Cütlüklər arasında məişət konfliktlərinin tamamilə qarşısını almaq mümkün deyil, lakin onların sayını azaltmağın iki yolu var: birincisi, münasibətin əvvəlində həyat tərzi qaydalarını və normalarını müzakirə etmək, ikincisi isə məişət adiləşəndə görüşlərə və birgə istirahətə daha çox diqqət ayırmaqdır. Bu barədə “Gazeta.Ru”ya Piroqov adına Universitetin Klinik Psixologiya və Sosial İş İnstitutunun direktoru, psixoloq Vera Nikişina bildirib.
Onun sözlərinə görə, insanlar münasibətə yeni başlayanda əsasən emosional hisslərə fokuslanırlar. Bu mərhələdə gündəlik vərdişlər, davranışlar və məişət qaydaları ikinci plana keçir, çünki romantik hisslər bunları kölgədə qoyur. Lakin sonradan məhz bu detallar birgə həyatın əsas hissəsinə və konfliktlərin səbəbinə çevrilir və hətta münasibətləri poza bilər.
“Emosional atmosfer tamamilə yox olmur, amma dəyişir. Ön plana həyat təcrübələrinin, vərdişlərin və baxışların uyğunluğu və ya uyğunsuzluğu çıxır. Əgər bu sahələr üst-üstə düşməzsə, bu, gizli və ya açıq konfliktlərə səbəb ola bilər. Buna görə də münasibətin əvvəlində əsas məsələlər üzrə razılaşmaların olub-olmaması vacibdir: dəyərlər, vərdişlər və həyat tərzi qaydaları. Həmçinin hansı uyğunsuzluğun daha vacib olduğunu müəyyən etmək lazımdır”, – psixoloq deyib.
Məsələn, əgər bir tərəf üçün evdə təmizlik və səliqə çox vacibdirsə, digər tərəf üçün bu əhəmiyyət daşımırsa, bu, demək olar ki, qaçılmaz münaqişələrə gətirib çıxarır. Əgər başlanğıcda ümumi razılaşmalar əldə olunmazsa, belə münasibətlərin gələcəyi çox da uğurlu olmur.
Nikişinanın sözlərinə görə, bəzən münasibətlərdə emosional coşqu azaldıqda insanlar şüuraltı olaraq həmin “emosiyanı” geri qaytarmağa çalışırlar və bunu süni konfliktlər vasitəsilə edirlər. Mübahisələrə isə qabların yuyulmaması, corabların atılması kimi xırda məişət səbəbləri bəhanə ola bilər. Buna görə də hər konfliktin əsl səbəbini anlamaq vacibdir — bu, romantikanın çatışmazlığı da ola bilər.
Psixoloqun fikrincə, hər bir mübahisədə səbəb aydın müəyyən edilməlidir. Bunun üçün üç sual vermək olar: konflikt emosional yaxınlığın azlığından yaranırmı, yoxsa mübahisə emosional gərginlik yaratmaq üçün istifadə olunur, ya da problem birgə həyatla bağlı baxışların uyğunsuzluğundadır və bu, qarşılıqlı anlaşmanı çətinləşdirir.