AZ

“Avropadan geri qaldığımız deyilir, amma orada yaradılan şərait tam fərqlidir”

Gələn il Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlanan U-20 millimiz Qəbələdə təlim-məşq toplanışını başa vurub.

Yığmamızın və “Qarabağ”ın futbolçusu Hikmət Cəbrayılzadə İdmanxeber.az saytına verdiyi müsahibədə toplanışı dəyərləndirib. Yığmamızın üzvü həm millimizin hazırlığını, həm də “Qarabağ”ın cari mövsüm çıxışından danışıb.

– Millimizin ilk toplanışı başa çatdı. Hazırlıq necə keçdi?

U-20 Dünya Çempionatına ev sahibi kimi qatılacağıq. Bu, U-20 millisinin ilk təlim-məşq toplanışı idi və daha çox tanışlıq xarakteri daşıyırdı. Məşqçilər bizi, bizim də onları tanımaq üçün çox yaxşı fürsət əldə etdik. Düzdür, bəzi oyunçularımız məlum səbəblərdən iştirak etmədi, amma yenə də fikrimcə, toplanış çox səmərəli keçdi.

– Qarşıda milli üçün çox çətin bir turnir var – Dünya çempionatı. Səncə, yığmamız o səviyyədəki turnirə hazır ola biləcək?

Turnirə qədər vaxtımız var. Növbəti toplanışlardan başlayaraq beynəlxalq oyunlarımızın da keçirilməsi gözlənilir. Biz bu turnirə çox yaxşı hazırlaşıb əlimizdən gələni etməliyik ki, ölkəmizi ən yüksək səviyyədə təmsil edə bilək.

Yığmada beynəlxalq oyun təcrübəsi olan futbolçulardan birisən. U-21 millimizdə və gənclərlə ÇL-də oynamısan. Səncə, futbolçularımızın beynəlxalq yarışlar üçün təcrübəsiz olması komandaya nə qədər təsir edəcək?

Düz vurğuladınız ki, mən U-21 ilə oyunlarda da iştirak etmişəm. “Qarabağ”la UEFA Gənclər Liqasında oynamışıq, əsas komanda ilə də  Çempionlar Liqasında da Qurban Qurbanov mənə şans verib. Müəyyən qədər beynəlxalq oyun təcrübəm var. Amma deməzdim ki, bizim uşaqların təcrübəsi azdır. Bu gün U-20 millisinin heyətinə çağırılan demək olar ki, bütün oyunçular beynəlxalq təcrübəyə malikdir. Onların hamısı ya U-17, ya da U-19 Avropa çempionatının seçmə mərhələ oyunlarında çıxış ediblər. “Qarabağ”dan çağırılan 11 nəfər oyunçunun hamısı UEFA Gənclər Liqasında oynayıb, beynəlxalq turnirlərdə iştirak edib. Digər klubların oyunçularını da təcrübəsiz saymaq düzgün olmaz. Nəzərə alsaq ki, qarşıdakı toplanışlarda da beynəlxalq oyunlara çıxmaq şansımız olacaq, düşünürəm ki, turnirə qədər kifayət qədər təcrübəli bir komanda formalaşdıra biləcəyik.

Gənc futbolçular çox vaxt bizdə tənqid olunur. Onların inkişaf etmədiyi, Avropadakı həmyaşıdlarından geri qaldığı bildirilir. Bunun səbəbi nədir səncə?

Məncə, gənc futbolçuları tənqid etmək də, həvəsləndirmək də, onlara dəstək olmaq da vacibdir. Amma hər şeyin öz vaxtı var və bunu məşqçilər bizdən daha yaxşı bilirlər. Futbol daim inkişaf edən oyundur və gənc oyunçular ən yüksək səviyyəyə çatmaq üçün əllərindən gələni etməlidirlər. Avropadan geri qaldığımız deyilir, amma orada futbol oynamaq üçün yaradılan şərait tam fərqlidir. Biz bu il “Benfika”, “Çelsi”, “Ayaks”, “Atletiko” kimi klublarla oyunlar keçirmişik. Onların uşaq futboluna ayırdığı sərmayə, yaratdığı şərait, meydançalar və akademiyalar bizdə çox az klubda mövcuddur. Hətta bəzi hallarda Premyer Liqa klublarında belə bu səviyyədə infrastruktur yoxdur. Liqalarındakı oyun sayı, klub sayı da böyük təsir göstərir. Buna görə də bizim futbolçular zamanla bəzi komponentlərdə geri qalır.

– Qurban Qurbanov gənc futbolçulara xüsusi diqqət göstərir. Amma hələlik səni Premyer Liqa oyunlarında az görürük. Bu barədə Səninlə söhbətləri olurmu? Ən çox nələri məsləhət görür?

Qurban müəllimin mənim peşəkar futbolçu kimi formalaşmağımda böyük rolu var. O, məni gənc yaşlarımdan əsas komandaya cəlb edib, oyunlarda şans verib, hətta Çempionlar Liqasında təcrübə qazanmağım üçün şərait yaradıb. Gündəlik məşqlərdə daim məsləhətlərini və tələblərini bildirir. Bildiyiniz kimi, bu gün limit də ləğv olunub. Buna baxmayaraq, Qurban müəllim yenə də azərbaycanlı gənclərə şans verir, onları oynadır və inkişaf etmələri üçün imkan yaradır. Mənə böyük etimad göstərib və mən də əlimdən gələni edirəm ki, özümü doğruldum.

– “Qarabağ” cari mövsümü titulsuz başa vuracaq. Bu barədə nə deyə bilərsən?

“Qarabağ”ın bu il Çempionlar Liqasında göstərdiyi nəticələr təkcə klub üçün deyil, ölkəmiz üçün də çox böyük uğur və nailiyyətdir. Məncə, mövsümü uğursuz kimi qiymətləndirmək düzgün olmaz. Bundan əlavə, klubumuz akademiyanın yetirməsi olan azərbaycanlı futbolçunu rekord məbləğə xarici kluba satmağa nail olub. Bu da kifayət qədər böyük uğurdur. Amma çempionat davam edir və mövsümün sonunda nəticəyə uyğun qiymətləndirmə aparmaq daha doğru olar.

– Gənc oyunçusan. Əsas hədəflərin nələrdir? Avropada oynamaq istəyin var?

Bu gün “Qarabağ”ın əsas heyət oyunçusu olmaq mənim ən böyük hədəfimdir. Bilirəm ki, komandada çox yüksək rəqabət var, amma əlimdən gələni əsirgəməyəcəyəm. Hələlik əsas məqsədim öz klubumda mənə göstərilən etimadı və verilən şansları düzgün dəyərləndirməkdir. Başqa xəyallar qurmaq və ya təkliflər barədə düşünmək üçün hələ tezdir.

Həsən Quluzadə

 

Seçilən
53
idmanxeber.az

1Mənbələr