AZ

Netanyahu müharibədən doymur

"Elnashra" xəbər portalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Nəbatiyyə əyalətində şiə təşkilatı "Hizbullah"a məxsus hərbi hədəflərə raket zərbələri endirib. Bu barədə Musavat.com xəbər verir.
Qeyd olunub ki, Əli-Taher yüksəkliklərinə və Zutar əl-Şərqiyyə kəndinin kənarlarına hava hücumları həyata keçirilib. Hava hücumlarının nəticələri barədə heç bir məlumat verilməyib. Hücumlar İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livandakı "Hizbullah" hədəflərinə qarşı güclü zərbələr endirməyi əmr etdikdən sonra başlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Livanın cənubunda atəşkəs qüvvəyə minən 17 apreldən bəri İsrail qüvvələri atəşkəsi 200 dəfədən çox pozub. "Hizbullah"dan olan silahlılar İsrail ərazisinə doqquz dəfə raket və dron ataraq cavab veriblər.
Politoloq Kənan Novruzovun sözlərinə görə, mövcud mənzərə göstərir ki, İsrail Livanda hərbi əməliyyatları davam etdirməkdə israrlı görünür: “Əvvəl də dediyimiz kimi, İsrail baş naziri Benyamin Netanyahunun taleyi xeyli dərəcədə regiondakı hərbi-siyasi gərginliklərdən asılı vəziyyətə düşüb. İsrail hakimiyyətinin Qəzzada törətdiyi cinayətlərdən sonra xalqda Netanyahuya nifrət yaranıb. Regiondakı gərginliklər dayansa, İsrailin "düşmənləri ondan əl çəksə" xalq iqtidar əleyhinə çıxışlara başlayacaq. Netanyahu bunu başa düşür və dayanmır.
İkinci bir tərəfdən, beynəlxalq ictimaiyyət İsraili dayandıra və adekvat münasibət ortaya qoya bilmir. Bu, İsrailə növbəti hücumlar üçün şərait yaradır.
Üçüncüsü, İsrail bir tərəfdən ABŞ-nin dəstəyini hiss etdiyinə görə, digər tərəfdənsə bu dəstəyin davamlı olmasına çalışdığı üçün dayanmır. Rəsmi Təl-Əvivin hazırkı ritorikasını, o cümlədən hərbi-siyasi gücünü nəzərə alsaq deyə bilərik ki, Livanda müharibə yaxın zamanda bitməyəcək”.
Cavanşir ABBASLI
Musavat.com

 

Seçilən
59
musavat.com

1Mənbələr