ain.az, Azertag portalına istinadən məlumat verir.
AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunmuş silsilə yazıları davam etdirir
Bakı, 27 aprel, AZƏRTAC
Türk dünyası təkcə ortaq tarixi keçmiş deyil, həm də dövlət sərhədlərinə və coğrafi məsafələrə baxmayaraq xalqları birləşdirməyə davam edən vahid mədəni məkandır. Bu məkanda dil, ənənələr, epik irs və dəyər istiqamətləri birləşdirici rol oynayır. Qloballaşma şəraitində tarixi yaddaş, mədəni kod və ənənələrin varisliyi məsələləri xüsusi əhəmiyyət kəsb edir. Dil və epos yalnız ünsiyyət vasitəsi və ya ədəbiyyat abidəsi deyil, həm də kimliyin və cəmiyyətin mənəvi dayanıqlığının əsaslarıdır.
AZƏRTAC Ankara Hacı Bayram Vəli Universitetinin professoru, elmlər doktoru Feyzi Ersoy ilə söhbəti davam etdirir.
- Məktəblərdə qarşılıqlı anlaşmanın inkişafı üçün hansı yanaşmalar daha səmərəlidir: ortaq mətnlər, yoxsa
müqayisəli qrammatika?
- Müxtəlif coğrafi məkanlarda fəaliyyət göstərən türk dillərinin yazılı formalarının daha dərindən mənimsənilməsi üçün
gənc nəslin onlarla sistemli və keyfiyyətli şəkildə tanış edilməsi vacibdir. Bununla yanaşı, vahid dil və mədəni məkanı formalaşdıran ümumi cəhətlərin üzə çıxarılmasına və geniş tanıdılmasına xüsusi diqqət yetirilməlidir.
İlk növbədə, ortaq söz ehtiyatı ön plana çəkilməlidir. Buraya şəxs əvəzlikləri, saylar, qohumluq bildirən sözlər, rəng adları, eləcə də əsas feillər daxildir. Bu sözlər başqa dillərdən alınmamış və dilin daxili mahiyyətini əks etdirən baza leksikasını təşkil edir. Türk yazı dillərində məhz bu sözlərin böyük hissəsi oxşardır və tədris prosesi də həmin yaxınlıq üzərində qurulmalıdır.
Ortaq mətnlər də mühüm rol oynayır. Onlar dil birliyinin və qarşılıqlı anlaşmanın formalaşmasına xidmət edən vasitə kimi təhsil prosesində geniş tətbiq olunmalıdır. Müqayisəli qrammatika isə daha mürəkkəb və ixtisaslaşmış sahədir. Buna görə də onu ali təhsil mərhələsində dərindən öyrətmək daha məqsədəuyğundur.
- Növbəti on ildə Türk dünyası üçün həyata keçirilməsini daha çox vacib hesab etdiyiniz üç mədəni layihə
hansılardır?
- Müasir dünya getdikcə daha çox rəqəmsal texnologiyalara yönəlir. Buna görə də əsas vəzifələrdən biri Türk dünyası
üçün rəqəmsal resursların yaradılmasıdır. Xüsusilə türk dillərinin müqayisəli lüğətlərini və qrammatikasını rəqəmsal formatda hazırlamaq, onları geniş oxucu auditoriyası üçün əlçatan etmək vacibdir.
Bununla yanaşı, əsas yazılı abidələri rəqəmsallaşdırmaq, izah və şərhlərlə birlikdə bütün türk xalqlarının istifadəsinə vermək mühüm əhəmiyyət daşıyır. Bu, təkcə mədəni irsin qorunmasına deyil, onun daha dərindən anlaşılmasına da kömək edər.
Bundan əlavə, Türk dünyasının mədəni müxtəlifliyi — şəhərləri, adət-ənənələri, milli mətbəxi və qeyri-maddi irsin digər nümunələri fəal şəkildə tanıdılmalıdır. Türk xalqlarının nümayəndələrinin bir-birini daha yaxşı tanıması və daha dərindən anlaması vacibdir.
Bu baxımdan Türk dünyası ölkələri və şəhərləri arasında nəqliyyat imkanları məsələsi də böyük əhəmiyyət kəsb edir. İlk növbədə, söhbət aviabiletlərin qiymətlərinin aşağı salınmasından gedir. Hazırda Türk dünyasının şəhərləri arasında uçuşlar çox vaxt Avropaya səfərlərdən daha baha başa gəlir ki, bu da əlaqələri və mübadiləni məhdudlaşdırır. Qiymət siyasətinin tənzimlənməsi səfərləri asanlaşdırar, mədəni əlaqələri gücləndirər və qardaş xalqlar arasında daha sıx ünsiyyətə şərait yaradar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.