AZ

“Zenit” sona beş tur qalmış zirvəni ələ keçirdi - İCMAL

Bir neçə həftə öncə taleyi ilə barışan aşkar autsayder təsiri bağışlayan “Soçi”, deyəsən, mövsümün sonuna yaxın qarşısına möcüzə yaratmaq hədəfi qoyub.

"Football-plus.az" xəbər verir ki, ötən tur səfərdə ÇSKA 1:0 məğlub edən komanda bu dəfə açılış oyununda Rostov səfərindən də minimal hesablı qələbə ilə döndü. İlk 23 turda cəmi iki qələbəsi olan “Soçi” ardıcıl 2-ci qələbəsini qazandı! Ancaq pley-offda oynamağa imkan verən 14-cü pillə ilə hələ də arada 7 xallıq fərq var.

Batrakovun mövsümdə 13-cü qolunu vurduğu matçda “Lokomotiv” “Orernburq”u çətinliklə yenərək 2 oyunluq qələbəsiz seriyaya son qoydu. Qış fasiləsindən sonra çox zəif təsir bağışlayan ÇSKA geriləməkdə davam edir. Bu dəfə səfərdə “Krılya Sovetov”la bacarmayan “hərbçilər” 6-cı pilləyə yuvarlandılar. ÇSKA-nın ən prinsipial rəqibi “Spartak” isə əksinə, yüksəlişini davam etdirir. “Axmat”la ev oyununda artıq ilk yarıda intriqanı öldürən Moskva nəhəngi son 4 turda 3-cü qələbəsini qazandı. Həmişə xalq komandası kimi tanınan “Spartak”da legionerlərin “at oynatması” diqqəti çəkir. Təsəvvür edin, bu mövsüm komandanın vurduğu 41 qoldan yalnız 3-ü (!) yerli oyunçuların hesabındadı. Legionerlərin qollarının nəzərə alınmadığı qiyabi bir turnir cədvəli yaratsaq, “Spartak” orda aşkar fərqlə sonuncu pillədə qərarlaşar!

Liderlər üçün tur fərqli alındı. Gözlənildiyi kimi, “Zenit” Mahaçqalada ciddi müqavimətlə üzləşdi. Çünki “Dinamo” evdə istənilən rəqibə problem yaratmağa qadir olduğunu çoxdan göstərib. İkinci hissənin ortalarında Sobolev penaltini əldən verərkən düşünmək olardı ki, qonaqlar həvəsdən düşəcək. Yeri gəlmişkən, “Zenit” bu mövsüm hamıdan çox (4 dəfə) penalti qaçırıb. Amma Sergey Semakın komandası çox keçmədən avtoqol sayəsində qələbə qolunu vuraraq qızıla bərabər 3 xal qazandı. Krasnodardakı oyunun nəticəsi “Zenit”in bu qələbəsini daha da dəyərli etdi. Çünki son çempion “Krasnodar” yenə debütant “Baltika” ilə bacara bilmədi və hətta məğlubiyyətdən son anlarda xilas oldu. Bu komandaların ilk dövrədəki oyununda da bərabərlik qeydə alınmışdı (1:1). Beləliklə, sona 5 tur qalmış “Zenit” bu mövsüm ilk dəfə vahid liderliyə yüksəldi. Mövsümün gedişində “Zenit” və “Krasnodar”dan başqa “Lokomotiv”lə ÇSKA da lider olmağı bacarıb.

Dinamo Mh – Zenit 0:1
Qluşkov, 78-öz qapısına.
Zenit: D.Adamov, Drkuşiç, Diveyev, Nino, D.Santos (Veqa, 75), Barrios, Vendel (Kondakov, 75), Con (Pedro Enrike, 46), Qluşenkov (Alip, 90+3), Luis Enrike (Mostovoy, 75), Sobolev.

Krasnodar – Baltika 2:2
Boselli, 59. Jubal, 90+2 – Beveyev, 43. Petrov, 66.
Krasnodar: Aqkatsev, Qonsales (Paltsev, 71), Tormena, Kosta, Olasa, Krivtsov, Çernikov, Boselli (Kobnan, 62), Spertsyan, Batçi (Jubal, 90+1), Kordoba.

Spartak – Axmat 3:1
Barko, 21. Markinyos, 28. Fernandeş, 39 – Samorodov, 41.
Spartak: Maksimenko, Denisov (Dmitriyev, 90+1), Vu (Zobnin, 64), Ciku, Fernandeş, Litvinov, Umyarov, Solari (Massaliqa, 90), Barko, Markinyos (Martins, 72), Uqalde (Zabolotnı, 90).

Orenburq – Lokomotiv 0:1
Batrakov, 70.
Lokomotiv: Mitryuşkin, Silyanov, Morozov, Montes, Fasson, Prutsev, Karpukas (Vera, 54), Bakayev (Çevardin, 64), Batrakov, Rudenko, Vorobyev.

Krılya Sovetov – ÇSKA 1:1
Oleynikov, 65 – Bojin, 75-öz qapısına.
ÇSKA: Torop, Qayiç, Barinov, Danilov, Kruqovoy, Oblyakov, Kislyak, Karmo (Popoviç, 62), Qlebov (Alves, 43), Kozlov (Moyzes, 44), Qondu (Musayev, 62).

Nijni Novqorod – Dinamo M 1:1
Olusequn, 34 – Mariçal, 22.

Rostov – Soçi 0:1
Zaika, 89.

Rubin – Akron 1:1
Lobov, 48 – Dzyuba, 62.

1. Zenit 25 16 7 2 45-17 55
2. Krasnodar 25 16 6 3 51-19 54
3. Lokomotiv 25 13 9 3 51-33 48
4. Spartak 25 13 6 6 41-33 45
5. Baltika 25 11 12 2 36-15 45
6. ÇSKA 25 13 4 8 37-27 43
7. Dinamo M 25 9 8 8 44-36 35
8. Rubin 25 9 8 8 24-26 35
9. Axmat 25 8 7 10 30-34 31
10. Rostov 25 6 8 11 19-27 26
11. Dinamo Mh 25 5 8 12 15-31 23
12. Krılya Sovetov 25 5 8 12 26-45 23
13. Akron 25 5 8 12 31-44 23
14. Nijni Novqorod 25 6 4 15 21-40 22
15. Orenburq 25 4 8 13 24-37 20
16. Soçi 25 4 3 18 22-53 15

Bombardirlər: Kordoba (Krasnodar) – 14, Xil (Baltika), Batrakov (Lokomotiv) – 13.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Ümumilikdə pis təsir bağışlamadıq. Düzdü, ilk yarıda sürətimiz bir qədər aşağı idi. İkinci hissədə bu baxımdan istənilən səviyyəyə yüksəldik. Komandamın sərgilədiyi futbol xoşuma gəldi. Yeganə narazı qaldığım məqam fürsətləri boşa verməyimiz oldu. Hesabı erkən açsaydıq, çox güman, matçın qalan hissəsi fərqli ssenari ilə keçəcəkdi. Ancaq digər tərəfdən, mahaçqalalıların öz meydanında inamlı çıxış etdiyini də unutmamalıyıq. Onlar bu mövsüm, demək olar, bütün qələbələri ev oyunlarında əldə ediblər. Əsas odu ki, hesabımıza 3 xal yazdıq və zirvə uğrunda mübarizəni davam etdiririk”.


Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:
“Oyun səviyyəmiz məni qane etsə də, nəticə qane etmədi. Fikrimcə, fanatlar baxımlı və dinamik bir futbol izlədi. Amma təəssüf ki, bəzi kobud səhvlərə yol verdik və bunlar bizə baha başa gəldi. Döyüşkənlik və meydanda can qoymaq baxımından futbolçularıma heç bir irad bildirə bilmərəm. Fanatlarımıza təşəkkür edirəm. Stadionumuzda yenə boş yer yox idi və hər zaman olduğu kimi gözəl atmosfer var idi. Onları sevindirə bilmədiyimiz üçün üzgünük. Amma eybi yox. Hələ heç nə itirməmişik. Qarşıda hələ 5 tur var və bu oyunlarda üzərimizə düşəni etməyə çalışacağıq”.
Seçilən
45
1
football-plus.az

2Mənbələr