AZ

Araşdırma: Z nəsli iki alt nəslə bölünüb

Bakı, 28 aprel, AZƏRTAC

Z nəsli artıq vahid qrup kimi qəbul olunmur. Araşdırmalar göstərir ki, onun daxilində siyasi və mədəni baxışları fərqlənən iki alt nəsil formalaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Tədqiqatçıların məlumatına görə, artıq 2024-cü ilə qədər bu nəsil siyasətə, ictimai institutlara və texnologiyalara münasibət baxımından qəti şəkildə iki hissəyə ayrılıb. Bildirilir ki, gənc kişilər daha çox sağ baxışlara meyil göstərirlər. Fərqlər yalnız seçki üstünlüklərində deyil, həm də brendlərə, kütləvi informasiya vasitələrinə və ictimai rəy liderlərinə etimad səviyyəsində özünü göstərir.

“Z nəsli 1.0” və “Z nəsli 2.0” anlayışlarını “The Up and Up” bülleteninin müəllifi Reyçel Canfaza irəli sürüb. Onun sözlərinə görə, birinci qrupa daxil olanlar məktəbi pandemiyadan əvvəl bitiriblər və “TikTok”un hələ geniş yayılmadığı dövrdə, “Black Lives Matter” hərəkatının fonunda formalaşıblar. İkinci qrup isə təhsilini pandemiyadan sonra başa vurub, karantin məhdudiyyətləri, maska rejimi və distant təhsil dövrünü yaşayıb.

Canfaza vurğulayır ki, müasir tarixdə heç bir nəsil belə miqyaslı pandemiya və ünsiyyət üsullarında, eləcə də mədəni davranışlarda bu qədər sürətli dəyişikliklərlə üzləşməyib.

“Edelman’s Gen Z Lab” şirkətinin bölməsinin nümayəndəsi Amanda Edelman qeyd edir: “Z nəsli 1.0” Trampın ilk prezidentlik dövründə yetkinləşib və sağ qüvvələrə qarşı etiraz edib, lakin “Z nəsli 2.0” gəlişi ilə böyük əks reaksiya başlanıb.

2026-cı ilin yazında Yel Universitetinin sorğusu göstərib ki, 18-22 yaşlı seçicilərin 52 faizi Konqres seçkilərində demokratları dəstəkləyib. Bu, əvvəlki illə müqayisədə dönüş hesab olunur, çünki bir il əvvəl respublikaçıların üstünlüyü təxminən 12 faiz bəndi idi.

“Edelman” şirkətinin araşdırmaları gənclər arasında jurnalistlərə, baş icraçı direktorlara və hətta digər istehlakçılara etimadın azaldığını göstərir.

Canfaza hesab edir ki, pandemiya dövründə hakimiyyətdə olan böyüklər “həqiqətən də Z nəslinin etimadını sarsıdıblar”, onları bu məhdudiyyətlər şəraitində özlərini “təcrübə dovşanları” kimi hiss etməyə vadar ediblər.

Müşahidəçilərin fikrincə, Z nəslinin daxilindəki parçalanma daha da dərinləşəcək. Onun yaşca böyük və kiçik nümayəndələrini ayıran illər, əvvəlki vəhdət anlayışını artıq dağıdıb.

Seçilən
2
9
azertag.az

10Mənbələr