyri yaradır.

Alimlərin fikrincə, bu “dönüş nöqtəsi” məhz 35–40 min işıq ili uzaqlıqda yerləşir. Burada ulduz yaranmasının intensivliyi kəskin azalır. Başqa sözlə, Süd Yolunda yeni ulduzların böyük hissəsi həmin sərhədin daxilində yaranır, ondan kənarda isə proses demək olar ki, dayanır.

Bununla belə, sərhəddən kənarda da ulduzlar mövcuddur. Lakin onlar əsasən yaşlı ulduzlardır. Tədqiqatçılar bunu ulduzların zamanla doğulduqları yerdən qalaktik disk boyunca başqa bölgələrə köç etməsi ilə izah edirlər.

Bu hadisənin dəqiq səbəbi hələ tam məlum deyil. Ehtimal olunan amillərdən biri qalaktikanın mərkəzi çubuqvari strukturu hesab olunur. Bu quruluş qaz kütlələrinin yenidən paylanmasına təsir göstərə bilər.

Digər versiyaya görə, qalaktik diskin xarici hissələrində yaranan əyilmələr də ulduz yaranmasına təsir edir. Məsələn, Süd Yolunun diski tam düz deyil və müxtəlif istiqamətlərdə əyilmələr müşahidə olunur.

Ekspertlər bildirirlər ki, bu kəşf Süd Yolunun quruluşunu və qalaktikaların necə inkişaf etdiyini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr