"Azərbaycan əlbəttə ki, bizim üçün, Çex Respublikası üçün strateji tərəfdaşdır. Buna görə də Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhz buraya edirəm. Biz cənab Prezidentlə Davosda görüşmüşdük, bu səfəri razılaşdırmışdıq və burada olmağımdan şadam və şərəf hissi keçirirəm. Eyni zamanda, Sizi Praqada qəbul etmək üçün dəvəti də çatdırıram".
Aprelin 27-də Qəbələdə Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı Çex Respublikasının Baş naziri Andrey Babiş bildirirb.
Çex Respublikasının Baş nazi deyib:
"Ölkələrimiz arasında Birgə İqtisadi Komissiyanın təşkil edilməsi ilə bağlı ideya var və bizim tərəfdən bu komissiyaya birinci vitse-premyer cənab Havliçik rəhbərlik edəcəkdir. Hesab edirəm ki, bu komissiya işinə mümkün qədər tez – bu il başlamalıdır ki, biz bütün bu layihələrdə irəli gedə bilək.
Enerjiyə gəldikdə, biz Avropa İttifaqında enerjidən danışırıq. Çex Respublikası bütün liderlərə, komissiyaya və Avropa İttifaqı Şurasına dörd məktub göndərib. Bizim problemimiz var. Bizim problemimiz yaşıl razılaşma ilə bağlıdır və bu məsələ bugünkü durumundan fərqli olaraq tamamlanmaq üzrədir. Bununla da “ETS1”, “ETS2” ilə Avropa sənayesi məhv edilir, Avropanın və Avropa vətəndaşlarının həyatlarına zərbə vurulur. İndi isə Hörmüz boğazı ilə bağlı problem yaşayırıq. İndi Avropada xam neft və qaz məsələsi üzə çıxır. Biz buraya enerji ilə bağlı danışıqlar aparmaq üçün də gəlmişik, çünki Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçısıdır, 42 faiz təchiz olunur. Siz bir nömrəli təchizatçımızsınız.
Biz buraya qazın ən böyük paylayıcısı olan ÇES şirkəti ilə gəlmişik və əlbəttə ki, uzunmüddətli əməkdaşlığı, uzunmüddətli müqaviləni, ikitərəfli investisiyaları müzakirə etməyə çox şad olardıq. Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və əlbəttə ki, bizim bu məsələyə çox böyük marağımız var. Hər ikimiz etibarlı tərəfdaş olduğumuzu bilirik və bizim əməkdaşlığımız qarşılıqlı hörmətə və etibara əsaslanır. 2025-ci ildən indiyədək ticarət dövriyyəsi 1,75 milyard avro təşkil etmişdir və bu, əsasən xam neftin təchizinə görə olmuşdur. Lakin gələcəkdə şaxələndirmə üçün böyük potensial mövcuddur. Məhz buna görə, cənab Prezident, çox önəmli 50 Çex şirkətinin nümayəndələri ilə buraya təşrif buyurmuşam və Sizi bu gün burada bizimlə bir yerdə olan bu konkret şirkətlərlə tanış etmək istəyirəm. Biz enerji üzrə həllərin tam spektrini təklif edən kurasiyamızda olan bir qrup ixtisaslaşmış şirkətləri bir araya gətirmişik. Bu gün burada təmsil olunmuş şirkətlər arasında ÇES, “Inco Engineering”, “Provico”, “TTC Marconi”, “ZPA Pečky”, “ZVVZ Engineering” və “ŽDAS” var.
İcazə verin, həmçinin müdafiə sektorunda fəaliyyət göstərən bir qrup şirkəti Sizə təqdim edim və Siz artıq onlarla tanışsınız. Çex Respublikası 1939-cü ildə dünyada hərbi avadanlıq və silahların ən böyük istehsalçısı idi. Burada Çexiya və Slovakiya qrupu da təmsil olunur, birgə müəssisələr, investisiyalar, - “L-39NG Aero Vodochody”, “CSG Aerospace”, “Česká Zbrojovka”, “Colt”, “Excalibur International”, “Explosia”, “VOP CZ”, “Omnipol” və “Livance SRO Meteopress”, - biz bu layihələri müzakirə etmişik. Bütün bu şirkətlər Sizin xüsusi ehtiyaclarınıza uyğun hərtərəfli çeşiddə məhsul və inteqrasiya olunmuş həlləri təklif edirlər. Nümayəndə heyətimiz müasir nəqliyyat mühəndisliyində ən yaxşı həlləri təcəssüm etdirir. Bu şirkətlər qatarlar və dəmir yolu texnologiyasından tutmuş, qabaqcıl nəqliyyatı idarəetmə sistemi və “ağıllı” infrastruktura qədər hər şeyi təmin edirlər. Onlar bizə daha da sürətli, təhlükəsiz və dayanıqlı nəqliyyat şəbəkəsini qurmağa kömək etmək üçün buradadırlar. Əlbəttə ki, “ŠKODA Transportation” və Çexiyada çox önəmli və iqtisadi qrup olan “PPF”in üzvü olan “ŠKODA” şirkətlər qrupunun Bakı metrosunda keçirilən tenderdə uğur qazanması bizi çox şad edərdi. Həmçinin “AŽD Praha”, “CZ Loco”, “Daco” və “Tatra Export” şirkətləri də burada təmsil olunur. Burada olan bütün bu şirkətlər çox konkret layihələr təqdim ediblər və mən əminəm ki, bizimlə işbirliyi qursanız, bundan çox məmnun qalarsınız.
Həmçinin geologiya və mədən sənayesi sektorunu təmsil edən ixtisaslaşmış “Česká geologická služba və Frýdlantské strojírny”, “TR”, “SRO” şirkətlərini də təqdim etmək mənim üçün şərəfdir. Bu şirkətlər suyun idarəedilməsi və dayanıqlılıq məsələlərində ixtisaslaşmış şirkətlərdir. Burada “MEGA”, “Chemoprojekt” və maliyyə sektorunda fəaliyyət göstərən “Czech Export Bank”, “Exportní garanční a pojišťovací společnost”, analitik texnologiyalar və laborator şəbəkə xidmətləri üzrə fəaliyyət göstərən “JTH Holding” şirkətləri də var.
Bu gün müzakirələrimizin təbii ki, sənaye və iqtisadi artıma fokuslanmasına baxmayaraq, biz tərəfdaşlığın texnologiya və ticarətdən daha dərin olduğunu hesab edərək, onun, eyni zamanda, mədəniyyəti, təhsili və sosial məsuliyyəti əhatə etdiyini düşünürük. Bu kontekstdə musiqi alətləri üzrə ixtisaslaşmış və ümumdünya miqyasında tanınmış şirkət olan “Petrov”u salamlamaq istəyirəm. Bundan əlavə çox vacib məsələni də Sizin diqqətinizə çatdırmaqdan fərəh hissi keçirirəm. Burada təmsil olunan şirkət və təşkilatlardan bəziləri sosial tərəqqiyə, xüsusilə qadınların cəmiyyətdə və peşəkar sahədə roluna dərindən bağlıdırlar. Bunu nəzərə alaraq, mən Qadın Sahibkarlarının və Menecerlərinin Çexoslovak Moraviya Assosiasiyası olan “FCEM”i salamlamağa çox şadam. Bu şirkətlər müvafiq sənayelərin zirvəsini təmsil edərək onilliklər ərzində davam edən Avropa ənənələrini bu gün qlobal bazarları müəyyənləşdirən müasir innovasiyalarla birləşdiriblər. Beləliklə, şirkətlərin siyahısı budur, çox böyük maraq var idi və biz yəqin ki, siyahıya 100 şirkəti əlavə edə bilərdik. Lakin, cənab Prezident, biz düşündük ki, müəyyən seçimlər etməliyik. Beləliklə, bu siyahı Çex şirkətlərinin gözəl ölkənizə və sizinlə iş qurmağa olan marağını əks etdirir.
İndi isə şirkətləri öz təklifləri ilə çıxış etməyə dəvət edirəm. Hesab edirəm ki, bugünkü forum, əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər. Biz birgə müəssisə yaratmağa, insanlarınızı işə götürməyə, tədqiqat və araşdırmaya investisiya yatırmağa, universitetlərlə əməkdaşlıq etməyə hazırıq və ölkəmizdə böyük potensial mövcuddur".