AZ

İpotekada olan evi satmaq olarmı?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bəzən vətəndaşlar ipoteka ilə ev alsalar da, bir müddət sonra borcu ödəməkdə çətinlik çəkib evi satmağa məcbur olurlar. Belə ki, ipoteka krediti alan şəxs bir müddət borcunu ödədikdən sonra, maddi vaziyyətində problemlər yaşayır və ipoteka borcunu ödəyə bilmir. Bu halda borc bitməyibsə, həmin evi satmaq mümkündürmü?

Mövzu ilə bağlı iqtisadçı ekspert Firdovsi Xəlilov Banco.az-a bildirib ki, bu məsələdə təkcə ipoteka yox, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun digər layihələrinə də baxmaq lazımdır:

"Əvvəlcə, ipotekada olan mənzillərdən başlayaq. Əgər ipotekada olan mənzil satışa çıxarılırsa və borc hələ də qalırsa, ilk növbədə buna bankın razılığı olmalıdır. Əgər həmin mənzil borclu olduğu halda başqa vətəndaşa satılırsa və bir şəxsin öhdəliyi digərinə keçirsə, bu zaman yeni alıcı yenidən qiymətləndirilir. Yəni onun rəsmi gəliri, yaş kriteriyası, kredit tarixçəsi və gecikmələrinin olub-olmaması yoxlanılır. Necə ki, birinci dəfə ipoteka götürülərkən yoxlanılır, eyni qaydada həmin şəxsin mövcud ipoteka borcunu üzərinə götürə bilib-bilməyəcəyinə baxılır. Əgər mənzilin ipoteka borcu tam şəkildə bağlanarsa, bu halda satışla bağlı heç bir problem yaranmır".

Ekspert əlavə edib ki, digər növ kreditlərə gəldikdə isə, xüsusilə sosial mənzillərdə vəziyyət bir qədər fərqlidir: "Burada mülkiyyət hüququ dərhal mənzili alan vətəndaşa keçmir, müəyyən müddət ərzində dövlətin nəzarətində qalır. Adətən ilk üç-beş il ərzində satışa məhdudiyyət tətbiq olunur. Hətta borc tam ödənilsə belə, bu müddət bitmədən mənzilin satışı mümkün olmur. Məhdudiyyət müddəti başa çatdıqdan sonra isə, borc bağlanmaq şərtilə satış həyata keçirilə bilər.

Kirayə yolu ilə verilən mənzillərdə də oxşar qaydalar tətbiq olunur. Bu halda vətəndaş mənzilin mülkiyyət sahibi sayılmır, sadəcə müəyyən müddət ərzində kirayəçi kimi ödənişlər edir. Yalnız həmin müddət və ödənişlər tamamlandıqdan sonra mülkiyyət hüququ əldə olunur və bundan sonra satış mümkün olur.

Eyni zamanda, həm sosial, həm də kirayə mənzillərdə borc qaldığı halda satış və ya öhdəliyin başqa şəxsə ötürülməsi yalnız aidiyyəti qurumun razılığı ilə mümkündür".

F. Xəlilovun sözlərinə görə, bəzi istisna hallarda, əvvəlcədən müraciət etməklə və məhdudiyyət müddəti başa çatdıqdan sonra borc digər şəxsə ötürülə bilər: "Bu zaman da aidiyyəti qurumun, məsələn MİDA-nın razılığı tələb olunur. Məsələn, vətəndaş mənzilin bir hissəsini ödəyib, müəyyən edilmiş üç və ya beş illik müddəti başa vurub, lakin ödənişləri davam etdirə bilmirsə, bu halda mənzili borcu ilə birlikdə sata bilər. Ancaq bu zaman yeni alıcı da müvafiq kriteriyalara cavab verməlidir və qurumun razılığı olmalıdır.

İpoteka mənzillərində isə belə müddət məhdudiyyətləri yoxdur. Burada əsas məsələ odur ki, borc başqa şəxsə keçirilirsə, həmin şəxs qalan borcu müəyyən olunmuş müddət ərzində ödəyə biləcək maliyyə imkanlarına malik olmalıdır. Yəni onun rəsmi gəliri ipoteka şərtlərinə uyğun olmalı və dövlət ipotekası həmin məbləğdə ona tətbiq edilə bilməlidir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
21
banco.az

1Mənbələr