Tarixi ədalətin bərpası, regionda davamlı sabitliyin təmin olunması və sülh mühitinin formalaşdırılması istiqamətində Azərbaycanın atdığı addımlar bu gün beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi də məhz bu siyasətə verilən növbəti mühüm dəyərin ifadəsidir. Bu, təkcə diplomatik uğur deyil, eyni zamanda Cənubi Qafqazda yaranmış yeni reallıqların dünya ictimaiyyəti tərəfindən qəbul olunmasının aydın göstəricisidir.
Gernika şəhərinin tarixində iz buraxmış faciələr, dinc insanlara qarşı törədilən vəhşiliklər bəşəriyyət üçün unudulmamalı dərslərdir. Otuz ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış və müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı sülhün və barışığın dəyərini dərindən anlayır. Lakin dövlət başçımızın müraciətində vurğuladığı kimi, müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit, təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalı, bəşəriyyət qarşısında sülh və barışıq naminə ortaq məsuliyyət hissi aşılamalıdır.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs artıq yalnız bəyanatlar səviyyəsində deyil, real nəticələr müstəvisində özünü göstərir. Regionda münasibətlərin normallaşması, əməkdaşlıq imkanlarının genişlənməsi və qarşılıqlı etimad mühitinin formalaşması bu siyasətin əsas uğurları sırasında yer alır. Münaqişədən sonrakı dövrdə dialoqun təşviqi, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin inkişafı sülhün praktik nəticələr verdiyini nümayiş etdirir.
Bu gün yaşıl enerji sahəsində təşəbbüslər, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, regional əməkdaşlıq platformalarının gücləndirilməsi ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
"Gernika” mükafatı Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və ardıcıl siyasəti nəticəsində Azərbaycanın regionda formalaşdırdığı sülh strategiyasına verilən yüksək beynəlxalq qiymətin bariz ifadəsidir. Bu mükafat bir daha təsdiqləyir ki, ədalətə, dialoqa və qarşılıqlı etimada əsaslanan siyasət daim dəstək qazanır. Azərbaycan bundan sonra da regionda dayanıqlı sülhün, təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində qətiyyətli və ardıcıl addımlarını davam etdirəcək.
Mahir Süleymanlı
Milli Məclisin deputatı