Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ankara, 27 aprel, AZƏRTAC
Ankara azad və güzəştli ticarət sazişlərinin sayını artırmağa çalışır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Ankarada xarici jurnalistlər üçün ölkənin investisiya mühitinin imkanlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir xatırladıb ki, Ankara ilə xarici tərəfdaşlar arasında hazırda qüvvədə olan 24 azad ticarət sazişi mövcuddur. “Türkiyə türk dövlətləri ilə, o cümlədən Azərbaycan və Özbəkistanla güzəştli ticarət sazişləri bağlayıb. Hazırda Balkan regionu və Şimali Afrika ölkələri də daxil olmaqla digər dövlətləri bu cür müqavilələrlə əhatə etmək üzərində işləyirik. Beynəlxalq ticarət əlaqələrini inkişaf etdirmək, ixrac sektorlarının rəqabət qabiliyyətini artırmaq, daha çox xarici investisiya cəlb etmək üçün zəruri addımlar atırıq”, – deyə nazir bildirib.
Ö.Bolat qeyd edib ki, ticarət əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Orta Dəhlizin inkişafı çərçivəsində Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkənin nəqliyyat sistemi və digər infrastruktur proqramlarına, layihələrinə təxminən 300 milyard dollar sərmayə yatırıb. Enerji sektorunun inkişafına isə əlavə 200 milyard dollar xərclənib.
“Bu qədər böyük həcmdə investisiya Türkiyənin infrastruktur bazasını əhəmiyyətli dərəcədə gücləndirib. Dəniz, quru, hava və dəmir yolu nəqliyyatı da daxil olmaqla bütün sahələrdə irəliləyiş əldə etmişik”, – deyə nazir bildirib.
O vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi 23 ili ərzində Türkiyə ümumilikdə 300 milyard dollar birbaşa xarici investisiya cəlb edib.
Mövzunu davam etdirən Ö.Bolat bildirib ki, Türkiyənin infrastrukturuna yatırılan sərmayələr alternativ ticarət marşrutlarının inkişafına mühüm töhfə verib: “Müharibələr və ya blokadalar da daxil olmaqla müxtəlif səbəblərdən mövcud marşrutlar fəaliyyət göstərmədiyi vaxt biz Zəngəzur dəhlizindən də istifadə edə bilərik. Bu səylər Şərqlə Qərb, həmçinin Şimalla Cənub arasında ticarət yollarının canlanmasına xidmət edir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.